"Həyat yoldaşım, ibtidai sinif müəllimi olan Nigar Hacıyevaya qarşı Ağdam Rayon Təhsil Şöbəsi haqsızlıq etdiyi üçün aidiyyatı dövlət qurumlarından kömək istəyirəm".
Bu sözləri unikal.org-a şikayətçi, Ağdam rayonunda müəllim işləyən Nigar Hacıyeva və onun həyat yoldaşı Bəhmən Mustafayev deyib.
Bəhmən Mustafayevin sözlərinə görə, 18 ildir müəllimə işləyən həyat yoldaşı qeyri-qanuni olaraq 14 saylı məktəbdən çıxarılaraq, 12 saylı məktəbə keçirilib:
"Həyat yoldaşım 2000-ci ildən Ağdam Rayon 14 saylı məktəbində ibtidai sinif müəllimi kimi fəaliyyətə başlayıb. Ağdam Təhsil Şöbəsinin 14.09.2015-ci il tarixli 62 saylı əmrinin 125-ci paraqrafına, məktəb üzrə həmin tarixli 49 saylı əmrin 2-ci paraqrafına əsasən köçürülmə yolu ilə 12 saylı Ağdam məktəbində əmək qanunları pozularaq 2 saat dərslə təmin edilmişdir".
B.Mustafayev bildirib ki, Ağdam Rayon Təhsil şöbəsi bundan sonra da həyat yoldaşı Nigar Hacıyevaya haqsızlıq etməkdə davam edib:
"Ağdam Rayon Təhsil Şöbəsinin qərarı ilə həyat yoldaşım əsas iş yeri olan 14 saylı məktəbdən 12 saylı məktəbə keçirilib. Dövlət qurumlarına şikayətimizdən sonra Nigar Hacıyeva əvvəlki işlədiyi məktəbə qaytarılıb. Ağdam Rayon Təhsil şöbəsinin müdiri olan Mətanət Misirxanovanın tapşırığı ilə bütün bu proseslər həyata keçirildi. Bundan başqa həyat yoldaşımın maaşından qanunsuz olaraq vergi tutulub, dərs saatı ondan alınaraq, başqa müəllimlərə verilib. Həmçinin məzuniyyət pulu köçürülməyib. Müəllimlərin dərs saatlarının pulları M.Misirxanovanın göstərişinə əsasən direktorlar, dərs hissə müdirləri vasitəsilə başqa müəllimlərin adına yazılır. Rayon təhsil şöbəsinin rəhbərliyi böyük fırıldaqçılıq şəbəkəsi yaradıblar. Məktəb direktorları da onun dediyini edərək dərs saatlarını başqa müəllimlərə satırlar. Ağdam rayonundan Təhsil Nazirliyinə yazılan məktubların aidiyyatı üzrə çatdırılmasına M.Misirxanova imkan vermir. Mən Təhsil Nazirliyinə müraciət etdim. Nazirliyin İnsan Resursları Şöbəsinin müdiri Eşqi Bağırovun qəbuluna çağırdılar, mən getmədim. Çünki Mətanət xanım Eşqi müəllimlə danışdığını, onun məni gözlədiyini dedi. Mən də qorxub getmədim ki, Mətanət Misirxanovanın bu növbəti oyunu olacaq. Çünki Mətanət Misirxanova hər yerdə bildirir ki, mən Eşqi Bağırovun yaxın adamıyam. Bu səbəbdən mən Eşqi Bağırovun qəbuluna getməyi lüzumsuz hesab etdim.
Sadaladığım özbaşınalıqlara görə, Təhsil Naziri Ceyhun Bayramovdan məni qəbul etməsini, Mətanət Misirxanovanın qanunsuz əməllərinin araşdırılmasını və həyat yoldaşımın ilk işlədiyi 14 nömrəli məktəbə qaytarılmasını xahiş edirəm".
Səslənən iddialarla bağlı Ağdam Rayon Təhsil şöbəsinin müdiri Mətanət Misirxanova ilə əlaqə saxladıq. Ağdam Rayon Təhsil Şöbəsi rəsmi cavabında ibtidai sinif müəllimi olan Nigar Hacıyeva və onun həyat yoldaşı Bəhmən Mustafayevin fikirləri ilə razılaşmadıqları qeyd olunub:
"Sizə məlum edirik ki, Nigar Hacıyeva 14.09.2001-ci il tarixdə məktəb direktorunun müvafiq əmri ilə Ağdam rayon 14 nömrəli tam orta məktəbə işə qəbul edilmişdir.
14.09.2015-ci ildə Ağdam RTŞ-nin 125 nömrəli əmrinə əsasən 14 nömrəli məktəbin müəllimiyindən azad edilib, Ağdam rayon 12 nömrəli məktəbə ixtisasi üzrə müəllim köçürülmüşdür. Bu səbəbdən də 2015-ci tədris ilində N.Hacıyevanın 14 nömrəli məktəbdən aldığı əməkhaqqı dayandırılmışdır. 2016-cı ildə N.Hacıyevanın tələbinə görə, o yenidən 14 nömrəli məktəbə qaytarılmışdır. Lakin həmin tədris ilində məktəbdə 10 sinif komplekti olduğu halda 33 nəfər ibtidai sinif müəllimi olduğu üçün ona dərs saatları verilməsə də 12 nömrəli məktəbdə ona 15 saat ibtidai sinif dərsləri verilmişdir.
Bundan razı qalmayan N.Hacıyeva müxtəlif distansiyalarla yanaşı Təhsil Nazirliyinə də şikayətlər etmişdir. Təhsil Naziriyində qəbula yazılmışdır. Qəbul haqqında da Təhsil Nazirliyi tərəfindən ona SMS göndərilmiş, dəvət və tarixi haqqında məlumatlar qeyd olunmuşdur. Bu barədə Təhsil Nazirliyindən də məlumat ala bilərsiniz. Lakin bunlara baxmayaraq Təhsil Naziriyinin icazəsi ilə N.Hacıyeva əsas iş yeri kimi Ağdam rayon 12 nömrəli tam orta məktəbinə əmrləşdililməsinə razılıq verilmişdir. Ancaq N.Hacıyeva və onun həyat yoldaşı B.Mustafayevlə dəfələrlə telefon əlaqəsi saxlanılsa da, onlar Ağdam RTŞ-yə gəlməkdən imtina etmişdirlər".