Sabirin “virtual muzeyinin” təqdimatı olacaq
Oktyabrın 14-də Beynəlxalq Mətbuat Mərkəzində (BMM) Mirzə Ələkbər Sabir Fondu dahi şairin 155 illiyi münasibətilə "Mirzə Ələkbər Sabir virtual muzeyi” layihəsini təqdim edəcək. Bu barədə Fondun Mətbuxat Xidməti məlumat yayıb.
Məlumata görə layihə çərçivəsində Sabirə aid olub müxtəlif mənbələrdə – arxivlərdə, TV və radioda, kitabxanalarda, şəxsi kolleksiyalarda, muzeylərdə, internet resurslarında yer alan verbal, audio, video, foto məlumatlar toplanaraq vahid baza yaradılıb.
M.Ə.Sabirin 1912-ci ildən bu günlərimizədək çap olunmuş kitabları, əsərlərinin müxtəlif dillərə tərcümələri, şairə həsr olunan rəssamlıq nümunələri, şairin ölkə ərazisində olan heykəl və büstlərinin görüntüləri, Sabirin hazırda Şamaxı şəhərində yenidənqurma işləri ilə əlaqədar müvəqqəti olaraq fəaliyyətini dayandırmış muzeyinin təmirdən oncəki 360 dərəcə Panoramik görüntüsü, muzeyin tikilməkdə olan yeni görüntüsünün maketi, Sabirə aid unikal faktlar və bir çox digər dəyərli məlumatlar da virtual muzeydə yer alıb.
Qeyd edək ki, şairə aid bütün məlumatların daxil ola bildiyi vahid baza ilk dəfə olaraq yaradılır.
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyəsi ilə ərsəyə gələn layihənin təqdimat mərasimi 14 oktyabr 2017-ci il tarixdə BMM-də keçiriləcək.