Kitab üzərindən açılan dünya...
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə "SAF Həyat Naminə" Gənclər İctimai Birliyinin həyata keçirdiyi "Kitab üzərindən açılan dünya" adlı lahiyəyə artıq start verilib.
Birlikdən verilən məlumata görə, hazırda lahiyənin icrasıyla bağlı hazırlıq işləri davam edir.
Layihənin əsas məqsədi gənclər arasında kitaba münasibətin araşdırılması, onlara kitabın ərsəyə gəlməsində çəkilən zəhmətin dəyərləndirilməsini aşılamaq və kitab oxumağın insanın dünya görüşündə, düşüncəsində yaratdığı dəyişikliyi aşkarlamaqdan və hətta belə onların peşə seçimində rolunu təbliğ və təşviq etməkdən ibarətdir.
Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 26 yanvar tarixli Sərəncamı ilə "2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası” təsdiq edilmişdir. Strategiyanın əsas məqsədlərindən biri də qeyd olunan müddətdə Azərbaycan gəncliyinin potensialını müasir dövrün tələblərinə uyğun inkişaf etdirmək və həmin potensialdan Azərbaycan Respublikasının mənafeləri naminə istifadə etməkdən ibarətdir.
Eyni zamanda, yeniyetmə və gənclərə peşə seçimində kitabın rolunun nə qədər önəmli olduğunu aşılamaqla bərabər, kitab istehsalının nə qədər əziyyət tələb edən bir proses olduğunu çatdırmaqdır. Bəlkə də kənardan baxdığımızda bu bizim üçün bir o qədər də çətin görünmür. Lakin işlə yaxından tanış olduqdan sonra insanların həyatında kitabın rolunu anlamaq çətin deyil. Məhz bu prosesin yeniyetmə və gənclərin bu istiqamətdə məlumatlandırılmasına ehtiyac var.
Qeyd edək ki, layihənin icrası üç ay müddətində ( 15.09.2017 -15.12.2017 ) Bakı şəhəri Nizami rayonunun 4 tam orta məktəblərini əhatə edir.