Avqustun 5-də yeni imtahan modeli əsasında TOEFL iBT imtahanı olacaq
Dövlət İmtahan Mərkəzində (DİM) avqustun 5-də yeni imtahan modeli əsasında TOEFL iBT imtahanı keçiriləcək.
Bu barədə DİM-dən məlumat verilib. Bildirilib ki, imtahan DİM-in Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında (8 Noyabr metrostansiyasının yanı) yerləşən binasında təşkil olunacaq.
Təhsildə Qiymətləndirmə Xidməti (Educational Testing Service) qurumu tərəfindən edilən dəyişikliklərə əsasən artıq imtahan müddəti 2 saatdan az olacaq.
Tətbiq olunacaq yeni imtahan modeli DİM-in saytında yerləşdirilib. İmtahana gəlməli olan şəxslər saat 08:00-dan gec olmayaraq şəkilli şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu ilə birlikdə imtahan binasında olmalıdırlar. İmtahan saat 09:00-da başlanır. TOEFL iBT imtahanında iştirak etmək üçün 15 və daha aşağı yaş qrupuna aid olan uşaqlar imtahan binasına valideynləri ilə birlikdə gəlməlidirlər.
TOEFL iBT imtahanı haqqında daha ətraflı məlumatla DİM-in səhifəsindən tanış olmaq mümkündür.