Ölkə Prezidentinin sərəncamı ilə təsdiq olunan "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın imzalanmasının 6 ili tamam olur.
Dövlət Strategiyasının qəbulundan ötən müddət ərzində təhsilin məktəbəqədər, ümumi, peşə, orta ixtisas və ali olmaqla, bütün pillələri üzrə nəzərdə tutulan hədəflərin həyata keçirilməsi istiqamətində işlər görülüb.
Strategiyanın qəbulundan ötən altı il ərzində təhsildə hansı dəyişikliklər, nə kimi yeniliklər baş verib?
Azərbaycan Respublikasının Təhsil İnstitutunun direktor müavini, kurikulum mütəxəssisi Ənvər Abbasov AzEdu.az-a açıqlamasında bildirib ki, yeni təhsil məzmununun yaradılması istiqamətində standart və kurikulumların hazırlanmasına dair işlər aparılıb:
"Proses bu gün də davam etməkdədir. Təhsilin məzmunu nə qədər mükəmməl, təkmil olarsa, digər məsələləri həll etmək də mümkün olar. Yeni resursların yaradılması, müəllim kadrların hazırlığı ilə bağlı xeyli işlər görülüb. Son dövrlərdə müəllimlərin seçilməsi və təkmilləşdirilməsi istiqamətində işlər aparılır, onların yeni tələblərə uyğun inkişaf etdirilməsi məqsədilə çoxlu tədbirlər həyata keçirilir. Yeni qiymətləndirmə sisteminin formalaşdırılması üçün ardıcıl işlər aparılır. Xüsusilə, son dövrlərdə məktəbdaxili qiymətləndirmə işi təkmilləşdirilib. Məktəblərdə keçən ildən bəri yeni qaydalar əsasında işlər görülür. Şagirdlərin təlim yükünün azadılması, məktəbin artıq yükdən azad olunması baxımından bu qaydaların əhəmiyyəti var”.
Ənvər Abbasovun sözlərinə görə, yeniliklərdə summativ qiymətləndirmənin sayının azaldılması nəzərə alınıb:
"Diaqnostik, formativ və summativ qiymətləndirmələrin fəaliyyətində xeyli qaydalar təkmilləşdirilib. İdarəetmə sistemində işlər aparılır. Ali təhsillə bağlı yeni Dövlət Proqramı qəbul olundu. Ümumiyyətlə, ali təhsil sisteminin infrastrukturunun, məzmununun təkmilləşdirilməsi, yeni standart və kurikulumların hazırlanması istiqamətində böyük addımlar atılır. Müəllimlərin əməkhaqqısı artırılıb və artırılmaqda davam edir. Gələcəkdə müəllimlərin sertifikasiya olunması da gözlənilir. Bunun özü onların fəaliyyətinə verilən dəyərdir. Təhsil böyük dəryadır. Valideyn-məktəb əlaqələri ilə bağlı da xeyli inkişaf əldə etmişik. Ehtiyat dərsliklərin yaradılması dərslik hazırlığı sisteminin təkmilləşdirilməsi baxımından doğru yanaşmadır”.
Millət vəkili Asim Mollazadə qeyd edib ki, strategiya çərçivəsində təhsilin inkişafına xidmət edən müvafiq addımlar atılır:
"Azərbaycan Parlamenti təhsillə əlaqədar bütün qanunları hazırlayıb. Yaxın vaxtlarda zəruri islahatların hüquqi bazası tam hazır vəziyyətdə olacaq. Məktəbəqədər təhsil, orta təhsil, peşə təhsili və elm haqqında qanunlar özü özlüyündə təhsil sistemində zəruri işlərin inkişafı üçün nəzərdə tutulub.
Bu, yekun prosesdir. Təhsil sisteminin təkmilləşdirilməsi mütəmadi olaraq davam etdirilməlidir. Bu istiqamətdə yeni strateji planın hazırlanmağı da mühüm amildir. Azərbaycan xalqının gələcəyi və təhsilin keyfiyyətinin dünya səviyyəsinə çatdırılması məsələlərinə ciddi diqqət yetirməliyik”.
Pedaqoji elmlər doktoru, professor, Əməkdar elm xadimi Fərrux Rüstəmovun qənaətinə görə, 6 il ərzində qarşıya qoyulan məqsədlər üzrə xeyli işlər görülüb:
"Müəllimlərin seçimində obyektivlik təmin olunub. İnfrastrukturun yenilənməsində xeyli yeniliklər tətbiq olunub. Əməkhaqqının stimullaşdırılması istiqamətində Cənab Prezident tərəfindən ayrı-ayrı vaxtlarda sərəncamlar imzalanıb. Diaqnostik Qiymətləndirmədən keçən müəllimlərin əmək haqqıları xeyli artırılıb.
Respublikada 5 mindən artıq müəllim min manatdan artıq əməkhaqqı alır. Beynəlxalq münasibətlərdə xeyli irəliləyişlər əldə edilib, təhsil məzmununun və dərsliklərin yenilənməsində xeyli yeniliklər var. Ən böyük problemlərdən biri ibtidai sinif şagirdlərinin dərs yükünün həm fiziki, həm zehni ağırlığı ilə bağlı idi. Bununla bağlı da işlər görülüb, proqramlar müəyyən qədər sadələşdirilib. 150-yə yaxın məktəbdə dərslikləri yarı bölüblər. Yarım ildə bir riyaziyyat dərsliyi, ikinci yarımildə isə II dərslik istifadə olunur. Bu da şagirdlərin fiziki yükünün azaldılmasına xidmət edir”.
Fərrux Rüstəmov vurğulayıb ki, ən böyük uğurlardan biri müəllimlik peşəsinə marağın artmasıdır:
"Yüksək bal toplayıb ixtisas seçimində ilk yeri müəllimlik qeyd edənlərə əlavə olaraq 100 manat təqaüd verilir. Bu da çox böyük uğurdur. Keçən il 2 mindən yuxarı şəxs yüksək balla universitetlərə qəbul olunub. Azərbaycan Dövlət Pedaqoji Universitetinin ibtidai sinif fakültəsinə 129 nəfər 500-dən yuxarı balla daxil olub. Bu tarixdə olmamış hadisədir. Filologiya fakültəsinə heç kim 500-dən aşağı balla qəbul olunmayıb. İbtidai sinif müəllimliyinə 572 balla daxil olan tələbəmiz var. Yaxşı müəllim yetişdirmək yaxşı tələbə seçimindən başlayır. Qarşıya qoyulan məqsədlərin xeyli hissəsi reallaşıb. Təbii ki, reallaşmayanlar da var. Ümid edirik, yaxın gələcəkdə onlar da öz həllini tapacaq”.
azedu.az