Distansiyalı təhsil- Üstünlükləri nələrdir?
Distansiyalı təhsilin təhsil sahəsində öz yeri var. Belə təhsil forması kompyuterlər və kommunikasiya texnologiyalarının köməyi ilə həyata keçirilir. Təhsil prosesi, əsasən, distansiya texnologiyaları, formaları, müxtəlif tədris metod və vasitələri ilə İnternet şəbəkəsində zəruri informasiyadan istifadə edilərək aparılır.
Bu təhsil növünün məşhur texnologiyası tələbələrə ədəbiyyatın (dərsliklər və elektron dərsliklər, mühazirə kursları, video seminarlar və s.) göndərilməsidir. İnteraktiv sistemin köməyi ilə müəllim və şagird arasında əlaqə yaradılır: real zaman rejimində tələbələrin bilikləri yoxlanılır və ya müəllim konsultasiya keçir. İnternet vasitəsilə təhsil alanlar təhsil almaq istəyən, lakin buna vaxtı olmayanlar, həmçinin vaxtına qənaət edənlər və evdə kompyuter qarşısında oxuyanlardır. Belə təhsil növünün diplomu Azərbaycanda, həmçinin bir çox dünya ölkələrində tanınır.
Distansiyalı təhsilin müsbət tərəfləri:
Təhsilə xərclənən pulun miqdarı əhəmiyyətli dərəcədə azalır (ev pulu, yol pulu ödəmək lazım deyil);
Hazırlanmış sistem vasitəsilə bir çox tələbəyə eyni vaxta dərs keçmək mümkündür;
Müasir vasitələrdən, elektron kitabxanalardan və internet resurslardan istifadə edərək keyfiyyətli təhsil almaq olar;
Tələbə müəyyən müddət ərzində bir optimal proqram üzrə çalışır və belə proqram həm tək, həm də birgə təhsilə şərait yaradır;
İnternetlə istifadə olunan təhsil texnologiyaları ali təhsil almaq, həmçinin ixtisas artırma kursları üçün əlverişlidir. Bakalavr proqramı üzrə təhsil almaq, yəni universal profilli ali məktəb məzunu olmaq imkanı var. Daha sonra magistraturaya qəbul olaraq ixtisas dəyişmə mümkündür.
Hal-hazırda Bakıda 6 ixtisas üzrə distansiyalı təhsil almaq olar. Lakin dərslər yalnız rus dilində aparılır. İmkan daxilində Bakı İnnovativ Texnologiyalar Mərkəzi Azərbaycan dilində təhsil proqramı hazırlamağa başlayıb. Bu təhsil proqramının illik haqqı 600$-dır. Amma tələbələrə kreditlə təhsil almaq imkanı verilir.
Yəni qəbul olduqda təhsil haqqının 30%-i ödənilir, qalan hissəsini isə 12 ay ərzində ödəmək lazımdır.
Bu sistemin çatışmayan cəhətləri də var. Lakin üstünlükləri bir çox dünya ölkələrində sınaqdan keçib.