Valideynlərini itirən gənclər işlə təmin edilib
Dövlət uşaq müəssisələrinin məzunu olan, hər iki valideynini itirmiş və valideyn himayəsindən məhrum gənclər Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun "Məzun evi” Sosial Müəssisəsində (Abşeron rayonu, Masazır kəndi) yeni mənzillərə köçürüldükdən sonra ilk növbədə onların məşğulluğunun təminatı yönündə müvafiq işlər aparılır.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, ölkəmizdə dövlət uşaq müəssisələrinin məzunu olan, hər iki valideynini itirmiş və valideyn himayəsindən məhrum gənclərin mənzillə təmin olunması Azərbaycan Prezidenti cənab İlham Əliyevin bu təbəqədən olan gənclərə xüsusi qayğısının, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın humanist təşəbbüsünün nəticəsidir.
Bu məqsədlə Abşeron rayonunun, Masazır kəndində bu təbəqədən olan gənclər üçün hər biri 120 mənzilli iki yaşayış binası inşa edilərək onların istifadəsinə verilib. Hazırda burada eyni məqsədlə daha bir 120 mənzilli yaşayış binasının tikintisi aparılmaqla, qarşıdakı dövrdə də bu prosesin davam etdirilməsi nəzərdə tutulur.
Mövcud qanunvericiliyə uyğun olaraq Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təqdim olunan siyahıda adları göstərilən gənclər müəssisədə müasir tələblərə uyğun yaşayış şəraitinə malik mənzillərlə təmin edildikdən sonra onların əmək bazarına çıxış imkanlarının dəstəklənməsi və daimi iş yerlərində məşğulluğunun təmin olunması məsələsi diqqətdə saxlanılıb.
Gənclərdən 20 nəfərinin elə yaşadıqları "Məzun evi”ndəki ştat vahidlərində, habelə ictimai-iaşə xidməti sahələrində daimi iş yerləri ilə təminatı həyata keçirilib. "Məzun evi”nin digər gənc sakinlərinin əməyindən istifadə olunması üçün sosial dialoq çərçivəsində işəgötürənlərlə mütəmadi əlaqələr yaradılıb.
Ötən dövrdə görülən tədbirlər nəticəsində 30 nəfər gəncin yaşıllaşdırma müəssisəsində, 25 nəfər gəncin "Məzun evi” üçün tikilən yeni yaşayış binasının, 6 nəfər gəncin yaxın ərazidəki "Yeni Bakı” yaşayış kompleksınin və 11 nəfərin məcburi köçkünlər üçün inşa olunan yaşayış kompleksinin tikintisi işlərində, 6 nəfərin karton fabrikində, 3 nəfərin Dövlət Neft Şirkəti (SOCAR) sistemində, 3 nəfər gəncin beton istehsal edən zavodda, 2 nəfər gəncin şəxsi klinikalarda və s. daimi iş yerləri ilə təminatı həyata keçirilib.
Müvafiq sahədə aparılan işlərin davamı olaraq, burada xalça və tikiş sexləri də yaradılıb və hər iki sexdə "Məzun evi”nin ümumilikdə 28 nəfər sakininin məşğulluğu təmin edilib. Bundan əvvəl isə həmin gənclər üçün xalçaçılıq və tikişçilik peşələri üzrə peşə hazırlığı kursları təşkil olunub və onlar yerinə yetirəcəkləri peşəni öyrəniblər.
Eyni zamanda, "Məzun evi”nin digər ayrı-ayrı sakinləri hazırda fərdi qaydada Bakı və Abşeron rayonu ərazisindəki müxtəlif ictimai-iaşə xidməti müəssisələrində işləyirlər. Beləliklə, "Məzun evi”ndə yaşayan gənclərin artıq əksər hissəsi daimi iş yerləri ilə təmin ediliblər. Gənclərdən 7 nəfəri isə tələbədir ki, onlardan 2 nəfəri Moskva, 5 nəfəri Bakı şəhərindəki ali təhsil müəssisələrində ali təhsil alırlar. Ali məktəbləri bitirdikdən sonra onların ixtisaslı mütəxəssislər kimi əmək bazarına çıxış imkanlarına malik olmaları da təmin ediləcək.
Hazırda "Məzun evi” üçün tikilən növbəti yaşayış binasında onlar üçün uşaq bağçasının fəaliyyət göstərməsi, binanın ətrafında məzunlar üçün idman kompleksinin olması, yaxınlıqda məktəbin inşası da nəzərdə tutulub. Bununla əlaqədar həmin ərazidə yaranacaq yeni iş yerləri üzrə aidiyyəti əmək sahələrində də ilk növbədə müəssisədəki gənclərin məşğulluğunun təminatı həyata keçiriləcək.
Qeyd olunanlarla yanaşı, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən "Məzun evi”nin elə özündə əmək bazarının tələblərinə uyğun bir sıra peşələr üzrə peşə hazırlığı kurslarının təşkilinə hazırlıq işlərinə də başlanılıb.