İlham Əhmədov: Bizim kurikulumla dərs keçən erməni məktəblisi
“Qarabağda yaşayan ermənilər ya Azərbaycan vətəndaşlığını qəbul etməlidirlər, ya da özləri üçün başqa yaşayış yeri tapmalıdırlar. Burada tam sərbəstlik var, bütün demokratik əsaslar təklif olunur. Bu məsələ insan hüquqları əsasında öz həllini tapmalıdır” (Prezident İlham Əliyev).
Qarabağda tarixi Zəfərdən sonra yeni reallıq yaranmışdır. Ölkənin bütün qurumları bu reallığı nəzərəalmalı və vaxt itirmədən bu əsasda öz fəaliyyətlərini qumralıdırlar.
Əgər Qarabağın erməni əhalisinin bir qismi orada qalıb yaşasa, bizim vətəndaş olmağa razı olsa, onların uşaqları hansı təhsil sistemi ilə oxuyacaqlar? Hansı dərsliklərlə dərs keçəcəklər? Təbii ki, milli azlıq kimi bizim dərsliklərlə oxumalıdırlar. Bizim dərsliklər erməni dilinə tərcümə edilərək dərc edilib onlara verilməlidir. Erməni məktəbliləri üçün xüsusi olaraq Azərbaycan dili, Azərbaycan tarixi və digər milli komponetli dərsliklər yazılmalıdır. Onlar Azərbaycan vətəndaşı kimi dövlət dilini, konstitusiyanı və tariximizi öyrənməli, dövlət dilində danışmağı bacarmalıdırlar.
Bəs bizim keyfiyyətsiz və səriştəsiz kurikulumlarla tanış olduqdan sonra, ermənilər öz uşaqlarını bu sistemlə oxutmağa razı olacaqmı?
Bəs Xankəndi universitetinin tələbələri necə? Biz onlara indi istifadə etdikləri dərsliklərdən, metodikalardan, texnologiyalardan daha yaxşısını təqdim edə biləcəyikmi? Yoxsa, onlar yenə də Yerevanda yazılan anti türk rədsliklərlə təlim keçəcəklər. Məlumdur ki, bu kitablarda türkə qarşı xeyli həqarətlər var, tarix saxtalaşdırılıb, yalançı genosid haqqında nağıllar yer alır, bizə qarşı ərazi iddiaları var v.s.
ETN görəsən bu haqda nə düşünür? Məncə bu haqda heç nə düşünmür, onların heç vaxt normal strategiyaları olmayıb. Düşünsəydilər, milli təhsilimizi bu günə qoymazdılar, heç olmasa nə isə ortalığa çıxa bilən yaxşı işlər də görərdilər.
ETN ən azından 2020-ci il 8 noyabr Zəfərindən sonra bu haqda ciddi düşünməli, təcili tədbirlər görməli idi, yoxsa bunu da onlara kənardan demək lazım idi. Biz bu məsələni 2 il əvvəl də qaldırmışdıq. ETN heç bir təklifə məhəl qoymur, təhsildə deyəsən hər şeyi yaxşı “bilirlər”.
Təəssüf ki, ETN illər ərzində gördüyü işlər Lökbatandan o yana çıxarılası deyil.
Bu məsələlərə təhsil problemi kimi deyil, siyasi məsələ kimi baxılmalıdır.
Deyəsən Qarabağın erməni məktəblərinin bizim milli təhsil məkanına inteqrasiyası ETN-nin menecerləri üçün xeyli problemlər yaradacaq. Bir tərəfdə naşı komanda, bir tərəfdə isə hiyləğər, təhsil sahəsində təcrübəsi və biliyi olan, peşəkar erməni təhsil məmurları, erməni müəllimləri. Xüsusən də erməni müəllimlərinin bizim nazirliyin öz standartları ilə sertifikasiya, MİQ, DQ imtahanlarına cəlb edilməsi ETN üçün asan olmayacaq.
Nəhayət, Qarabağın erməni müəllimləri və şagirdləri ETN-nin onlara bəh-bəhlə təqdim edəcəyi "Məktəblinin dostu" layihəsinə görəsən nə reaksiya verəcəklər?
Amma bu problemlərin müsbət tərəfi də vardır. Bəlkə də erməniləri keyfiyyətsiz təhsillə təhdid edərək, oralardan didərgin salmaq mümkün oldu.
Dos. İlham Əhmədov