Nadir İsrafilov: “Belə bir ideya hələ 3 il bundan qabaq yaranmışdı...”
“Bilirsiniz ki, İtaliya-Azərbaycan Universitetinin inşa edilməsi prosesi sürətlə gedir, 5 İtaliya universiteti bizimlə artıq tərəfdaşdır. Eyni zamanda, azad olunmuş torpaqlarda ən çox iş görən şirkətlər Türkiyəni və İtaliyan təmsil edirlər.”
Bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 13-də 1280 MVt gücündə ən böyük İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimində iştirak edən İtaliya Respublikasının şirkətlər və “Made in Italy” naziri Adolfo Ursonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.
Məsələyə münasibət bildirən təhsil mütəxəssisi Nadir İsrafilov bir daha xatırladıb ki, belə bir Universitetin yaradlması ideyası hələ 3 il bundan əvvəl – Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci ilin fevralında İtaliyaya dövlət səfəri zamanı birinci xanım Mehriban Əliyeva ilə Roma şəhərində səfirliyimiz və onun tabeliyində Azərbaycan Mədəniyyət Mərkəzi üçün nəzərdə tutulan bina ilə tanışlıq zamanı yaranıb.
Romada İtaliya-Azərbaycan Universiteti üzrə əməkdaşlıq çərçivəsinin müəyyən edilməsi, fakültə və proqramların yaradılması ilə bağlı ADA Universiteti ilə İtaliyanın beş aparıcı ali təhsil müəssisəsi arasında akademik əməkdaşlığa dair imzalanmış sazişlərin mübadiləsi mərasimdə Ölkə başçısının “Biz gələcəkdə təhsil sahəsində də strateji tərəfdaş kimi fəaliyyət göstərəcəyik. Eyni zamanda, əminəm ki, İtaliya-Azərbaycan Universiteti İtaliya-Azərbaycan dostluğu mərkəzi olacaq” – mesajı təhsilin bu gün də prioritet sahə olaraq dövlət tərəfindən himayə olunması, onun inkişafına göstərilən diqqət və dövlət qayğısının yeni təzahürüdür.
Ölkə başçısı hələ o zaman bəyan etmişdi ki, “yaxın gələcəkdə universitet üçün bina da inşa ediləcək. Mən bu məsələni diqqətimdə saxlayıram. Mənə müntəzəm olaraq bu məsələ ilə bağlı məlumatlar verilir. Onu da bildirməliyəm ki, mənə verilən məlumat əsasında orada bir neçə fakültə fəaliyyət göstərəcək. O siyahıya baxanda gördüm ki, orada memarlıq fakültəsi yoxdur və təklif etdim ki, bu əlavə olunsun. Çünki İtaliya memarlığı ümumbəşəri dəyərdir.”
O ki, qaldı xarici unıvestitetlərlə birgə təhsilin necə formalaşacağına bu sahədə artıq müəyyən təcrübə var. Azərbaycanda Rusiyanın bir sıra universitetlərinin filiallarının açılması, 2014-cü ildə Azərbaycan və Fransa Prezidentlərinin təşəbbüsü ilə yaradılan Azərbaycan-Fransız Universitetinin (UFAZ) fəaliyyəti təhsilimizin beynəlxalq təhsil sisteminə inteqrasiyası baxımından xüsusilə önəmlidir. Tərəfdaşlıq çərçivəsində ADA Universiteti İtaliyanın Luiss Universiteti, Bolonya Universiteti, Milan Politexnik Universiteti, Turin Politexnik Universiteti və Roma Universiteti ilə əməkdaşlıq edir. İtaliya-Azərbaycan Universitetinin isə məhz Romada açılması, Azərbaycan-İtaliya strateji tərəfdaşlığının dərinləşməsinə doğru daha bir addım atılması ilə yanaşı, həm də bu ölkədə diaspora hərəkatının inkişafına bir dəstəkdir.
Digər bir məsələ, “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində təhsil ixtisası üzrə beynəlxalq ikili diplom proqramı davam edir. Respublikamızın bir sıra ali məktəbləri – Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Bakı Mühəndislik Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti Fransa, ABŞ, Cənubi Koreya, İtaliyanın nüfuzlu universitetləri ilə ikili diplom proqramlarını həyata keçirir, ixtisas proqramları və təhsil səviyyələri üzrəseçim lazımi seçim edirlər.
Bu kimi əlaqələrin yaradılmasında məqsəd ən qabaqcıl elmi nailiyyətlərdən, innovativ təlim-tədris texnologiyalarından yararlanaraq təhsilin idarəedilməsi sahəsində Azərbaycanda yeni nəsil mütəxəssislərin yetişdirilməsi, bu sahədə Azərbaycanın ali təhsil sisteminin məzmun və keyfiyyət göstəricilərinin beynəlxalq əlaqələr vasitəsilə müasirləşdirilməsinə dəstək göstərilməsidir.