Məktəb və bağçalarda istilik böhranı: uşaqlar 50 illik qərarın sazağında titrəyirlər
Həlli çox asan olan problemi dağa döndərməkdə, camaata əziyyət verməkdə məqsəd nədir?
Havaların soyumasına baxmayaraq, təhsil müəssisələrində istilik verilməyib, noyabr ayının 15-ni gözləyirlər. Müəllimlər sinif otaqlarında soyuqdan dişlərinin bir-birinə dəydiyini, paltoda dərs keçdiklərini deyirlər. Valideynlər uşaqların sinif otaqlarında qalın üst geyimlərində oturduqlarını, soyuqdan xəstələndiklərini, dərsdən qaldıqlarını söyləyirlər.
Bağçalar, kolleclər, universitetlərdən gələn şikayətlərə görə onlarda da eyni vəziyyət yaşanır. Mövcud problem isə təkcə bu il yox, demək olar ki, hər il bu vaxtlarda aktuallaşır. Bəs illərdir öz mövcudluğunu qoruyan bu problemin köklü həlli istiqamətində hansı addımlar atılmalıdır? Çıxış yolu nədir?
AYNA problemə aydınlıq gətirməyə çalışıb.
Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov da o fikirdədir ki, istiliyin verilməsi ilə bağlı hər il yaşanan bu problemin köklü həlli üçün konkret addımlar atılmalıdır: “Bu il havalar tez soyuyub. Xüsusən də bu neçə gündə havanın soyuduğu açıq-aydın hiss olunur. Belə havalarda istilik sistemi olmadan təhsilin davam etdirilməsi çox çətindir. Bu məsələdə cavabdeh qurum, dövlətin bu sahədə siyasətini həyata keçirən məhz “Azəristiliktəchizat” ASC-dir. Ona görə də onların bu məsələni nəzərə almaları çox önəm daşıyır”.
“Bu gün hazırkı soyuq havada bir müəllim necə dərs keçə, şagird necə təhsilini davam etdirə bilər? Bu, mümkün deyil, çətin məsələdir. Buna görə də hesab edirəm ki, birbaşa onların məsuliyyətidir və onlar da bu məqamı nəzərə almalı, tez bir zamanda bu məsələyə baxmalıdırlar. “Azəristiliktəchizat” dövlət qurumları qarşısında özü, eləcə də Təhsil Nazirliyi bu məsələni qaldırmalıdır ki, problem öz həllini tapsın. Düzdür, bir neçə gündən sonra, 15 noyabrda onsuz da istilik veriləcək, amma o vaxta qədər soyuqdan xəstələnənlər olacaq. Bu da bizim təhsilin ümumi keyfiyyətinə öz təsirini göstərəcək”, - deyə deputat bildirib.
Məmmədov bu məsələyə köklü şəkildə baxılmalı olduğunu vurğulayıb: “Hər il eyni problemi yaşamamaq üçün konkret qərar qəbul etməliyik ki, eyni halla təkrar-təkrar qarşılaşmayaq. Təhsil Nazirliyi təhsilə cavabdeh qurum kimi, “Azəristiliktəchizat” da verdiyi istiliyə görə bu məsələdə məsuliyyət daşıyır. Hər iki qurum bu məsələni qaldırmalıdır. Koordinasiyalı şəkildə məsələyə baxaraq, lazmdırsa, Nazirlər Kabineti qarşısında da məsələ qaldırılmalıdır, büdcədən pul ayrılmalıdır. Ən uyğun variant da budur ki, ümumi havanı nəzərə alaraq noyabr ayının 1-dən istilik verilməsi təmin edilməlidir. Müqavilədə göstərilən vaxt artırılmalı, büdcədə də bu məqam nəzərdə tutulmalıdır”.
