Dərs saatına görə rüşvət alan direktor işdən çıxarıldı
Mingəçevir şəhər 4 nömrəli tam orta məktəbin direktoru Azər Qazıyevin müəllimlərdən dərs saatlarına görə rüşvət alması barədə yayılan görüntülərlə bağlı araşdırma aparılıb.
Oxu.Az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin açıqlamasında deyilir.
“Araşdırmanın nəticəsinə əsasən, əmək fəaliyyətində yol verdiyi hüquqpozmaya və kobud nöqsana görə məktəbin direktoru Azər Qazıyev Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırovun müvafiq əmrinə əsasən, işdən azad edilib.
Agentlik təhsil müəssisələrində əmək fəaliyyətində yol verilən nöqsan, hüquqpozmaların aşkarlanması, qarşısının alınması və aradan qaldırılması ilə bağlı müvafiq tədbirlərin görülməsi məqsədilə monitorinqlərə başlayıb”, - məlumatda deyilir.
Qeyd edək ki, Mingəçevir şəhər 4 saylı tam orta məktəbin coğrafiya müəlliməsi Həbibə Yuldaş qızı Rahibova Oxu.Az-a açıqlamasında işlədiyi məktəbin direktoru Azər Arif oğlu Qazıyevin hər dərs saatı üçün müəllim heyətindən 50 manat məbləğində rüşvət aldığını bildirmişdi.
Səsləndirilən iddialarla bağlı Oxu.Az-a açıqlama verən məktəb direktoru Azər Qazıyev isə məsələnin prokurorluq tərəfindən araşdırıldığını demiş, qabaqcıl təhsil işçisi olduğunu, “Tərəqqi” medalına layiq görüldüyünü qabartmış və rüşvət iddialarını özünə qarşı qurulma iş adlandırmışdı.