"Nazirlər Kabineti qanundan “tərbiyə” sözünü çıxarır, biz çinsi tərbiyə barədə “baş sındırırıq”"
"Ölkə boyu yeni tədris proqramına başlanılacaq...!?”
"Üç ildir pilot layihə kimi orta məktəblərdə keçirilən cinsi tərbiyə dərsinin bu ildən ölkə üzrə tam tətbiqinə başlanacaq. Məqsəd demoqrafik vəziyyəti qorumaq, infeksyon xəstəliklərin qarşısını almaq üçün reproduktiv sağlamlıq haqqında gənclərin biliklərinin artırılmasına nail olmaqdır”,"Kitab yoxlanılması və tədrisi üçün Təhsil Nazirliyinə təqdim olunub. Dərsliyin hazırlanmasında nazirliyin məsləhətçiləri, ekspertləri və Səhiyyə Nazirliyinin məsləhətçiləri - pediatr, psixoloq və ginekoloqlar iştirak ediblər” kimi açıqlamalardan sonra isə məsələnin mahiyyəti bir az da ciddi xarakter alıb.
Baxmayaraq ki, Azərbaycanda məktəblərdə cinsi tərbiyə dərsinin tədris olunmasına Təhsil nazirliyi rəsmi münasibət bildirilib: "Azərbaycanda ümumi təhsil pilləsində tədris olunan fənlərin siyahısı Nazirlər Kabinetinin 2010-cu il 3 iyun tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş "Ümumi təhsil pilləsinin dövlət
standartları və proqramları (kurikulumları)” sənədində ümumi təhsilin heç bir səviyyəsində reproduktiv sağlamlığın tədrisi ilə bağlı ayrıca fənn nəzərdə tutulmayıb. Bununla belə, Azərbaycan prezidentinin 2011-ci il 7 iyul tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı”nda "Gənclərin sağlamlığının qorunması və həssas qruplardan olan gənclərin dəstəklənməsi” məqsədilə sağlam həyat tərzi və reproduktiv sağlamlıq sahəsində maarifləndirmə işinin genişləndirilməsi ciddi və vacib məsələ kimi qeyd olunub. Məsələnin aktuallığı nəzərə alınaraq, maarifləndirmə işinin davamlı xarakter daşıması məqsədilə Səhiyyə Nazirliyi, Təhsil Nazirliyi, İctimai Səhiyyə və İslahatlar Mərkəzi və "Ümidli Gələcək” Gənclər İctimai Birliyinin birgə səyi ilə həkim, metodist və müəllimlərdən ibarət yaradılmış İşçi qrupu tərəfindən "Ümumtəhsil məktəblərinin ümumi orta təhsil səviyyəsində reproduktiv sağlamlığın tədrisi üzrə” hazırlanıb. Hazırda vəsaitin yekun variantı üzərində son tamamlanma işləri həyata keçirilir. Vəsait tam hazırlanıb təsdiq olunduqdan sonra ümumtəhsil müəssisələrinin istifadəsinə veriləcək”.
Bəli, dərslik ayrı şeydir, metodik tövsiyə tamam başqa şey, eynilə maarifləndirmənin və dərsin, tədrisin ayrı anlayışlar olduğu kimi. Bunun üçün "Biologiya” və "Həyat bilgisi” kimi tədris fənləri var. Ən çıxılmaz vəziyyətdə fakultativ məşğələlərin imkanlarından yararlanmaq olar. Tədris proqramı və təhsil proqramlarının həddən artıq yüklü olduğu bir vəziyyətdə, valideynlərin və təhsil içtimaiyyətinin uşaqların həddən artıq yüklənməsi barədə həyacan təbili çaldığı bir şəraitdə əlavə polemikalar açmaq, gərəksiz ajiotaj yaratmaq nə dərəcədə məntiqə uyğundur? Hər sinifdə 40-50 uşaq oturarkən, siniflərin bölünməsində ciddi problemlərlə üzləşdiyimiz halda, "Reproduktiv sağlamlığı tədris” edərkən oğlanlar və qızlar üçün dərslərin ayrı-ayrılıqda aparılmasından çıxış yolnu necə tapılacaq?
Onu da xatırlatmaq yerinə düşər ki, qonşu "Rusiyanın bəzi orta məktəblərində pilot layihə kimi reproduktiv sağlamlıq haqqında vəsait tədris olunub. 8 -11-ci siniflərə şamil edilən bu dərslikdə cinsi tərbiyə, ailə həyatı quran, dünyaya uşaq gətirən gənclərin davranış qaydaları kimi mövzulara toxunulub. Bir-iki ildən sonra aparılan araşdırmalardan sonra müəyyən edilib ki, layihə orta məktəb şagirdlərinin davranışlarında ciddi nöqsanlara səbəb olub. Bu dərsliyi oxuyan orta məktəb şagirdləri öyrəndiklərini praktikada həyata keçirməyə başlayıblar. Rus məktəblilərinin əxlaqına və davranışına neqativ təsir edən bu dərsliyin ümumtədrisinə rəy verilmədi”
Uzağa niyə gedirik, elə ötən əsrin 90-cı illərdə Respublikamızın orta məktəblərdə əlavə vəsait kimi tədris olunan, ailə və nikah məsələlərindən bəhs edən "Ailə” dərsliyinin müqəddəratı necə oldu, erkən nikahların sayı azaldımı, əksinə erkən boşanmaların sayı bir az da artmış oldu. Uşaqlarımızın sağlamlığını qorumaq istəyiriksə, onları lazımlı-lazımsız materiallarla yükləmək yox, onları bu ağir yükdən azad etməliyik.
Nadir İsrafilov
moderator.az