AzTehsil.com


Xəbərlər
07 aprel 2017
3 473


Xəzər TV-nin əməkdaşları ADPU-nun Heydər Əliyev Mərkəzində



Xəzər TV-nin əməkdaşları ADPU-nun Heydər Əliyev Mərkəzində

 

Xəzər TV-nin "2x2” verilişinin aprel ayında yayımlanacaq növbəti buraxılışı Azərbaycan Dövlər Pedaqoji Universitetinin (ADPU) Tələbə Gənclər Təşkilatının (TGT) çoxşaxəli fəaliyyətinə həsr olunmuşdur. Bu məqsədlə ADPU-nun 2 nömrəli tədris binasında olan layihənin çəkiliş qrupu Heydər Əliyev Mərkəzində universitetin TGT-nin departamentlərindən tərkibinə bir neçə klubun daxil olduğu Elm və təhsil departamentinin gördüyü işlərlə maraqlanmış, təşkilat üzvlərindən müsahibə götürmüşdür. Dövlət gənclər siyasətinin uğurla həyata keçirilməsində xüsusi rolu olan Tələbə Gənclər Təşkilatı gənclərin dövlətçilik ənənələrinə sadiq, cəmiyyət üçün layiqli vətəndaş kimi formalaşması, bilik və bacarıqlarının inkişaf etdirilməsi, ölkənin elmi-mədəni və sosial-iqtisadi həyatında fəallığını təmin etməyə, fərdi yanaşmalarını nümayiş etdirməyə şərait yaradır.
 
Qeyd etmək lazımdır ki, universitetin Tələbə Gənclər Təşkilatı 25 may 2005-ci ildə təsis edilmiş və hazırda Elm və təhsil, Gənclərin maarifləndirilməsi, Layihələr, Mətbuat və ictimai əlaqələr, İnsan resursları adlı 5 departamentdə öz işini uğurla davam etdirir. 
 
Elm və təhsil departamentinin fəaliyyəti barədə onun direktoru – universitetə yüksək balla daxil olmuş, hazırda III tədris ili tələbəsi Əhməd Ağababayev ətraflı məlumat verdi. İctimai işlərdə fəallığı nəzərə alınaraq I tədris ilindən TGT-nin fakültə üzrə sədri, sonra isə departament rəhbəri təyin olunan gənc elmi fəaliyyətlə daha sıx məşğul olmağa, universitetlərdəki muzeylərin fəaliyyəti ilə bağlı elmi araşdırmalar aparmağa başlamışdır. Aparılan araşdırma zamanı məlum olmuşdur ki, respublikada fəaliyyət göstərən ali təhsil müəsissələrinin heç birinin daxili bazasında muzey yoxdur. Bu mənada TGT fəalları ADPU daxilində Tarix, Etnoqrafiya və Diyarşünaslıq Muzeyinin yaradılması ideyasını irəli sürmüş və onu yaratmışlar. Muzey AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutu ilə geniş əlaqələr qurmuş, rayonlarda fəaliyyət göstərən tarix muzeylərinə tələbə-koordinatorlar göndərilmiş, tədqiqatlar aparılmışdır. Araşdırmalar öz müsbət nəticəsini vermiş, xeyli sayda maddi-mədəniyyət nümunəsi əldə edlimişdir. Lakin arxeoloji qazıntılar zamanı tapılan qədim əşyaların, abidələrin hamısını muzeydə yerləşdirmək mümkün olmadığından onların yalnız br qismi universitetin bazasında özünə yer almışdır. 
 

Xəzər TV-nin əməkdaşları ADPU-nun Heydər Əliyev Mərkəzində

 

Bununla yanaşı, qeyd olundu ki, universitetdə təhsil alan tələbələr arasında arxeoloji qazıntı aparılması ilə bağlı elan verilmişdir. Müraciət edən hər tələbəyə yaşadığı ərazidə müstəqil şəkildə arxeoloji qazıntı aparmaq tapşırığı verilmiş, əldə olunan maddi-mədəniyyət nümunələri muzeyə yerləşdirilmişdir. Muzeydə hazırda 150 eksponat var. Onların arasında 70-ə qədər qədim gümüş sikkə və pullar, eyni zamanda XVI-XIX əsrləri əhatə edən döyüş dəbilqəsi, qılınc özünə yer almışdır. Tələbələrin muzeyə gətirdiyi eksponatların yanında onların adları qeyd olunmuş, şəkilləri yerləşdirilmişdir. Muzeydəki qılınc və gümüş sikkələri departamentin rəhbəri apardığı arxeoloji qazıntı zamanı əldə etmişdir. 
 
Elm və təhsil departamenti tələbə və magistrantlar arasında bir çox olimpiadaların təşkil olunmasında xüsusi fəallıq göstərir. Yaxın günlərdə "Müstəqil seçim” adlı olimpiadanın təşkil edilməsi nəzərdə tutulmuşdur. Bu olimpiadanın digərlərindən fərqi universitetdə tədris olunan bütün fənləri əhatə etməsidir.
 
Departament üzvləri orta ümumtəhsil məktəbləri, o cümlədən ADPU-nun baza məktəbi olan Məmməd Rahim adına 7 nömrəli tam orta məktəblə sıx əməkdaşlıq edir, məktəb turnirlərinin təşkil olunmasında fəallıq nümayiş etdirirlər. 
 
Bunlardan başqa, departament universitetdə tələbələrin təhsillərini davam etdirərək magistraturaya daxil olmasına zəmin yaradan məntiq oimpiadaları təşkil etmişdir. Məntiq olimpiadalarına III, IV tədris ilində təhsil alan tələbələrlə yanaşı, magistrantlar da qatılmşlar. 
 
Elm və təhsil departamentinin yaranma tarixi, qarşıya qoyulan məqsəd və vəzifələrindən Məktəbəqədər təhsil, psixoloji xidmət və korreksiyaedici təlim fakültəsinin II tədris ili tələbəsi, departamentin direktor müavini Cəmalə Abdulrəhimzadə söhbət açdı, universitetdə təşkil olunan elmi-praktik konfranslar, seminarlar, yarışlar barədə ətraflı məlumat verdi. Vurğulandı ki, universitetlərarası keçirilən müsabiqə və yarışlarda ADPU-nun komandası dəfələrlə yüksək yerlərə layiq görülmüşdür. Tələbələr universitetdə keçirilən yarışlar, olimpiadalara daim maraq göstərmişdir ki, bunun səbəblərindən biri də sonda qalibiyyət qazanan iştirakçılara təqdim olunacaq mükafatlardır. 
 

Xəzər TV-nin əməkdaşları ADPU-nun Heydər Əliyev Mərkəzində

 

Departamentin İntellektual Oyunlar Klubunun (İOK) mütəmadi olaraq keçirdiyi yarışlardan da söhbət açıldı. Həmin yarışladan biri 2016-cı ilin dekabr ayında Ümummilli Liderin anım gününə həsr olunmuş və universitetin Heydər Əliyev Mərkəzində təşkil olunmuşdur.
 
Səkkiz üzvü olan Elm və təhsil departamentinin digər klubu – Biznes və diplomatiya klubunun fəaliyyəti, həyata keçiridiyi müxtəlif layihələrdən klubun prezidenti, universitetin Kimya və biologiya fakültəsinin II tədris ili tələbəsi Aytac Rizvanlı ətraflı söhbət açdı. Klubun prezidenti qarşıya qoyulan vəzifələrdən, hədəflərdən bəhs etdi, eyni zamanda gələcəkdə böyük layihələr, yüksək uğurlara imza atacaq bir iş xanımı olmaq arzusunu da dilə gətirdi. 
 
Tələbələrin sosial problemlərinin həlli, onlarla maarifləndirici görüşlərin keçirilməsi, asudə vaxtının səmərəli təşkilinə zəmin yaradan TGT-nin digər departamentlərinin fəaliyyətinin işıqlandırılması üçün Xəzər TV-nin "2x2” verilişinin çəkiliş qrupu ADPU-nun 2 nömrəli tədris korpusunda öz işini davam etdirdi.



Загрузка...