Mədəni inkişafın təməlində tələb durur. Tələb olmasa heç bir iş görülməz və ya inkişaf olmazdı. İnternet texnologiyaları vasitəsilə təhsil də bu sırada özünə yer edə bilmişdir. Günümüzdə komputer və internetə nə qədər ehtiyac var?
İnkişaf etməkdə olan ölkələrin yeni informasiya əldə etməsində internetin rolu həddən ziyadə mühümdür ki, bu da danılmaz faktdır. İnternet, kompüterlərin və kompüter şəbəkələrinin bir-biriləri ilə böyük bir şəbəkə yaradacaq şəkildə qoşulması nəticəsində meydana gəlmiş və istifadəçilərin qarşılıqlı (chat,video-konfrans, e-mail) və tək yönlü (web səhifələr) əlaqəsinə imkan verən elektron əsaslı virtual aləmdir.
İnternet hər kəs tərəfindən istifadə edilməkdədir. Amma hər kəsin təhsil məqsədi ilə istifadə etdiyini demək mümkün deyildir. 1951-ci ildən - ilk iş kompüterlərin inkişafından bu günə qədər pedaqoqlar bu texnologiyanı auditoriyalarda və təhsildə tətbiq etməyin yollarını axtarırlar. İlk kompüter dəstəkli təhsil sisteminin inkişaf işləri 1960-70-ci illərdə ənənəvi təhsilə dəstək məqsədi ilə yaradıldı. 1970-ci ildə iki böyük sistem yaradıldı: PLATO (mərkəzi dərslik kitabxanasına bağlı təhsil şəbəkəsi) və TİCCİT (tələbənin kompüterində dərsə yardım olacaq sistem).
Adıçəkilən sistemlər də zaman keçdikcə özlərini doğrultmağı bacarmadılar. Bu sahədə önəmli inkişaf texniki avadanlıqlardan əlavə proqramlaşdırma sahəsində də meydana gəldi. Proqramlaşdırmada ən əsas mərhələlərdən biri Web proqramlaşdırmasıdır. Web 1989-cu ildə yarandı, 1992-ci ildən tanınmağa və internetdə gözlə görülən bir mövqeyə gəlməyi bacardı. İnternet, kompüter şəbəkələrinin şəbəkəsidir. Daim böyüyür, məktəbləri, kitabxanaları, digər şəbəkələri öz təsiri altına salır. Kompüter şəbəkələrinin inkişafı və auditoriyalarda tətbiqi ilə kompüterə əsaslanan təhsilin dövrü, internet dəstəkli təhsil başlayır.
İnternet təməlli təhsilin inkişafı ilə təhsil verən, təhsil alan və təhsil qurumları anlayışlarını yenidən müasir standartlara uyğun formalaşdırılması ehtiyacı yarandı. Əsasən də virtual auditoriya anlayışının meydana gəlməsi ilə təhsil verənin-müəllimin dərs mühitində informasiya axtarma funksiyası zəifləyərək yerini düzgün məlumata çatma və bundan istifadə ilə dəyişdirdi. Artıq təhsil alan fərd - tələbə dərs mühitində passiv iştirakçı olmaqdan uzaqlaşaraq qavrama mərhələsində birinci dərəcəli məsul şəxsə çevrilir.
Zaman, məkan və sosial-iqtisadi əngəlləri də aradan qaldıran e-təhsil/internet təməlli təhsil şəxslərə ömürboyu təhsil alma üstünlüyünü təqdim etməkdədir. Ənənəvi təhsilin ən güclü tərəfi olaraq qəbul edilən tələbələrin bir-biri ilə, eləcə də müəllimlə üz-üzə tədrisin təşkil edildiyi sosial qarşılıqlı mühitinin virtual aləmə inteqrasiyası internet əsaslı təhsilin ənənəvi təhsilə nisbətdə daha güclü alternativ halına gələcəyini və ona geniş istifadəçi kütləsi tərəfindən çox böyük üstünlük veriləcəyini təsəvvür etmək çətin deyil.
Tələbələr baxımından, virtual auditoriya ilə ənənəvi auditoriya arasındakı fərq "dərsdə iştirak etmək-davamiyyət” anlayışının olmasıdır. Ənənəvi təhsildə davamiyyət anlayışı yeni sistemdə özünü məsafədən qoşulma sözü ilə əvəz edir. Tələbələr artıq internet olan bütün məkanlardan öz dərslərində iştirak edə, təhsillərinə qaldıqları yerdən davam edə bilərlər. İnternet əsaslı təhsildən daha effektli şəkildə istifadəni təmin etmək üçün bəzi şərtlər vardır.
Bu şərtləri aşağıdakı kimi sıralamaq olar:
- Tələbələrin kompüterdən istifadə bacarıqlarının təkmilləşdirilməsini təmin etmək.
- Tələbə və müəllimlərə internetdə olan faydalı qaynaqları çatdırmaq.
- Çox zaman əldə edilməsi mümkünsüz olan nadir və keçmiş qaynaqların elektron versiyalarının yaradılması və bunlardan istifadəni təmin etmək.
- Tələbə istədiyi zaman məlumata çata bilir. Məkan anlayışı demək olar ki, aradan qaldırılmışdır. Tələbələr və müəllimlər eyni zamanda və məkanda olmaq məcburiyyətində deyillər.
İnternet, kompüteri təhsil avadanlığı formasına gətirib çıxarır ki, müəllimlər də buna uyğun təhsilvermə və qavrama texnikaları yaratmalı və inkişaf etdirməlidirlər.
Əgər öyrənmənin, qavramanın təməli informasiyadırsa, bu məlumatlara bütün internetdə axtarışı təmin etmək üçün İnternet və həmin məlumatları bizə çatdıracaq kompüterlər çox önəm daşıyır. Müasir təhsildə internet və kompüter texnologiyalarından istifadə etmədən irəliləyiş əldə etmək mümkünsüzdür, desək yanılmarıq.
Yeni təhsil forması çox böyük virtual aləm yaradacaqdır ki, bu da virtual mədəniyyətin inkişafına səbəb olacaqdır.