Diaqnostik Qiymətləndirmədən keçən müəllimlərin əməkhaqqı nə qədər artdı?
"Müəllimlərin sosial problemlərinin həll olunması üçün ilk növbədə onlara dövlət qulluqçusu statusu verilməlidir”.
Ekspert: "151 min müəllimdən 142 mini Diaqnostik Qiymətləndirmədən keçib və bu tədris işçiləri cari il yanvarın 1-dən tətbiq olunan artımla əməkhaqqı alacaqlar”
Xəbər verildiyi kimi, Diaqnostik Qiymətləndirmədən keçən müəllimlərin əməkhaqqı artırılıb. 2018-ci il yanvarın 1-dən ötən ilin may-aprel aylarında diaqnostik qiymətləndirmədən keçən 42 minə yaxın müəllimin əməkhaqqı artırılıb.
Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq, mərkəzləşdirilmiş müsabiqə yolu ilə dövlət ümumtəhsil müəssisələrinə işə qəbul olunan müəllimlər diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərə bərabər tutulur. Bu qərara əsasən, 2017-ci ildə müəllimlərin işə qəbulu imtahanından uğurla keçib təyin olunan 6 minə yaxın müəllimin də əməkhaqqı artırılıb.
Azərbaycan Respublikası Prezidentinin "Dövlət ümumtəhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükünün və əməkhaqqının artırılması haqqında" 16 yanvar 2015-ci il tarixli, 994 nömrəli Sərəncamında bu kateqoriyadan olan müəllimlərin həftəlik dərs yükü normasının 1,5 dəfə, aylıq vəzifə maaşının 2 dəfə artırılması nəzərdə tutulub.
Qeyd edək ki, 2014-cü ildən etibarən ölkə üzrə ümumilikdə 140.000-dək müəllim, o cümlədən ümumi saydan 41 360 nəfəri 2017-ci ildə diaqnostik qiymətləndirmədən keçib. Beləliklə, ölkənin ümumtəhsil müəssisələrində çalışan müəllimlərin diaqnostik qiymətləndirməsinə yekun vurulub.
Diaqnostik Qiymətləndirmədən keçən 42 minə yaxın müəllimin əməkhaqqının artırılması nə dərəcədə məqbuldur?
Məlumdur ki, 2014-cu ildən etibarən orta məktəb müəllimlərinin biliklərinin diaqnostik qiymətləndirilməsi aparılır:
"Prezident İlham Əliyevin 2016-cı il yanvarın 1-də imzaldığı Sərəncama əsasən, müəllimlərin dərs yükü 1,5 dəfə, əməkhaqqı isə 2 dəfə artırıldı. Buna qədər müəllimlərin dərs saatı 12 saat idisə, 2016-cı ilin yanvar ayından etibarən isə 18 saata artırıldı. 18 saat dərs dəyən müəllimin əməkhaqqında ciddi dəyişiklik hiss olundu. Xatırladım ki, ilk olaraq müəllimlərin əməkhaqqı artırıldı. Bəlli olduğu kimi, son diaqnostik qiymətləndirmə ötən ilin dekabr ayında keçirildi və 42 min müəllim həmin prosesdə iştirak etdi”.
Lənkəran, Astara, Lerik, Masallı, Daşkəsən, Gədəbəy bölgələrində bir çox müəllimlərin əməkhaqqı 800 manatdan yüksəkdir. Bakı şəhərində çalışan müəllimlərin 45 faizinin isə aylıq məvacibi 500 manatdan üstündür. Amma bunu bütün müəllimlərə şamil etmək olmaz:
"Çünki müəllimlərin əməkhaqqı onların diaqnostik qiymətləndirmədə əldə etdiyi nəticəyə görə müəyyən olunur. İxtisas üzrə minimum 10 faiz nəticə göstərən müəllimlər maksimum 6 saat dərs deyə bilər”.
Qeyd edək ki, Azərbaycanın 4551 ümumtəhsil məktəbində 151 min müəllim çalışır. Bunların 142 mini diaqnostik qiymətləndirmədən keçib. Bu tədris işçiləri cari il yanvarın 1-dən tətbiq olunan artımla əməkhaqqı alacaqlar. Ancaq 142 min müəllimin 45 faizi çox az nəticə göstərib. Bu o deməkdir ki, Azərbaycanda 40 faizə qədər müəllimin əməkhaqqı 100 manat dəyərindədir:
"Qalanları isə diaqnostik qiymətləndirmədə əldə olunan nəticələrlə saatlar müəllimlərə həvalə olunduğuna görə artım buna uyğun həyata keçirələcək. Sadəcə bəzi bölgələrdə müəllim çatışmazlığına görə əksər müəllimlər bir çox fənni tədris edirlər. Nəticədə onlarınm əldə etdiyi aylıq məvacib yüksək olur”.
Müəllimlərin orta əməkhaqqı 200-250 manat civarında dəyişir. Bu da onların sosial problemlərinin həll olunmasında yetərli deyil.
Müəllimlərin sosial problemlərinin həll olunması üçün ilk növbədə onlara dövlət qulluqçusu statusu verilsin:
"Tədris işçiləri kommunal xərclərdən azad olunmalıdırlar ki, aldıqları əməkhaqqı, az olsa belə, onların ehtiyaclarını ödəsin. Etiraf edək ki, əksər müəllimlər son zamanlar ixtisaslarına uyğun nəşr olunan vəsaitlər ala bilmirlər. Bunun səbəbi isə aylıq məvacibin yüksək olmaması ilə bağlıdır.
Amma onlara dövlət qulluqçusu statusu verməklə kommunal və digər ehtiyacları ödənilər. Beləliklə, müəllimlərin əməkhaqqı onların sosial rifahına ciddi təsir göstərər”.