AzTehsil.com


Xəbərlər / Müəllim
12 yanvar 2020
3 905


Rusiyanın ən yaxşı riyaziyyat müəllimi iş təcrübəsini bölüşür



Rusiyanın ən yaxşı riyaziyyat müəllimi iş təcrübəsini bölüşür

 

Sənaye inqilabları dövründə gənc nəslin XXI əsr bacarıqlarına hazırlanması təhsil sistemləri, məktəb, müəllimlər qarşısında bir sıra aktual vəzifələr qoyur. Hərtərəfli, kreativ düşüncə tərzinə, yüksək analitik təhliletmə qabiliyyətinə, müasir səriştə və bacarıqlara malik istedadları necə aşkar etməli?
 
Bu sahədə iş necə təşkil olunmalıdır? Dağıstandan olan riyaziyyat müəllimi Gülmira Yusifovanı doğma respublikada, pedaqoji fəaliyyətlə məşğul olduğu Dərbənd şəhərində yaxşı tanıyırlar. Onun adı Rusiyanın 100 ən yaxşı riyaziyyat müəllimi arasında çəkilir. İstedadların hazırlanması sahəsində iş təcrübəsi muxtar respublikada, Rusiyada geniş yayılıb. "Azərbaycan müəllimi”  qəzetinə müsahibəsində Gülmira  xanım öz iş təcrübəsini bölüşdü.

Tanıtım: Gülmira Yusifova 20 yanvar 1972-ci ildə Dərbənd şəhərində anadan olub. 1978-ci ildən 1988-ci ilədək 3 nömrəli orta ümumtəhsil məktəbində təhsil alıb. 1988-1993-cü illərdə Dağıstan Dövlət Universitetinin (DDU) riyaziyyat fakültəsində oxuyub. Universiteti bitirdikdən sonra riyaziyyat müəllimi kimi 1993-1994-cü illərdə 20 nömrəli, 1994-2007-ci illərdə 4 nömrəli orta məktəblərdə işləyib. Rusiyanın fəxri ümumtəhsil işçisi, 2013-2017-ci illərdə riyaziyyat müəllimlərinin Respublika yaradıcılıq müsabiqəsinin qalibi, Rusiya prezidentinin "Ən yaxşı müəllim” qrantının sahibidir. Riyaziyyat üzrə Vahid Dövlət İmtahanı Ekspert Komissiyasının üzvüdür. 2007-ci ildən bu günə qədər 3 nömrəli gimnaziyada riyaziyyat fənnini tədris edir. 2017-ci ildən etibarən Dağıstan Respublikasının riyaziyyat müəllimləri üçün müntəzəm olaraq veb - seminarlar və ustad dərsləri keçir. 2017-ci ildə "İstedadlı uşaqlarla işin metodik-psixoloji aspektləri” məqaləsi ilə  IV Respublika elmi-praktik konfransda çıxış edib. 2018-ci ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetində riyaziyyat müəllimlərinin Ümumrusiya qurultayında istedadlı uşaqlarla iş üzrə məruzə ilə çıxış edib. Məruzə hamının marağına səbəb olub və nəşrə hazırlamağı xahiş ediblər.

- Gülmira xanım, bizim dövrdə riyaziyyata artan marağı necə izah edərdiniz?

- Hər şey çox sadədir. Son illərdə sivilizasiyanın və cəmiyyətin özünün inkişafında başlıca diqqət informasiya texnologiyalarına yönəldilir. Ancaq bu texnologiyaların uğurlu inkişafı üçün savadlı proqramçılar, elmin və texnikanın müxtəlif istiqamətləri üzrə bacarıqlı mühəndislər tələb olunur. Diplomlu mütəxəssislər yox, məhz seçdikləri və ali təhsil müəssisələrində öyrəndikləri ixtisaslara mükəmməl sahib olan savadlı insanlar tələb olunur.

Riyaziyyat ağlı nizama  alır. Səbirli olmağa və diqqəti qoyulmuş məsələlərin həllində cəmləşdirməyi öyrədir. Riyaziyyat inadkarlığı, məntiqi keyfiyyətləri inkişaf etdirir, düşüncənin sərhədlərini genişləndirir, gözlənilməz həlləri tapmağa kömək edir. Buna görə də məktəb illərində riyaziyyatı yaxşı mənimsəmiş insan seçdiyi ixtisas sahəsində də uğur qazana bilir.

Riyaziyyatın seçilmiş gələcək peşədə profil fənni olub-olmaması vacib deyil, lakin əsas baza olan riyazi anlayışlar və müddəalar, biliklərin fərdin yaradıcılıq fəaliyyətində böyük köməyi olacaq. Bir çox müasir peşələr kifayət qədər yaxşı səviyyədə riyazi bilik tələb edir. Riyaziyyata artan maraq da buradan qaynaqlanır.

