Ən zəruri peşə keyfiyyətlərinə tədris yolu ilə yiyələnmək mümkündür
Qaradağ rayonunun Ələt qəsəbəsindəki Dəniz Nəqliyyatı, Gəmiqayırma və Liman İşləri üzrə Bakı Dövlət Peşə Tədris Mərkəzində qəsəbə məktəblərinin yuxarı sinif şagirdləri ilə peşəyönümü tədbiri keçirilib.
Aztəhsil.com xəbər verir ki, Rayon icra hakimiyyətindən verilən məlumata görə, tədbirdə rayonun Lökbatan, Sahil, Qızıldaş və Ələt qəsəbələrində fəaliyyət göstərən peşə liseyləri və məktəblərinin birləşməsi nəticəsində yaradılan peşə tədris mərkəzləri və həmin mərkəzlərdə tədris olunan ixtisaslar barədə dinləyicilərə geniş məlumat verilib.
Rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Abbasov peşəyönümü işinin gənc nəslin gələcək taleyində, onların məşğulluğunun təmin olunmasında mühüm əhəmiyyət kəsb etdiyini söyləyərək qeyd edib ki, hər hansı bir peşə, ixtisas insandan müəyyən qabiliyyət tələb edir, peşələrin hamısı üçün isə zəruri olan qabiliyyətlərin, məsələn, yaradıcılıq qabiliyyətinin olması vacibdir. Qeyd olunub ki, müəyyən peşə və ya ixtisası öyrənmək və bu sahədə uğurla çalışmaq konkretlik, dəqiqlik, icra intizamı və səliqə-sahman tələb edir. Həmin keyfiyyətlərə isə yalnız tədris yolu ilə yiyələnmək mümkündür və bu məqsədlə rayon peşə tədris mərkəzləri yaradılıb.
Tədbirdə, həmçinin gənclərə və onlarla birlikdə iştirak edən valideynlərinə düzgün peşə seçimi ilə bağlı zəruri tövsiyələr, əmək bazarının vəziyyəti haqqında ətraflı məlumat çatdırılıb. Fikir mübadiləsi aparılıb, gəncləri maraqlandıran suallara ətraflı cavablar verilib.