Hər hansı bir insan üçün peşə və ixtisas seçimi çox şey deməkdir. Təəssüflər olsun ki, heç də hər kəs düz, uyğun seçim edə bilmir. Əslində seçimimizdən tək maddi vəziyyətimiz deyil, eyni zamanda mənəvi durumumuz və sağlamlığımız da asılıdır. Peşə və ixtisas seçimində məlum səhvləri təkrarlamamaq üçün bu məqalədəki məsləhətlər köməyiniz olacaqdır.
1. Peşə seçiminə ömürlük seçim kimi baxmaq.
İxtiyari fəaliyyət sahəsində çalışan hər bir insanın səriştəsi artdıqca peşə, vəzifə dəyişiklikləri baş verir. Bu zaman ilkin pillələri kim yaxşı keçibsə, sonradan o daha çox uğur qazanır.
Əmək bazarındakı vəziyyəti təhlil edin. Hər il yeni-yeni peşələrin əmələ gəldiyinə diqqət yetirin. Müntəzəm olaraq ixtisasınızı artırmağa, seçdiyiniz ixtisasla əlaqəli digər ixtisasları mənimsəməyə ehtiyac olacağına hazır olun. İndi peşə seçməklə bütün taleyinizi əbədi təyin edəcəyinizdən qorxmayın. Seçiminizin dəyişməsi, yeni ixtisasları mənimsəməniz indiki ixtisasınızla əlaqəli fəaliyyət sahələrində sizi çox qiymətli və tələb olunan mütəxəssisə çevirir. Əgər sonradan fikrinizi dəyişərək daha maraqlı sahə tapsanız belə, ilk peşəniz gözlənilməz vəziyyətlərdə lazımınız ola bilər. Məsələn, ilk təhsilinin sənətşünas olması ikinci təhsilinə görə hüquqşünas olan mütəxəssisə qədim sənət əsərləri ilə bağlı cinayət işinin təhqiqatında yaranan çətin suallardan baş çıxarmağa kömək edəcəkdir…
2. Peşənin nüfuzuna görə seçimi etmək.
Peşələrə münasibətdə cəmiyyət üçün bir sıra əhəmiyyətli peşə və məşğuliyyət növlərinin şərəfsiz, yaraşmaz olması haqqında səhv fikirlər özünü büruzə verir (məsələn, zibil təmizləyən).
İqtisadçı və ya psixoloq cəmiyyət üçün faydalılığına görə kimyaçı və ya çilingərdən qətiyyən artıq deyil. Yalnız öz maraq və bacarıqlarınız hesaba alındıqdan sonra peşənin nüfuzu nəzərə alınmalıdır. Əks halda "dəbdə olan" amma, məmnuniyyət hissi gətirməyən ixtisas sahibi olacaqsınız. Ya da nə olursa-olsun, əsas vəzifə öhdəliklərinin icrası üçün yararsız olacaqsınız...
3. Yoldaşlarının təsiri altında (onlardan geri qalmamaq üçün) peşə seçimi etmək.
Geyim və ya ayaqqabı seçdiyimiz kimi, biz peşələri də öz "zövqümüzə" və "ölçümüzə" uyğun seçirik.
Qrup hissi, yaşıdlarına uyğun hərəkət etmək - insan üçün çox müsbət xüsusiyyətlərdir. Bunlar cəmiyyətdə özünü aparma normalarının mənimsənilməsi, "Mən" obrazının formalaşması və özünüqiymətləndirmə üçün lazımdır. Onları kortəbii təkrarlamadan, başqalarına göz qoyun, özünüzü dostlarınızla MÜQAİSƏ edin. Yoldaşlarınızdan nə ilə fərqləndiyinizi, onlara hansı xüsusiyyətlərinizlə oxşadığınızı görməyə çalışın. Əgər dostunuz Əli (o, risk etməyi xoşlayır) yanğınsöndürən peşəsini seçibsə, sizin ehtiyatla davranan və düşünərək addım atan bir şəxs olduğunuz üçün bu peşədən xoşunuz gəlməyəcəyini başa düşməyə bu kömək edəcək.
Əslində yoldaşlarının seçiminə uyğun seçim etməyin arxasında qərar qəbul etməkdə şəxsi məsuliyyətdən yayınmaq dayanır. Bəzən isə belə seçim çox uğurlu ola bilər, çünki əksər hallarda maraqları və bacarıqları əhəmiyyətli dərəcədə üst-üstə düşən insanlar bir yerə toplanırlar. Ancaq istənilən halda bu dərrakəli və düşünülmüş qərarın nəticəsi olmayıb, bəxti gətirib-gətirməmək məsələsidir.
4. Hər hansı bir peşənin sahibi olan insana münasibətə görə peşə seçimi etmək.
Əgər müəyyən şəxs bizim xoşumuza gəlirsə və ya gəlmirsə, bu heç bir halda onun peşə və ixtisasının xüsusiyyəti deyil. Buna əsaslanıb onun peşəsinə münasibət göstərmək səhv addımdır.
"Yaxşı adam" - peşə və ixtisası yoxdur. Əlbəttə, ona oxşamağa istək ola bilər, amma bu şəxsi keyfiyyətlər, eləcə də əməyə ümumi münasibəti əhatə edir və müəyyən fəaliyyət növü üçün bacarıqları dəyişdirmir.