- Şagirdlərdə riyaziyyata marağı necə oyatmaq olar?
- Bir uşaq məktəbə gəldikdə, çox şey onun diqqətini çəkir. Xüsusilə də ilk müəllimi - onun diqqəti, isti münasibəti və xeyirxahlığı. Uşaqların bir çoxu məktəbə gələndə artıq oxumağı, yazmağı, sadə problemləri həll etməyi bilirlər. Uşaqlarda riyaziyyata maraq oyatmaq üçün ev tapşırıqlarına, sadə də olsa, bir və ya iki olimpiada xarakterli misal əlavə etmək və onlardan tapşırıqları valideynlərin nəzarəti olmadan həll etməyi xahiş etmək faydalıdır. Tapşırıqlar müxtəlif mövzularda və maraqlı olmalıdır. Məsələlərin həllini dərslərdə bütün şagirdlərlə müzakirə etmək də faydalıdır.

İbtidai məktəbdə oyun şəklində dərslər riyaziyyata qarşı böyük maraq oyadır. Xüsusilə də bir məktəbdən və ya müxtəlif məktəblərdən olan bir neçə komandanın iştirakı ilə oyunlar maraq kəsb edir. Oyun şəklində təşkil olunan dərslərdə, uşaqlar öz aralarında rəqabət aparırlar, hətta kifayət qədər çətin mövzular belə, daha asan mənimsənilir. Qalib gəlmək arzusu onlara təslim olmamaqda, diqqəti mürəkkəb məsələlərin həllini tapmağa yönəltməkdə və  gözlənilməz həlləri tapmaqda kömək edir .

Yuxarı siniflərdə isə, xüsusilə də çox sayda iştirakçı ilə təşkil olunan olimpiadalar daha səmərəlidir. Mütəmadi olaraq keçirilən bilik yarışları məktəblilərin istəyini motivasiya etməyə, fənn üzrə müəyyən uğurlar qazanmağa və liderliyə can atmağa kömək edir. Məşqçi müəllim kimi çalışdığım məktəblilərin "Ümid” mərkəzində 4-cü sinifdən başlayaraq müxtəlif vaxtlarda, bütün tədris ili ərzində respublika səviyyəli üç olimpiada keçirilir. Noyabrın 23-də IV-XI siniflər üçün keçirilən sonuncu "Pifaqor” olimpiadasında 1300 məktəbli iştirak edib. İstedadlar məhz  bu cür olimpiadalarda tez-tez aşkar olunur, onları sonradan riyaziyyat dərnəklərinə dəvət edirik.

Lakin məktəblilərin bacarıqlarının inkişaf etdirilməsində riyaziyyat müəlliminin rolu da vacibdir. Əgər müəllim öz fənninə ürəkdən bağlıdırsa, onda o, şagirdlərini də  tədris prosesinə cəlb edir. Belə bir mühitdə, əminəm ki,  həmişə riyaziyyatı sevəcək şagirdlər olacaq. Və istedadlar özlərini göstərəcəklər.

 Sizcə, istedadlı uşaqlarla iş təhsilin ilk səviyyəsindən təşkil olunmalıdır?

- Çətin sualdır, hərçənd ki, sadə görünür. Əgər bu, ixtisaslaşdırılmış məktəb deyil, ümumi təhsil müəssisəsidirsə, onda istedadlı uşaqlar elə də çox olmur, paralel siniflərin hər birində bir neçə nəfər ola bilər. İlk növbədə, dərslərdə  adi ev tapşırıqlarından başqa, həftədə heç olmasa bir dəfə şagirdlərin bəzilərinə əlavə tapşırıqlar olan vərəqlər verilməlidir. Uşaqların heç də hamısı, müəllimin fikrincə, bacarıqlı deyil. Şagird yüksək çətinlik dərəcəsi olan məsələlərin həllini öhdəsinə götürməyə və ya götürməməyinə özü qərar verməlidir.

Çox vaxt  öz sinif yoldaşları arasında açıq-aydın seçilən bacarıqlı şagirdlər xüsusən də özlərini mürəkkəb məsələlərin həlli ilə yükləməyə çalışmırlar. Belə şagirdlər üçün onsuz da rahatdır. Onlar onsuz da  sinifdə liderdir! Məktəb materialı onlar üçün çətinlik yaratmır və davamiyyətləri də əladır. Buna görə də çalışmağa hazır olanları və çətinliklərdən qorxmayanları cəlb etmək vacibdir.

Deyək ki, əvvəlcədən bu şagirdlər ən güclü olanlar deyil, hər şeyi anlamırlar. Amma addım-addım, müəllimin köməyi və öz şəxsi səyləri sayəsində onlar çox tezliklə lider olurlar. Ona görə də məktəbdə dərnək işini qaydaya salmaq lazımdır.

