Orta məktəbdə oxuyan qıza görə qanlı dava: “Şərəfsiz, gündə biriylə...” - TƏFƏRRÜAT
Tərtər rayonunda 2004-cü il təvəllüdlü Cəlil mübahisə zamanı Əzizi (adlar şərti verilib – red.) qətlə yetirib.
Teleqraf.com-un əldə etdiyi məlumata görə, qətl hadisəsi bu il fevralın 23-də baş verib. Tərtər rayon sakini Cəlil şəxsi münasibətlər zəminində yaranan münaqişə zamanı 2001-ci il təvəllüdlü Əzizi bıçaqlayıb.
Əziz aldığı bıçaq xəsarəti nəticəsində vəfat edib. Cəlil hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən həbs olunub.
İstintaq orqanı tərəfindən Cəlilin barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.
“Telefonla əlaqə saxladım”
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Cəlil elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, tutulmamışdan əvvəl orta məktəbin on birinci sinfində təhsil alıb:
“Həmin vaxt təxminən 2 ay idi ki, məktəbin 10-cu sinfində oxuyan Ləman adlı qızla tanış oldum. Qıza qarşı sevgi hisslərimin olduğundan arabir telefon vasitəsilə əlaqə saxladım”.
Təqsirləndirilən şəxsin sözlərinə görə, fevralın 23-də saat 07.30-da evdən çıxaraq təhsil aldığı orta məktəbə yollanıb: “Saat 13.00-a qədər məktəbdə oldum. Dərsdən çıxdıqdan sonra bibimgilə getdim, saat 17 radələrinədək orada qaldım. Daha sonra Ləmanın hazırlıqdan çıxma vaxtını bildiyimdən piyada 15-20 dəqiqəlik məsafə qət edərək hərbi zavod istiqamətinə gəldim.
Ləman hazırlıqdan çıxdıqdan sonra söhbət edərək onun yaşadığı evə doğru getməyə başladıq. Yolda Ləmanın kefsiz olduğunu gördüm. Ondan nə baş verdiyini soruşdum, heç nəyin baş vermədiyini bildirdi. Mən isə Ləmanın nəyisə gizlətdiyini hiss etdim. Təkidlə nə baş verdiyini, əhvalının pis olma səbəbini soruşdum. Təkidlərdən sonra Ləman Əzizin ona söz atdığını, nalayiq ifadələr dediyini, bu səbəbdən əhvalının pisləşdiyini bildirdi.
Ləmanı sakitləşdirməyə, əhvalını yaxşılaşdırmağa çalışdım, söhbət edərək yolumuza davam elədik. Ləmanın yaşadığı evə yaxınlaşdıqda sağollaşdım və oradan uzaqlaşmaq istədim”.
“Mənə mane ola bilməyəcəyini bildirdim”
Təqsirləndirilən şəxs qeyd edib ki, Ləmanı ötürdükdən sonra evə getmək istəyib: “Bu zaman əvvəllər qiyabi tanıdığım, üzünü görmədiyim, sonradan adının Əziz olduğunu bildiyim şəxs mənə yaxınlaşdı. Bildirdi ki, bir də bu ərazidən keçmə, sənin üçün yaxşı olmaz.
Səbəbi, dedi ki, bura qız arxasınca gəlirsən, sən Ləmanı sevirsən? Ləmandan xoşumun gəldiyini, lakin bu küçəyə onun arxasınca gəlmədiyimi bildirdim.Ləmangilin evinin qarşısından söhbət edə-edə bir qədər uzaqlaşdıq. Yolda Əziz məndən hansı məktəbdə oxuduğumu, harada yaşadığımı və digər məsələləri soruşdu.
Suallara cavab verdiyim zaman həmin şəxsin adının Əziz olduğunu bildim. Bundan sonra Ləmanla münasibət yaratmağa çalışan və ona nalayiq sözlər deyənin o olduğunu təxmin etdim. Yolda söhbət zamanı Əziz yumruqla ağız nahiyəmdən vursa da, ona müqavimət göstərmədim. Amma oradan yenə keçəcəyimi, mənə mane ola bilməyəcəyini bildirdim”.
“Ard-arda xəsarət yetirdim”
Cəlil qeyd edib ki, bir müddət irəlilədikdən sonra asfalt yoldan torpaq yola keçiblər və sonra dayanaraq mübahisə etməyə başlayıblar: “Mübahisə zamanı Əziz yenidən sifət nahiyəmdən yumruq zərbəsi endirdi, ünvanıma söyüşlər işlətməyə, ailə üzvlərimi və özümü təhqir etməyə başladı. Təxminən 20-25 dəqiqə onunla mübahisə etdik. Sonra Əziz yenə təhqirə davam etdiyindən cibimdən çıxardığım bıçaqla onun qarın nahiyəsinə iki dəfə ard-arda xəsarət yetirdim.
