Müstəqil Azərbaycan dövləti hər bir sahədə olduğu kimi, təhsil sahəsində də öz sistemli fəaliyyətini günü-gündən gücləndirir. Bu gün qarşıda duran ən mühüm vəzifə mükəmməl təhsil sisteminin qurulması işini dövrün tələbləri çərçivəsində həll etməkdir.
Təhsil prosesində istedadlı şagirdlərin müəyyən edilməsi, onlarla işin təşkili formaları və istedadlı şagirdlərin yetişdirilməsi bu gün pedaqoji sistemdə qarşıda duran və həll edilməsi vacib olan məsələlərdəndir ki, bu sahədə son illər xeyli işlər görülmüşdür.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Xüsusi istedada malik uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramının (2006-2010-cu illər)” təsdiq edilməsi haqqında sərəncamı bu işə çox böyük təkan verdi. Sərəncam verildikdən sonra Azərbaycanda istedadlı uşaq və gənclərin səmərəli təhsil almaları üçün ölkəmizdə xeyli sayda yeni tipli tədris müəssisələrinin şəbəkəsi genişləndirilmiş, istedadlı şagirdlərin təhsil aldığı lisey, gimnaziyalarda təhsilin məzmununu müasir tələblərə uyğunlaşdırmaq üçün yeni tədris plan və proqramları hazırlanaraq tətbiq edilməsinə başlanılmışdır. Həmin tədris planında seçmə fənlərin qeyd olunaraq, onlara ayrıca saatların ayrılması şagirdlərdə istedad potensialının aşkara çıxarılıb formalaşdırılmasına, onlarla görüləcək iş sisteminin təkmilləşdirilməsinə və dəqiqləşməsinə yol açdı.
Hazırda ölkəmizdə davamlı təhsil islahatları aparılır ki, onun da əsas mahiyyəti həm milli, həm də ümumbəşəri dəyərlərə sahib olan, müstəqil ideya yürütməyi bacaran, cəmiyyətin hər bir sahəsində fəallıq göstərən şəxsiyyət yetişdirməkdir. Belə məqsədin qarşıya qoyulması və bunun təhsil qanununda öz əksini tapması, istedadlı şagirdləri ortaya çıxarmağa və onların hansı xüsusiyyətləri daşıdığını sistemləşdirməyə ehtiyac yaradır.
Ümumiyyətlə, qeyd edilməldir ki, istedadlı şagirdlərin müəyyənləşdirilməsi və onlarla aparılan iş formalarının təşkili həm müəllim, həm məktəb kollektivi, həm də valideynlər tərəfindən qarşılıqlı şəkildə müntəzəm aparılmalıdır.
İstedadlı şagirlərlə iş apararkən iki cəhəti nəzərə almaq lazımdır;
1) istedadlı şagirdlərlə məktəb daxilində işlərin aparılması;
2) istedadlı şagirdlərlə məktəbdənkənar işlərin aparılması.
Hər iki halda yenə də məktəb və ailə birgə fəaliyyət göstərməlidir, çünki bəzən uşaqda olan istedadı valideyn müəyyən edir və sinif rəhbərinə, yaxud da məktəb rəhbərliyinə məlumat verir.
İstedadlı şagirdlərlə məktəb daxilində aparıla biləcək iş formalarını aşağıdakı kimi qruplaşdırmağı məqsədəmüvafiq hesab edirik:
1) Ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin arasında istedadlı uşaqları müəyyən edərək, istedadlı şagird bankının yaradılması. Bu bank ilkin informasiya xarakteri daşıyır. Belə ki, istedadlı şagird bankının yaradılması üçün ilk növbədə istedadlı şagirdləri müəyyən sistem üzrə qruplaşdırmaq lazımdır ki, burada həmin şagirdlərin meyil, maraq, hədəf və məqsədləri dəqiqləşdirilir. İstedadlı gənclərin meyil, maraq və hədəfləri müəyyən edildikdən sonra onlar haqqında ilkin təsəvvür formalaşacaq, yəni "istedadlı şagird” anlayışına aydınlıq gələcək. İstedadlı şagird bankında istedadlı şagirdlər haqqında məlumat öz əksini tapır.
2) İstedadlı gənclərin meyil, maraq və hədəfləri müəyyən edildikdən sonra "xüsusi istedadlı şagirdlər” ayrıca qruplaşdırılır, çünki istedadlı şagirdlər istedad və qabiliyyətinin səviyyələrinə görə də bir-birindən fərqlənir. Onlar bacarıq və qabiliyyətlərini bir fəndə və ya bir neçə fəndə göstərə bilərlər. Məsələn, mümkündür ki, şagirdin riyazi bilikləri çox yüksəkdir, o bu sahədə istedadlıdır.
Buna baxmayaraq, onun rəsm çəkməkdə xüsusi qabiliyyəti yoxdur və ya şeir əzbərləməkdə çətinlikləri var. Bu fakt bizə əsas vermir ki, belə şagirdlərə istedadsız deyək. Deməli, istedadlı şagird dedikdə hərtərəfli bilik və bacarıqları olan (yəni burada biz hər bir tədris fənni və ya elm sahəsi üzrə bütün biliklərə sahib olmanı nəzərdə tuturuq) şagird nəzərdə tutulmur, vurğuladığımız kimi hərtərəfli inkişaf etmiş şagirdin olması da mümkünsüz olardı.
Belə olan halda həmin şagirdlərlə iş apararkən onlar üçün xüsusi dərnəklər təşkil olunmalıdır. Məsələn, şeir demək qabiliyyəti olanları məktəblərin nəzdində fəaliyyət göstərən ədəbiyyat və ya şeir dərnəyinə, musiqi duyumu yüksək olan və ya yaxşı səsə sahib şagirdləri musiqi dərnəyinə, rəsm çəkmək qabiliyyəti olanları rəsm dərnəyinə, gözəl əl qabiliyyəti olan (toxuculuq işini bacaran, müəyyən qurğular və cihazlar hazırlayan və s.) şagirdləri müvafiq dərnəklərə yönləndirmək olar.
3) İstedadlı şagirdlərlə iş apararkən onları həm məktəb daxilində təşkil olunan, həm də məktəblərarası bilik yarışmalarına cəlb etmək lazımdır.
4) İstedadlı şagirdlərlə işin təşkili formalarından biri də onları müəyyən fənlər üzrə fənn olimpiadalarına cəlb etməkdir. Bu həmin şagirdlərin istedadının inkişafına geniş imkanlar açar.
5) İstedadlı şagirdlərin istedadının inkişafına yol açan iş formalarından biri də onların müəyyən sahə üzrə istedadı müəyyən edildikdən sonra onları əlavə məşğələlərə cəlb etməkdir. Müəllim şagirddəki istedadı müəyyən etdikdən sonra onun istedadını inkişaf etdirmək üçün həmin şagird və ya şagirdlərə əlavə məşğələlər təyin edir.
6) İstedadlı şagirdlər üçün "Kiçik Akademiya”ların təşkil olunması, xüsusi istedadı ilə seçilən şagirdləri müvafiq elm sahəsində tanınan alimlərin elmi kəşfləri ilə tanış olmağa yönləndirmək və onların elmi himayəsində çalışmağa şərait yaratmaq lazımdır. Bu zaman həmin şagirdlərdə tədqiqatçılıq bacarığı formalaşır ki, məktəblər istedadlı şagirdlərlə iş apararkən bu istiqaməti diqqətdən qaçırmamalıdır.
7) Ölkəmizin nüfuzlu ali təhsil müəssisələrindən, Azərbaycan Milli Elmlər Akademiyasının müvafiq institutlarından tanınmış alimləri məktəblərə dəvət edərək, istedadlı şagirdlərin belə alimlərin ustad dərslərinə qulaq asmalarına şərait yaratmaq məqsədəuyğundur. Bunun, onların dünyagörüşünün formalaşmasına, elmi prosesə daha ciddi yanaşmalarına təkan verəcəyinə inanırıq.
8) Ali məktəblərin nəzdində fəaliyyət göstərən lisey və gimnaziyaların yaradılması istedadlı şagirdlərin dünyagörüşlərinin formalaşmasına, elmə olan həvəslərinin daha da artmasına imkan yaradacaqdır.
9) İstedadlı şagirdlərin elmə olan maraq və həvəslərinin artması üçün onlara təqaüd ayrılması, həmçinin göstərdikləri bacarıq və qabiliyyətlərə görə fərqlənən şagirdlərə müvafiq medalların verilməsi, digər şagirdlərin də elmə marağının artmasına səbəb olar.
10) Digər ölkələrin qabaqcıl təhsil müəssisələrinin bu sahədəki təcrübələrindən, onların istedadlı şagirdlərə tətbiq etdiyi müasir iş formalarından yararlanmaqla istedadlı şagird bankının daha da inkişaf etməsinə nail olmaq önəmli məsələdir. Həmçinin belə qabaqcıl məktəblərin istifadə etdiyi dərsliklər və dərs vəsaitlərinin elmi-metodiki sistemindən, müəllimlərinin dərs metodlarından yaradıcı şəkildə bəhrələnmək lazımdır. Belə olan halda istedadlı gənclərimizin beynəlxalq səviyyəli yarışlarda iştirakı və uğur qazanması mümkündür.
11) İstedadlı şagirdlərlə iş formalarından biri də respublikadakı bütün istedadlı şagirdlərin birliyini, dərnəyini yaratmaq, həmin birliyin tədbirlərini təşkil etməkdir, burada toplanan istedadlı şagirdlərin arasından ən istedadlılarını seçmək onların beynəlxalq olimpiadalarda iştirakına şərait yaradacaqdır.