Təhsil Nazirliyi yanında İctimai Şuranın sədr müavini Nadir İsrafilov da deyib ki, istiliyin mövcud qrafikə əsasən noyabr ayının 15-dən verilməsi uşaqların mövsümi xəstəliklərə yoluxmasına, dərsə davamiyyətlərinə təsirsiz ötüşmür: “Havaların soyuq və bir çox halda yağmurlu keçməsi ilə əlaqədar məktəblərə vaxtından əvvəl istiliyin verilməsi ilə bağlı məsələ uzun illərdir ki, gündəmin əsas məsələlərindən biridir. O da məlumdur ki, payız-qış mövsümünə keçid ölkəmizdə noyabrın 15-dən hesablanır. İstiliyin verilməsinin mövcud qrafiki isə uşaqların mövsümi xəstəliklərə tutulması və dərsə davamiyyətinə heç də təsirsiz ötüşmür. Pandemiya dövründə isə bu hal daha ciddi fəsadlara yol aça bilər”.
Həmsöhbətimizin sözlərinə görə, bütün təhsil müəssisələri istiliyi eyni yerdən almır və bunun özü problemin həllində maneə yaradır: “Problemin həllində əsas maneə ondan ibarətdir ki, heç də bütün ümumi təhsil müəssisələrinin istiliyinin təmin olunması eyni idarə və ya təşkilatın səlahiyyətində deyil. “Azəristiliktəchizat”ın balansında olmayan xeyli təhsil müəssisəsi var. Respublikada olan məktəblərdən bir çoxu istiliyi başqa mənbələrdən alır. Bəzi məktəblərin fərdi qazanxanası var və istilik təchizatı öz mənbələri ilə təmin olunur. Bir neçə məktəbdə həm fərdi qazanxana var, həm də mərkəzləşdirilmiş istilik sistemi ilə təmin edilib”.
Ekspert vurğulayıb ki, bəzi hallarda istiliyin verilişi təmin olunduqdan sonra da problem tamamilə çözülmür: “Bəzən radiatorlarda istilik olmur. Qaz verilişi ilə bağlı problemlər yaranır. Ayrı-ayrı illərdə “Azəriqaz”ın məktəblərə qaz verməməsinin səbəbi onlara olan borcla bağlı olub. Bir çox hallarda mərkəzləşdirilmiş sistemə qoşulan məktəbdən bəzilərinə istilik noyabrın 15-də deyil, bir neçə gündən sonra verilməyə başlayıb, bir sıra məktəblər sırf texniki səbəblərdən qızdırılmır. Problemlərin bəziləri məktəblərə verilmiş mərkəzləşdirilmiş istilik xətlərinin özündədir və sair”.
“Bildiyim qədər məktəblərdə fərdi tipli qazanxanalar varsa, onlar qaz və ya dizel yanacağı ilə işə salınır. Bu zaman noyabrın 15-dən başlayaraq məktəblərdə üç ştat ocaqçı vəzifəsi olur. Həmin vəzifələrdə konkret olaraq məktəb direktoru tərəfindən növbəli iş sistemi yaradılır. Aprel ayının 15-də qış mövsümü bitdikdə ocaqçılardan ikisi müddətli əmək müqaviləsi ilə işə götürüldüyü üçün qış mövsümünün başa çatması ilə əlaqədar olaraq işdən azad olunur. Bir nəfər isə yarımştat olaraq yay dövründə qazanxanada olan avadanlığa baxmaq üçün saxlanılır. Onun əsas işi isə yayda vaxtaşırı olaraq qazanxanada olan inventarlara nəzarət etmək və onları saz vəziyyətdə saxlamaqdan ibarətdir”, - deyə İsrafilov söyləyib.
Əlavə edib ki, qış mövsümünün ümumtəhsil məktəblərində tətbiqi oktyabrın 15-dən başlanmalı, martın 15-nə qədər davam etməlidir: “Göründüyü kimi, ölkəmizin iqlim şəraitinə uyğun olaraq qış mövsümünün 15 noyabrdan başlaması ümumtəhsil məktəblərində bir çox problemlər yaradır. Oktyabrın əvvəllərindən etibarən havalar soyuyur, temperatur kəskin aşağı düşür. Bu kəskin hava şəraiti mart ayının 15-nə qədər davam edir. Bu baxımdan qış mövsümünün ümumtəhsil məktəblərində tətbiqi oktyabrın 15-dən başlanmalı, martın 15-nə qədər davam etməlidir. Çünki, martın 16-da yaz tətili başlayır bundan sonra isə martın son günlərində əsasən havaların istiləşməsi ilə əlaqədar istilik sisteminə elə də ehtiyac qalmır. Bir də ki, tədris ilini 15 gün geriyə çəkdiksə, istilik verilməsini heç olmasa elə 15 gün qabağa çəkməklə itirəcəyimiz nə olacaq ki?!”.