Aldığı xəsarətləri görərək gəldiyimiz istiqamətə qaçmağa başladı. Mən də ara yolla oradan uzaqlaşdım”.
Cinayət işi üzrə hüquqi varis qismində tanınan Əzizin atası Vəlinin sözlərinə görə, fevralın 23-də təqribən saat 10 radələrində işləmək üçün evdən çıxıb:
“Həmin vaxt digər iş yoldaşlarım Qabil, Kəriş, Rövşən və Elşən də mənimlə idi. Günorta saat 13 radələrində nahara evə gələrkən oğlum Əzizin həyətdə oturaraq mənim mobil telefonumla məşğul olduğunu gördüm. İş yoldaşlarımla yemək yedik, yenidən iş yerinə qayıtdıq”.
“Həyəcanlı səslə “ata, məni vurdular” dedi”
Hüquqi varis qeyd edib ki, fevralın 23-də işlərini yekunlaşdırıb, evə getmək qərarına gəliblər: “Təqribən saat 18 radələrində yaşadığım evə çatdım. İş yoldaşlarımı evə çay içməyə dəvət etdim və birlikdə həyətdə əyləşdik. Təqribən 10 dəqiqə sonra darvazanın çölündən oğlum Əzizin səsini eşitdim. Oğlum iki dəfə “ay mama” deyə qışqıraraq darvazanın qapısından içəri daxil oldu.
Əziz məni həyətdə gördü və həyəcanlı səslə “ata, məni vurdular” deyərək dizlərini yerə qoydu. Dərhal yaxınlaşıb paltarını yuxarı qaldırdım, döş qəfəsi nahiyəsindən 2 bıçaq zərbəsi aldığını gördüm. Hadisənin necə baş verdiyini və Əzizin kimin vurduğunu soruşdum.
Oğlum həmin adamın küçədə olduğunu dedikdə dərhal küçəyə çıxdıq. Evimizin qarşısı ilə qara şalvar, qara köynəkli, orta boylu tanımadığım bir nəfər oğlanın gəldiyini gördüm. O, küçənin ortası ilə sağa-sola baxa-baxa iti yerişlə bizə tərəf hərəkət etdi. Ondan kim olduğunu soruşduq, üzərinə getdik. O, bizi görən kimi küçə ilə kəsişmədə olan ara yolla qaçaraq uzaqlaşdı.
Dərhal oğlumun yanına qayıtdım. Onu qardaşım oğluna məxsus “QAZ-21” markalı maşına qoyduq və Tərtər rayon Mərkəzi Xəstəxanasına apardıq. Oğluma ilkin tibbi yardım göstərilsə də, cərrahiyyə şöbəsinin həkimi olmadığı üçün oğlumu Bərdə rayon Diaqnostika Xəstəxanasına aparmaq qərarına gəldik.
Oğlumu gəldiyimiz maşına qoyaraq yola düşdük. Lakin maşın yolda xarab olduğu üçün Tərtər şəhərinin “Köhnə avtovağzal” deyilən ərazisində oğlumu tanımadığımız “Opel” markalı taksiyə qoyaraq yolumuza davam etdik.
Bərdə rayon Mərkəzi Xəstəxanasının qarşısına çatdıqda taksinin də benzini qurtardı, digər taksi ilə oğlumu xəstəxanaya çatdırdıq.
Xəstəxanaya çatanda oğlum “ata, ürəyim yanır, mənə bir az su ver” dedi. Ancaq həkimlər buna icazə vermədilər. Oğlumu Bərdə rayon Diaqnostika Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirdilər. Təqribən bir neçə saat sonra oğlumun ölməsi barədə mənə məlumat verildi”.
“Sevgi hissləri yarandı”
Cinayət işi üzrə şahid qismində ifadə verən Ləman qeyd edib ki, Tərtər şəhərində tam orta məktəbin onuncu sinfində təhsil alır və Cəlili tanıyır: “Cəlil bizim məktəbin on birinci sinfində oxuyur. Bir-birimizi sevmişik və aramızda saf sevgi münasibətləri olub.
Biz 2021-ci ilin sentyabrında tanış olduq. Bir müddət səmimi söhbət etdikdən sonra aramızda sevgi hisləri yarandı. Bundan sonra Cəlillə mütəmadi olaraq telefonla danışır və yazışırdıq”.
Ləman qeyd edib ki, Əzizi ilk dəfə 2021-ci ilin yay aylarında görüb: “Nənəmlə evə bazarlıq məqsədilə Tərtər mərkəzi bazarına getdik. Qayıdanda susadığıma görə nənəmdən ayrılıb su satılan yerə yaxınlaşdım. