Kuban Dövlət Aqrar Universitetinin əməkdaşları ADAU-da olub
Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) xarici ölkələrlə, o cümlədən Rusiya Federasiyasının aparıcı ali aqrar təhsil müəssisəsələri ilə əməkdaşlıq əlaqələri əhəmiyyətli dərəcədə genişlənib. Qeyd olunan ölkədə Kuban Dövlət Aqrar Universiteti maddi-texniki baza, elmi-tədqiqat və tədris prosesində mühüm nəticələr əldə edən ali təhsil müəssisələrindən biridir. Dövlətimizin dəstəyi ilə ADAU-da görülən işləri yüksək qiymətləndirən Kuban Dövlət Aqrar Universitetinin Xarici tələbələrlə iş üzrə mərkəzin rəisi Raisa Alqaşeva və mühəndislik fakültəsinin dosenti Denis Sisoyev universitetə səfər ediblər. Səfərin məqsədi ikitərəfli əlaqələri inkişaf etdirmək, müəllim və tələbələrin mübadiləsini, birgə elmi-tədqiqat layihələrini həyata keçirmək imkanlarını müzakirə etmək olub. Qonaqları qəbul edən universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov universitetin tarixi, ölkədə aqrar təhsilə və elmə dövlət dəstəyi, əməkdaşlıq əlaqələrinin inkişaf perspektivləri barədə danışıb. Səmimi qəbula görə minnətdarlığını bildirən qonaqlar Kuban Dövlət Aqrar Universitetinin rektorunun salamlarını çatdırıb, ADAU ilə əməkdaşlıq əlaqələrinin yüksək səmərə verəcəyini deyiblər.