12) İstedadlı şagirdlərin istirahətini təmin etmək üçün həm qış, həm də yay aylarında müəyyən təlim və istirahət düşərgələrinin yaradılması onların həm istirahətini, həm də təhsillərini davam etdirməyə imkan yaradacaqdır.
13) İstedadlı şagirdlərlə bağlı iş apararkən qeyri-hökumət təşkilatlarının da bu işə cəlb olunmasını təmin etmək lazımdır. Belə ki, istedadlı şagirdlərin həm təhsil aldığı məktəbə, həm də ölkəmizə xeyli maddi vəsait gətirmək qabiliyyəti olduğunu nəzərə alsaq, sponsorların da bu işdə iştirakı mümkündür. Eləcə də bu gün fəaliyyət göstərən müxtəlif xeyriyyə cəmiyyətləri də istedadlı şagirdlərə dəstək olmağa kömək edəcəkdir.
14) İstedadlı şagirdlərlə iş apararkən kütləvi informasiya vasitələrinin köməyindən də istifadə etmək lazımdır. Müxtəlif yarışlarda qalib gəlmiş şagirdləri verilişlərə dəvət etmək, onların təlim və istirahət formalarını işıqlandırmaq elmə olan marağının daha da artmasına şərait yaradacaqdır.
Məktəbdən kənarda da istedadlı şagirdlər üçün xüsusi şərait yaradılmalıdır. Burada əsas iş valideynlərin üzərinə düşür. Onlar uşaqlarında olan istedadı müəyyən etdikdən sonra onları müəyyən məktəblərə cəlb edə bilər. Məsələn, rəsm qabiliyyəti olan şagirdləri rəssamlıq, musiqi istedadı olan şagirdləri musiqi, rəqs etmək bacarığı olan şagirdləri rəqs, şahmat oynamağı bacaran şagirdləri şahmat məktəbinə və s. qoymaq onların istedadının inkişafına geniş imkanlar açacaqdır.
İstedadlı şagirdlərlə iş aparmaq aşağıdakı səmərəli nəticələrin əldə olunmasına imkan verir:
1) İstedadlı şagirlərlə iş apararkən hər zaman müəllim, məktəb kollektivi, ailə birgə fəaliyyət göstərməli, belə şagirdləri vaxtında aşkar etməlidirlər. Bu da məktəb və valideynlər arasında olan əlaqələrin daha da möhkəmlənməsinə, səmərəli qarşılıqlı fəaliyyətin qurulmasına gətirib çıxarır.
Bütün bu qeyd edilənlərə baxmayaraq, istedadlı şagirdlərin özlərinin də digər şagirdlər kimi uşaq olduğunu unutmaq olmaz. Belə şagirlərlə iş formaları seçərkən onların yaş və fərdi xarakter xüsusiyyətləri nəzərə alınmalıdır. Həmçinin zehni, fiziki cəhətdən digər şagirlərdən üstünlüyünü görüb onlarla böyüklər kimi davranmaq olmaz.
2) İstedadlı şagirdlərə olan dövlət qayğısı cəmiyyətdə elmə olan marağın, diqqət və həvəsin artmasına imkan yaradacaq, digər şagirdlərin də elmə istiqamətlənməsinə imkan verəcəkdir. Bundan başqa, istedadlı şagirdlərlə iş aparan məktəb və müəllimlərin peşəkarlıq səviyyəsi yüksələcəkdir.
3) İstedadlı şagirdlərlə iş apararkən beynəlxalq təcrübəyə əsaslanmaq, müasir təhsil sistemimizi dünyanın ən qabaqcıl təhsil müəssisələri ilə əlaqə yaratmağa, onların təcrübəsindən bəhrələnməyə imkan verəcəkdir.
4) İstedadlı şagirdlərlə iş formaları təşkil olunarkən təhsil sahəsində, tədris proqramında, tədris metodlarında dəyişikliklərin olması mütləq olacaq və bu da təhsilimzin beynəlxalq arenada özünəməxsus yer tutmasına kömək edəcəkdir.
İstedadlı şagirdlər ölkəmizin gələcəyi üçün çox mühüm insan kapitalıdır. Onlar elmin, incəsənətin, iqtisadiyyatın istənilən sahəsində və eləcə də digər sahələrdə Azərbaycanı həm ölkə daxilində, həm də dünyada layiqincə təmsil edəcək və təhsilimizin inkişafına əvəzsiz töhfələr verəcəkdir. Bununla da, cənab Prezidentimizin də qeyd etdiyi kimi, neft kapitalımız intellekt kapitalına çevriləcəkdir.
Səbinə Məmmədova, Füzuli rayon 5 nömrəli tam orta məktəbin direktoru