"İstənilən halda doğma ana dilimizin mükəmməlliyini qoruyub saxlamalıyıq"
Bir müddət əvvəl Azərbaycan elm və təhsil nazirliyinin müavini İdris İsayev Həştərxanda keçirilən “Heydər Əliyevin Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında əməkdaşlığın inkişafına töhfəsi” adlı dəyirmi masada çıxışı zamanı bildirib ki, Azərbaycan təhsildə rus dilini saxlayacaq. O, qeyd edib ki, Azərbaycanda rus dilində tədris aparılan 329 məktəb var. Və 160 min şagird bu məktəblərdə təhsil alır. Universitetlərin rus bölmələrində isə, 16 min tələbə təhsil alır.
Azərbaycanda rus dilində təhsil bizə lazımdırmı?
Təhsil məsələləri üzrə ekspert Nadir İsrafilov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, mövcud qanunvericiliyimizə əsasən, valideynlər övladları üçün dil seçimini etməkdə sərbəstdirlər. “Təhsil haqqında” və “Ümumtəhsil haqqında” qanunların tələblərinə əsasən 2019-cu ildən etibarən digər dildə tədris aparılan bölmədə oxumaq istəyən uşaqların birinci sinfə qəbulu zamanı həmin dil üzrə şifahi nitq bacarıqları qiymətləndirilir və müsahibədən keçə bilməyən uşaqlar digər dildə tədris aparılan bölmələr üzrə təhsil ala bilməzlər.
“Bununla belə “dil seçimini etməkdə sərbəstliyi” əsas gətrənlərlərlə Konstitusiyanın “Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir” müddəasına istinad edənlər arasnda fikir ayrılığı bu günün özündə də davam etməkdədir. Ölkəmizdə istər orta ümumtəhsil məktəblərində istərsə də ali təhsil müəssisələrində tədris ingilis, fransız, alman, ərəb, fars, hətta erməni dilində aparılsa da əsas müzakirə və mübahisə obyekti, rus dilli məktəblər və Azərbaycan məktəblərində yaradılan rus bölmələri olub və olmaqda qalmaqdadır. Bu da bir ara səngimədən sonra son illər yenidən övladlarını rus bölməsində oxutmaq istəyində olanların say etibarı ilə nəzərəçarpacaq artımının müşahidə olunması ilə əlaqədardır”-deyən ekspert qeyd edib ki, rus bölməsinə axının bir çox səbəbləri var ki, bunlardan işə götürənlərin iş üçün müraciət edənlərdən rus dilini bilməsini əsas şərt kimi tələb etməsi, rus dilində elmi və kütləvi ədəbiyyatın çoxluğu, Rusiyanın qonşu ölkə olması və onun ali məktəblərində təhsil ödənişlərinin bizdəkindən ucuz başa gəlməsidir. Bu dilə meyillilikdə bir səbəb də, rus dilində oxuyanın gələcəkdə bu dilin onun quracağı karyerasında köməyinin olacağını düşünməsidir.
Ekspert fikrincə, bir sıra insanların rusdilli olması ilə özlərini elit və kübar göstərmək istəyi də bu səbəblərdən biridir. Lakin, problem heç də yaranmış vəziyyətə fərqli yanaşmalarla bitmir. Təbii prosesin süni yollarla qarşısının alınması və rus dilində tədrisin əleyhinə getmək də düzgün mövqe sayıla bilməz və vəziyyətdən yeganə çıxış yolu hesab edilə bilməz. Əsas problem rus dilində təhsil almağa müraciətlərin çoxluğunda, rus bölməsində yerlərin də məhdudluğundadır.
“Nazir də bu məsələyə münasibət bildirərkən deyib ki, mövcud imkanlar da başa düşülməlidir: “Bu gün mövcud rus dili bölmələrinin keyfiyyətini qoruyub saxlamaq nazirlik üçün ağrılı məsələdir. Çünki, müəllim yoxdur. Biz MİQ imtahanı üçün elan etdiyimiz yerlərin 15-18 faizini doldura bilirik. Xeyli sayda vakant yerlərimiz var. Amma həmin vakansiyalarda işləyəcək rus dilli müəllim tapa bilmirik”
Azərbaycan dili bizim dövlət dilidir və bu dili hamı bilməlidir. Ancaq, xarici dillərdən birini və hətta bir neçəsini bilmək də dövrün əsas tələbidir. Peşəkar rusdilli müəllimlərin çatışmazlığı və yaxud təlimi rus dilində olan məktəblərdə Azərbaycan dilinin tədrisinin zəifliyi heç də o demək deyil ki, bununun səbəbkarı məhz rus dilidir”-deyə Nadir İsrafilov qeyd edib. Onun sözlərinə görə, problemi aradan qaldırarkən səbəb-nəticə əlaqələrinə biganə yanaşmaq, nəticəni qabardıb, səbəblərdən yan keçmək heç bir halda vəziyyətdən çıxış yolu ola bilməz. Bəlkə, bunun başlıca səbəbi Azərbaycan bölməsində rus dilinin tədrisinin, rus bölməsində Azərbaycan dilinin tədrisi səviyyəsinin valideynləri lazımınca qane etməməsidir?
“Bəli, 1990-cı illərin ortalarından fərqli olaraq indi rus bölməsinə maraq bir neçə dəfə artıb. Lakin niyə artıb? Əgər qarşımıza artımı sabitləşdirmək məqsədi qoyuruqsa ilk növbədə fikirləşməliyik ki, məsələyə yanaşmada hansı effektiv yola əl ata bilərik? Bəlkə rus bölməsilə müqayisədə azərbaycan bölməsindəki müəllimlərimizin peşəkarlıq səviyyəsi o qədər də qane edici deyil? Bəlkə Azərbaycan bölməsində rus dili üzrə dərs saatlarını artırıb, rus bölməsində Azərbaycan dilinin tədrisinə daha ciddi yanaşaq? Bəlkə bunun əsas və başlıca səbəblərindən biri elə təməl sayılan uşaq bağçalarında rus və ingilis dillərinə xüsusi yer ayrılmasıdır, bir çox elit ailələrin dəb xatirinə ailədə və məışətdə rus dili danışığına üstünlük verməsidir? Bəlkə bir çox şirkətlərin işə qəbul olunanlar qarşısında rus dilini mükəmməl bilmək tələbi qoymasıdır? Ana dilimizin təhsil və elm sahələrində funksional olması üçün etdiklərimiz bəlkə kifayət etmir...?”-deyən İsrafilov hesab edir ki, bu məsələdə hər iki dilə münasibəti optimallaşdırmaq üçün rus dilli bölmələrdə Azərbaycan dili dərslərinin səviyyəsini artırmaq və gücləndirmək lazımdır. Azərbaycan bölməsində də əksinə rus dili dərslərini gücləndirmək lazımdır.
Ekspert hesab edir ki, rus dilinə meyillilik Azərbaycan dilinə mane ola bilməz. Sadəcə, məsələnin mahiyyəti ciddi araşdırılmalı və optimal variant tətbiq olunmalıdır. Təhsil qanununvericiliyimizdə də nəzərdə tutulduğu kimi Azərbaycan Respublikasının təhsil sistemi milli zəminə və ümumbəşəri dəyərlərə əsaslanır, demokratik xarakter daşıyır. İstənilən halda ana dilimizin mükəmməlliyini qoruyub saxlamalı və xarici dillərdən heç birini, heç bir halda doğma dilimizi üstələməyinə yol verməməliyik.