Şagirdlər mütəmadi olaraq istədikləri mövzu üzrə dərnəklərdə məşğul olmalıdırlar. Bundan əlavə, fakültativ məşğələlər təşkil etmək imkanı da var. Və ya yüksək çətinlik dərəcəli mövzular üzrə effektiv məşğələlər və ya olimpiada mövzulu dərslər təşkil oluna bilər. Bir daha demək istəyirəm ki, istedadlı müəllimin ətrafında həmişə bacarıqlı uşaqlar peyda olur, onlarla işləmək olar və lazımdır.

- Siz istedadlı uşaqları necə müəyyən edirsiniz?

-  İlk dərslərimdən şagirdlərin sualları necə - dərindən və ya səthi cavablandırmasını izləməyə çalışıram. Tez-tez onlara 10-15 dəqiqəlik müstəqil iş verir, aldıqları qiymətləri jurnalda qeyd edirəm. Təəssüf ki, ev işlərinin yoxlanılması gedişində valideynlərin müdaxiləsi və internetdən hazır həllərin götürülməsi halları gözə dəyir. Zaman belədir. Bir çox şagirdlərin müstəqil işlərə görə aldıqları pis qiymətlərin məni məyus etdiyini büruzə verməməyə çalışıram. Amma bir neçə ay keçir, uşaqlar sinifdə və evdə sərbəst işə alışırlar. Və çoxlarının, hətta ən zəif şagirdlərin nəticələri yaxşıya doğru dəyişir. Sinifdə işlək mühit və  şagirdlərin əksəriyyətində riyaziyyata hörmət və sevginin baş qaldırdığı vəziyyət yaranır.

Şagirdlərlə hər bir görüşümdə öz münasibətimlə onlara dərsimə nə qədər ciddi yanaşdığımı anlatmağa çalışıram. Şagirdlərimə də dərsə eyni münasibət bəsləməyi aşılayıram. Belə bir sinifdə riyazi qabiliyyətləri daha yaxşı inkişaf edən şagirdləri tapmaq və ayırmaq çətin deyil. Belə şagirdləri  özümün və ya riyaziyyatçı həmkarlarımdan birinin məşğələlər apardığı dərnəyə dəvət edirəm. Əgər dərhal öz qeyri-adi düşüncəsi ilə seçilən şagirdə rast gəlirəmsə, onda onun əməksevərliyini yoxlayıram. Ağıllı olmaq azdır, həm də  yüksək ağırlıq dərəcəsi olan məsələləri həll edərkən çətinlikləri aradan qaldırmaqdan qorxmamaq lazımdır.

 Bizim respublikada bir neçə şəhərdə məktəblilərin "Ümid” mərkəzinin riyaziyyat dərnəkləri  fəaliyyət göstərir. Belə bir dərnək yaşadığım və işlədiyim Dərbənddə də var. Bu dərnəkdə  mən öz qrupumla məşğələlər aparıram.  Dərnəkdə şəhərin müxtəlif məktəblərindən olan uşaqlar təhsil alırlar. Mənim şəhər qrupumda işlədiyim gimnaziyadan bir şagird var, qalanları isə digər məktəblərin şagirdləridir. Şagirdlərimdə riyaziyyata sevgi aşılamağa və öz iş təcrübələrimi məktəb, şəhər və respublikadan olan həmkarlarımla bölüşməyə çalışıram.

 Yetirmələrimin olimpiadalarda qələbə qazanması mənim üçün xoşdur. Xoşdur ki, onlar dərslərə gəlirlər və məni özlərinin məşqçiləri adlandırırlar. Onların sayəsində anladım ki, "başqaların uşaqları” olmur. Onların hamısı bizimkidir. Bir halda ki, onlar mənə gəldilər, deməli, mən onlara cavabdehəm.

- İstedadlı uşaqlarla iş sahəsində hansısa bir universal yanaşma olmalıdırmı?
- Uşaqlar uşaqdır. Dərhal hansısa bir xarici əlamətə görə uşağın istedadlı olub-olmadığını necə müəyyən etmək olar? Belə bir universal üsul yoxdur və çətin ki, olacaqdır. Çünki hər bir insan unikaldır.

Amma hər bir müəllim, əgər o öz işinə bağlıdırsa, istedadlı uşaqlarla iş sahəsində öz yanaşmasını hazırlaya bilər. Əvvəlcə işləməyə başladığın hər bir şagirdin meyil və maraqlarını müəyyən etmək vacibdir. Sonra şagirdin əməyə meyilliliyini və nəticələrə nail olmaq bacarığını müşahidə etmək lazımdır. Bundan əlavə, istedadlı uşaqlarla iş üzrə hazırlıq proqramını düşünmək lazımdır, xüsusən də ona görə ki, həm olimpiadalara hazırlıq, həm də ali məktəblərə qəbul üçün hazırlıq məsələləri toplularının geniş seçimi var.
 muallim.edu.az 
 



Загрузка...
Həmçinin oxuyun: