Dövlət qulluğuna qəbulun test imtahanlarının nəticələri elan olunub
Dövlət qulluğuna qəbul və dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üçün avqustun 13-də keçirilən test imtahanlarının nəticələri elan olunub.
Bu barədə Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.
Qeyd olunub ki, DİM 2023-cü il avqustun 13-də inzibati icraçı vəzifələrə (B növü) aid vəzifə qrupları üzrə dövlət qulluğuna qəbul imtahanı və inzibati icraçı vəzifələrə aid BB vəzifə qrupları üzrə dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi imtahanı keçirib.
Kağız daşıyıcılar vasitəsilə keçirilən hər iki imtahanın nəticələri DİM-in saytında yerləşdirilib. Namizədlər imtahanın nəticələri haqqında məlumatı, mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.
Dövlət qulluğuna qəbul imtahanında iştirak etmək üçün qeydiyyatdan keçən 2030 namizəddən 48 nəfər imtahana gəlməyib.
İmtahan nəticələrinə əsasən, BA2 altqrupu üzrə altı nəfər, BA3 altqrupu üzrə 14 nəfər, BA4 altqrupu üzrə 53 nəfər, BB1 altqrupu üzrə 29 nəfər, BB2 altqrupu üzrə 70 nəfər, BB3 altqrupu üzrə 105 nəfər, BB4 altqrupu üzrə 192 nəfər olmaqla, ümumilikdə 469 namizəd tələb olunan müsabiqə şərtlərini ödəyərək uğur qazanıb.
Test imtahanından müvəffəqiyyətlə keçən namizədə altqruplara daxil olan vəzifələrə uyğun olaraq sertifikat veriləcək. Sertifikatın qüvvədə olma müddəti beş ildir.
Test imtahanından müvəffəqiyyətlə keçən namizəd sertifikatı əldə etmək üçün avqustun 15-dən 28-dək DİM-in portalında müraciət formasını doldurmalıdır. Namizədin təqdim etdiyi məlumatların düzgünlüyünün yoxlanılması məqsədi ilə ali təhsil haqqında sənədin və əmək kitabçasının (olduğu halda) surətləri “skan” edilərək formaya əlavə olunur.
İnzibati vəzifələrin müvafiq altqrupu üzrə sertifikata malik olan şəxs sertifikatda nəzərdə tutulmuş vəzifə, habelə həmin altqrupun aid olduğu qrup daxilində daha aşağı altqruplara uyğun olan vəzifə üzrə keçirilən müsahibələrdə iştirak edə bilər. Elan edilmiş müsahibədə iştirak üçün müraciət edən namizəd qanunvericiliklə müəyyən edilmiş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Ümumi şərtlərin tələblərinə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.
Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahanda isə 201 namizəd iştirak edib.
İmtahan nəticələrinə əsasən, BB1 altqrupu üzrə yeddi, BB2 altqrupu üzrə 21, BB3 altqrupu üzrə 38, BB4 altqrupu üzrə 39 nəfər olmaqla, ümumilikdə 105 namizəd tələb olunan şərtləri ödəyərək uğur qazanıb.
Test imtahanından müvəffəqiyyətlə keçən namizədlərə altqruplara daxil olan vəzifələrə uyğun olaraq sertifikat veriləcək. Sertifikatın qüvvədə olma müddəti beş ildir.
Hər iki imtahan nəticələri ilə bağlı apellyasiya komissiyasına müraciət etmək istəyənlər 15 avqust saat 10:00-dan 17 avqust 17:00-dək DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apellyasiya üçün müraciət edə bilməyəcəklər.
Bir namizədin ərizəsi (müraciəti) üzrə ən çox 15 dəqiqə müzakirə aparıla bilər. Ayrılan vaxt bitdikdə, kənar şəxs müzakirəyə qoşulduqda və ya etik davranış qaydaları pozulduqda müzakirə prosesi dayandırılır.