Elif Şafakın bu kitabını yüz ildən sonra da oxuyacaqlar
Tanınmış türk yazar Elif Şafak "Gələcəyin kitabxanası” layihəsinə dəvət alıb.
Aztəhsil.com-un türk mətbuatına istinadən verdiyi məlumata görə, Şotland sənətçisi Katia Paterson tərəfindən reallaşan layihə yüz il davam edəcək. Proyektdə iştirak edən yazıçı sadəcə bir kitabxana üçün kitab yazacaq və kitab yüz il sonra oxunacaq.
Elif Şafak layihə ilə bağlı verdiyi açıqlamada qeyd edib ki, yüz il sonra oxunacaq bir mətn yazmaq məktub yazıb çaya atmaq kimidir. Hara gedəcəyini və kimin oxuyacağını bilmirsən, sadəcə zamanın axarına buraxırsan.
İndiyədək kanadalı yazıçı Marqaret Atvudun, ingilis romançı Devid Miçelin və islandiyalı şair Sjonun dəvət aldığı layihədə çap olunacaq əsərlərin kağızı üçün Norveçdə min ağaclıq xüsusi meşə yetişdirilir.