Bəs, əgər bəyənmədiyimiz və nifrətdoğuran şəxslə qarşılaşsaq necə? Bu, həmin dəqiqə "ona oxşar olmaq istəməzdim" fikriylə onun peşəsindən çəkindirəcək. Amma razılaşın ki, həmin şəraitdə "bu peşəyə yiyələnib, onun kimi deyil, daha yaxşı mütəxəssis olacam!" kimi tamamilə əksinə qənaətə də gəlmək mümkündür.
Bu nəticəyə gəlirik ki, necə reaksiya verməyimiz, eləcə də peşə və ixtisas seçiminə məsuliyyət istənilən halda özümüzdən asılıdır.
5. Peşənin kənardan görünüşünə və ya hansısa bir hissəsinə marağa görə seçim etmək.
Səhnədə asanlıqla yaratdığı obrazın arxasında, aktyorun gərgin, gündəlik zəhməti dayanır.
Jurnalistlər heç də hər zaman televiziya verilişlərində çıxış etmirlər. Başqasının (televiziya diktorunun) səsləndirəcəyi 10 dəqiqəlik xəbəri hazırlamaq üçün əksər hallarda onlar əvvəlcədən çoxlu məlumatları, arxivləri alt-üst etməli, onlarla adamla danışmalı olurlar.
6. Məktəbdəki tədris fənni ilə peşəni eyniləşdirmək.
Məktəblilərin, eləcə də tələbələrin arasında geniş yayılmış yanlış fikirlərdən biri də tədris fənni ilə peşə fəaliyyətini bərabər etməkdir. Yəni, "ədəbiyyat dərsi xoşuma gəlirsə, deməli ədəbiyyatçı olaram" düşüncəsi ilə mühakimə etmək düz deyil.
Əlbəttə belə variant prinsipcə mümkündür, amma əksər hallarda söhbət digər çoxsaylı fəaliyyəti növlərindən gedir. Ədəbiyyat dərsi xoşunuza gəlirsə, redaktor, korrektor, azərbaycan dili və ədəbiyyatı müəllimi, filologiya sahəsində elmi işçi və s. ola bilərsiniz. Bunlar hamısı fərqli peşələrdir və bu peşələrin nümayəndələrinin gündəlik fəaliyyəti məktəblilərin ədəbiyyat dərsində yerinə yetirdikləri tapşırıqlardan çox fərqlidir.
Bu cürə mühakimə digər tədris fənlərinə də aiddir. Tədris fənni peşə deyil, ancaq peşəkar yetişməyiniz üçün əsaslı yiyələnməli olduğunuz müəyyən bilik sahəsidir.
7. Peşə seçimini həyata keçirmək üçün fikirləşməyin, qərar qəbul etməyin tövsiyə olunan yolunu bilməmək.
Hər hansı bir riyazi məsələni həll edərkən müəyyən ardıcıllıqla sonlu sayda əməliyyatlar həyata keçiririk. Peşə və ixtisas seçərkən də bu cürə hərəkət etməyimiz məqsədəuyğun olardı.
Peşə və ixtisas seçimi qərar qəbul etmə prosesi ilə əlaqəlidir. Qərarların qəbul edilməsi ümumiyyətlə çox insana çətin gəlir. Burada xasiyyətin müəyyən cizgiləri (məsələn, qətiyyətsizlik, acizlik, tərəddüd, cəsarətsizlik, inamsızlıq və s.), az məlumatlı olmaq, "müsbət" və "mənfi" tərəfləri götür-qoy etmək bacarığının olmaması, ən münasib həll variantı kimi vahid seçim üzərində dayana bilməmək rol oynayır. Bu zaman cəlbedici görsənən, amma real olmayan və ya gələcəkdə mənfi nəticələrə gətirən variantları seçim siyahısından çıxarmaq lazımdır. Bəzi insanlar ümumiyyətlə onların yerinə başqalarının qərar qəbul etməyinə üstünlük verirlər.
Beləliklə, peşə və ixtisas seçimi zamanı aşağıdakılar lazımdır:
Çoxsaylı peşə və ixtisaslar arasında istiqaməti müəyyən etməyi bacarmaq.
Öz maraqlarını dərk etmək. Müxtəlif müəssisələrə ekskursiyalarda iştirak etmək.
Hansı təhsil müəssisələrində bu və ya digər peşəyə və ixtisasa yiyələnməyi bilmək. Açıq qapı günlərində iştirak etmək.
Seçim üçün əsas və əsas variant baş tutmadığı hal üçün ehtiyat varianta malik olmaq.
Əgər imkan, şərait varsa, seçəcəyiniz peşə və ixtisas üzrə qısamüddətli təcrübə proqramlarında iştirak etmək və ya maraqlı olan peşə üzrə çalışan mütəxəssisin tam iş gününü müşahidə etmək. Alınarsa, seçim etmək istədiyiniz peşə üzrə özünüzü yoxlamaq məqsədilə bir müddət işləməyə çalışmaq.
Öz fiziki və mənəvi imkanlarını, bacarıqlarını, eləcə də seçim edəcəyiniz peşənin irəli sürdüyü tələblərə onların uyğun olub-olmadığını qiymətləndirmək.
Təhsil başa vurduqdan sonra işlə təmin olunma səviyyəsi haqqında məlumata malik olmaq.