Təhsil eksperti Kamran Əsədov istiliyin 15 noyabrdan verilməsinin 1969-cu ilə aid fərman əsasında həyata keçirildiyinə diqqət çəkib: “Azərbaycan SSR Nazirlər Sovetinin 7 aprel 1969-cu il tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan SSR Komunal Təsərrüfatı Nazirliyinin mərkəzi istilik sisteminin qazanxanalarından istifadə tarifləri”nə görə, respublikanın ərazisindəki binaların istiliklə təminatı 5 iqlim zonasına uyğun olaraq, müxtəlif vaxtlarda və müddətlərdə müəyyən edilir. Belə ki, respublikada mərkəzi istilik sisteminin qazanxanaları Naxçıvan Muxtar Respublikasının şəhər və rayonları üzrə 15 noyabrdan 15 marta qədər – 121 gün, Quba, Xaçmaz, Qusar, Dəvəçi, Siyəzən, Lerik, Yardımlı, Gədəbəy, Daşkəsən, Goranboy, Kəlbəcər, Laçın, Xankəndi, Ağdərə, Xocəvənd, Xocalı, Şuşa şəhər və rayonları üzrə 1 noyabrdan 1 maya qədər – 181 gün, Bakı şəhəri istisna olmaqla, republikanın digər şəhər və rayonları üzrə isə 15 noyabrdan 15 aprelə qədər – 152 gün istilik mövsümündə fəaliyyət göstərməlidir. Nazirlər Sovetinin həmin fərmanında qazanxanaların poliklinika və xəstəxanalar, uşaq bağçaları, məktəblər, internatlar, inzibati və yaşayış binaları, kinoteatr və mədəniyyət evləri üzrə fərqləndirilməklə, müxtəlif həcmlərdə istilik yanacaqları – qaz və mazut ilə təminatı normaları da göstərilib”.
Müsahibimizin sözlərinə görə, fərmana əsasən normalar yalnız mərkəzi istilik sisteminə qoşulan binalara şamildir və bu, fərdi qazanxanaları olan müəssisələrə aid deyil: “Elektrik, qaz və su sayğaclarının tətbiq edilmədiyi vaxtlarda zərurətdən qəbul edilən bu sənədin hazırda sayğac tətbiq edilən və fərdi qazanxanası olan müəssisələrə də aid edilməsi doğru deyil. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 24 fevral tarixli 65 nömrəli qərarı ilə təsdiq edilmiş və dərc edildiyi gündən 6 ay sonra qüvvəyə minmiş “Elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahəsində payız-qış mövsümünə hazırlıq işlərinin aparılması qaydası”na görə, cari ilin istilik mövsümünün başlanmasına 1 həftə qalmış enerji resurslarının mənbələrinin və şəbəkələrinin avadanlıqlarında bütün işlər tamamlanmalıdır”.
“Qaydaya görə, təchizatçı tərəfindən məsul subyektlərə payız-qış mövsümündə işə hazırlıq üzrə pasportlar verilir. Hər il avqust ayının 1-dən etibarən payız-qış mövsümündə işə hazırlıq pasportunun verilməsi üçün təchizatçılar tərəfindən payız-qış mövsümündə işə hazırlığın qiymətləndirilməsi üzrə mövsümi hazırlıq komissiyası yaradılır və işə başlayır. Məsul subyektlər üçün payız-qış mövsümünə hazırlıq pasportunun alınması müddəti hər il oktyabr ayının 31-dək (daxil olmaqla), sistemtəşkiledici təchizatçılar üçün – hər il noyabr ayının 25-dək (daxil olmaqla) davam edir. Qaydaya görə, istilik təchizatı şəbəkələrinə istilik enerjisi verildikdən sonra, istehlakçılar 10 gün ərzində enerjitəchizatı qurumunun nəzarəti altında avadanlıqların yoxlanılmasını və ilkin tənzimlənməsini təmin etməli, xarici havanın ortagünlük temperaturu davamlı mənfi 10°C olduqda, məsul subyektlər sutkalıq növbətçiliyi təşkil etməli və enerjitəchizatı qurumlarının növbətçi heyəti ilə (dispetçer xidmətləri ilə) daimi əlaqələrini təmin etməlidirlər”, - deyə ekspert vurğulayıb.
Əsədov əlavə edib ki, mövcud qanunvericiliyin tələblərinə görə binaların mərkəzləşmiş və fərdi qazanxana sisteminə qoşulmasından asılı olmayaraq, təchizatçılar ən geci 30 oktyabr tarixinə qədər məsul subyektlərə onların istilik sisteminə qoşulma qrafiklərini verməyə borcludur: “Bu, o deməkdir ki, ən tezi 1 noyabr tarixindən binaların istiliklə təmin edilməsinin heç bir hüquqi problemi yoxdur. Eləcə də mövcud qaydaya görə, binaların istiliklə təminatının dayandırılması barədə qərarın 15 apreldən tez olmayaraq verilməsinin mümükünlüyü də öz əksini tapır”.
Mövcud problemin həlli istiqamətində hansısa addımların atılıb-atılmaması, bu istiqamətdə yeniliklərin gözlənilməsi ilə bağlı Təhsil Nazirliyinə ünvanladığımız sualı Nazirliyin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov bir cümlə ilə cavablandırıb: “Bu mövzu ilə əlaqədar müzakirələr aparılır. Yaxın müddətdə ətraflı məlumat veriləcək”.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva isə soyuğa görə məktəblərdə davamiyyətin aşağı düşməsinə münasibət bildirərkən deyib ki, növbəti həftənin bazar etəsindən məktəblərdə istilik veriləcək: “Davamiyyətin aşağı düşməsinin səbəbləri müxtəlifdir, yəni səbəb yalnız istilik deyil. İstiliklə bağlı problem məktəblərdə davamiyyətin aşağı düşməsinə nisbətən təsir edir. Növbəti həftənin bazar ertəsindən etibarən məktəblərdə istilik təmin olunacaq. Şagirdlər də isti məktəblərdə tədrislərini davam etdirəcəklər”.
“Azəristiliktəchizat” ASC-nin Abonent və Müştəri Xidmətlərinin rəisi Rafiq Əliyev suallarımıza cavab olaraq deyib ki, istiliyin verilməsi müqavilə əsasında həyata keçirilir: ““Azəristiliktəchizat”ın xidmət zonasında həm bağçalar, məktəblər, həm də universitetlər və kolleclər var. Ölkə üzrə 285 məktəb, 160-a qədər bağça istiliyi bizdən alır. Qalan hamısının fərdi qazanxanaları var. İstilik mövsümü dağlıq rayonlarda noyabrın 1-dən, digər ərazilərdə noyabrın 15-dən nəzərdə tutulub”.
Amma istilik təchizatına dair münasibət təhsil müəssisələrinin tabe olduqları qurumla “Azəristiliktəchizat” arasında bağlanmış müqavilə əasında tənzimlənir. Müraciət edildiyi və ödənişə zəmanət verildiyi halda istilik daha erkən vaxtda verilə bilər. Bugünkü gündə bir çox xəstəxanalar, doğum evləri, internat məktəbləri bizə müraciət edib, istiliyi açmışıq”, - deyə qurum rəhbəri bildirib.
İndiyədək istiliyin daha tez verilməsi ilə bağlı təhsil müəssisələrindən fərdi şəkildə müraciətlərə qaldıqda isə R.Əliyev bunları söyləyib: “Fərdi şəkildə hansı məktəblərdən ki müraciət daxil olub, onların istiliyini vermişik. Bunlar internat məktəbləridir. Amma orta məktəb və bağçalardan müraciət almamışıq”.