Dilçi alimdən ETİRAZ: "APARICILAR ELƏ CÜMLƏ QURURLAR Kİ, ..." - MÜSAHİBƏ
Bilal İsmayılov: "...Onları başa düşmək mümkün olmur".
"Televiziya verilişlərinə hamı baxır. Ona görə, televiziyada ləhcə ilə danışmaq, dialekt sözlər işlətmək yığışdırılmalıdır".
"Məqsədimiz cəmiyyəti Azərbaycan dilinin qanunlarına uyğun, düzgün şəkildə danışmağa çağırmaqdır".
Azərbaycan televiziya və radiolarında ədəbi dil normalarının pozulmasının aradan qaldırılması istiqamətində uzun zamandır ciddi tədbirlər görülür.
Doğrudur, aidiyyəti qurumların səyi nəticəsində müəyyən dövrlərdə bu probemlərin həllinə qismən də olsa nail olunub. Amma son aylar sözügedən qüsurlar yenidən çoxalıb. Əksər tele və radio verilişlərini 5 dəqiqə izləmək kifayət edir ki, orada xeyli sayda dil qüsuru aşkarlayasan.
Aztəhsil.com Sherg.az-a istinadən müsahibəni təqdim edir:
- Televiziya və radiolarda ədəbi dilin təbliği ilə bağlı hazırkı vəziyyəti necə dəyərləndirirsiniz?
- Bu sahədə çalışanların danışıq dili ilə bağlı müzakirələr illərdir aparılır. Müxtəlif vaxtlarda problemin qarşısını almaq üçün bir çox dəyərli təkliflər və məlumatlar toplusu da hazırlanıb. Belə güman edirəm ki, televiziya və radio aparıcılarının ədəbi dil normalarına riayət etməsi, səlis məntiqli danışıq dilinə yiyələnməsi maarifləndirmə ilə mənimsədilməlidir. Bəzən aparıcılar, jurnalistlər elə cümlə qururlar ki, onları başa düşmək mümkün olmur. Bu, yalnız televiziyalara deyil, ümumən mətbuat nümayəndələrinə aiddir.
Bir neçə il əvvəl bu barədə müzakirələr zamanı belə halların qarşısının alınması mütləq məqsəd qoyuldu. Bunun üçün jurnalistlər və işçilərlə bərabər əsas müəssisənin, televiziyanın rəhbərləri prosesə cəlb edilməlidir. Ana dilinin təbliğatı ən yüksək səviyyədə aparılmalıdır.
Qəzet, jurnal, xəbər portalları və televiziyalar tək bir regiona, bölgəyə aid deyil. Hər kəs mətbuatla maraqlanır, oxuyur. Televiziya verilişlərinə hamı baxır. Ona görə, televiziyada ləhcə ilə danışmaq, dialekt sözlər işlətmək yığışdırılmalıdır. Efirdə məişət dilində, Azərbaycan dilinin qanunlarından kənar formada danışmaq olmaz. Məqsədimiz cəmiyyəti Azərbaycan dilinin qanunlarına uyğun, düzgün şəkildə danışmağa çağırmaqdır. Bu təbliğatı isə zor gücü ilə apara bilmərik. Maarifləndirməklə aparıcıları, diktorları düzgün danışıq dilinə yiyələndirə biləriksə, niyə cəza tətbiq edək?
- Efirdə və mətbuatda ən çox diqqətinizi çəkən dil qüsurları nələrdir?
- Son vaxtlar efirlərdə fikrini ifadə edə bilməyən aparıcılar yerli-yersiz cümlə tərkiblərindən istifadə edir. Azərbaycan dilində məsdər, feli sifət, feli bağlama tərkibləri var. Bunlardan istifadə edərək, fikrimizi daha aydın, səlis çatdıra bilərik.
7-10 yaşında uşaqlar bu tərkiblərdən istifadə edir və onların nitqində çox gözəl alınır. Əksinə olaraq, bəzən böyük, yaşı çox olan insanlar biabırçı vəziyyətdə danışırlar. Təəssüf ki, onların nitqini 7 yaşlı orta məktəb tələbəsinin nitqi ilə belə müqayisə etmək olmaz. Bu, onunla əlaqədardır ki, əksəriyyət Azərbaycan deyil, rus təhsillidir. Beləliklə, rus dilinin təsiri altında sözləri harada və necə gəldi istifadə edir. Bəzən, mübtədanı cümlənin sonunda işlədir, söz sırasını pozurlar. Bu cür söz sırasının pozulması bədii ədəbiyyatda istifadə edilə bilər, lakin belə hallar televiziya danışığında, aparıcının nitqində yolverilməzdir.
-Televiziya və radiolarda dil qüsurlarının aradan qaldırılması üçün cəzaların tətbiq edilməsi təklif olunur. Necə düşünürsünüz, məlum təklif yaranmış problemi həll etməyə yetərmi?
- Dil məsələsini cəzalarla, cərimələrlə düzəltmək çətin məsələdir. Həmin televiziya və radio rəhbərlərinin, jurnalistlərin də nəzərinə çatdırmaq lazımdır ki, dil normalarından kənara çıxmaq olmaz. Efirdə olarkən hər kəs dil qaydalarına riayət etməlidir.
Bəzən görürük ki, qəzet, jurnal, sayt, televiziya rəhbərlərinə bu barədə irad tutulur, lakin onlar eyni səhvləri yenə təkrar edirlər. Bir növ "bu qulaqdan alıb, o birindən ötürürlər”. Bu zaman sözsüz ki, cəzalandırmaya ehtiyac yaranır. Dəfələrlə bir media qurumuna xəbərdarlıq edilib, vəziyyət dəyişməyibsə, qarşısını almaq üçün mütləq tədbir görülməlidir.
- Məsələn, hansı tədbirlər ?
Bir neçə il əvvəl televiziyaların tərkibində dil şuraları yaradılmışdı. Bu, müsbət addım idi. Hər bir məqalə, dərc olunacaq material o şuralardan keçdikdən sonra ictimaiyyətə çatdırıla bilər. Həmin şuralar normal fəaliyyət göstərsəydi, dil qüsurlarının aradan qaldırılması asanlaşardı.
Yenidən bu istiqamətdə tədbirlər görüb, elə televiziyaların öz daxilində qabaqlayıcı addımlar atmaq olar.
Dil məsələsində ən çox maarifləndirməni əsas götürmək lazımdır. Cəmiyyətdə elə insanlar var ki, qəzet və televiziya dilini təqlid edir, bu şəkildə danışmaq istəyir. Medianın dili düzgün olmasa, insanlar haradan nümunə götürəcək? Necə öyrənəcək? Televiziyalarda aparıcıların düzgün nitqi olmasa, bu, cəmiyyətə də mənfi təsir edəcək.