UGİM direktoru: “Mehman Xəlilov yeddi yaşlı uşağa məşq keçməklə qanunsuzluğa yol verib” - MÜSAHİBƏ + FOTO
Aprelin 29-da Sumqayıtda Uşaq Şəhər xəstəxanasında 7 yaşlı Fərid Bakarovun ölüm xəbəri ölkədə əks-səda verib. Hadisənin baş verdiyi yer Sumqayıt Şəhər 1 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman-Şahmat Məktəbinə (İOEUGİŞM) tabedir.
Prosport.az həmin İOEUGİŞM-in direktoru, 2004-cü il Yay Olimpiya Oyunlarının boks üzrə bürünc mükafatçısı olan Fuad Aslanovdan bu məsələ ilə bağlı müsahibə götürüb.
- 7 yaşlı Fərid Bakarovun ölümündə günahkar bilinən Mehman Xəlilov sizin məktəbin məşqçisi sayılır. O, təxminən neçə vaxtdır ki, sizdə məşqçi işləyir?
- Bir ildir. Bu tədris ilindən bizdə işləyir.
- Ancaq o, sizdə sambodan məşq keçir, ya cüdo və ciu-citsu idman növlərindən də?
- Yalnız sambodan.
- Bizdə olan məlumata görə, həmin idmançı sizin məktəbin tələbəsi deyilmiş...
- Elədir, o, bizim jurnalın uşağı deyil. Götürüb öz qohumunu bura gətizdirib. Bizdə 7 yaşlı uşağın məşqinə icazə yoxdur. Bizdə məşqlər 10 yaşından etibarən başlayır.
- Siz bu hadisə olanadək onu bilməmisiniz?
- Yox. Biz baxış keçirəndə o uşaq orada olmayıb.
- Bu baxış hər gün keçirilir?
- Yox. İl ərzində 2-3 dəfə, hətta 4 dəfə baxış keçirilir. Uşaq məktəbə götürüləndə ondan imtahan götürülür. Oktyabr-noyabr və fevral aylarında həmin uşağın orda olmasının müəyyənləşdirilməsi üçün təlimatçılarımız tərəfindən baxış keçirilir. Bir də tədris ilinin sonunda ondan buraxılış imtahanı götürülür. Baxış zamanı bu uşaq orada olmayıb. Bu adam jurnaldan kənar uşağa məşq keçməklə qanunsuzluğa yol verib.
- Hadisədən yayılan görüntü sizin İdman Məktəbində baş verib?
- Xeyr. O hadisə “Nasosnı”dakı (indiki Hacı Zeynalabdin qəsəbəsi) 19 saylı orta məktəbin idman zalında baş verib. Sadəcə olaraq, UGİM-də zallar olmadığı üçün biz Təhsil Nazirliyinin məktubu əsasında dərslərdən sonra həmin məktəbin zalından istifadə edirik. Həmin məktəbdə 3 müəllimimiz var. Mehman Xəlilov da onlardan biri idi.
- Bu gün Elm və Təhsil Nazirliyində bununla bağlı iclas olmalı idi. Siz ora çağırılmamışdınız?
- İclas haqqında xəbərim yoxdur. Yəqin daha yüksək rəhbər şəxslər iclasa çağırılıb.
- Ölüm hadisəsində Mehman Xəlilovun günahı sübuta yetirilməsə, onun məktəbdə məşqçi kimi işləməsi mümkündür?
- Xeyr, olmaz! O belə adam olmayıb, normal insan idi. Bizim “Təhsil”in (“Təhsil” Respublika İdman Mərkəzi) idmançısıdır. Dəfələrlə sambodan Avropa çempionatı və Dünya Kubokunda medallar qazanıb, Avropa Oyunlarının bürünc mükafatçısıdır. Bu yaxınlarda İsraildə Avropa 3-cüsü olmuşdu. Normal insan idi, onu utancaq, namaz qılan insan kimi tanımışam. Belə adam olduğunu bilsəm, işə götürmərəm. Görüntüdə o adam deyil, vəhşidir. O videonu görəndən sonra gecə saat 3-dək gözümə yuxu getməyib.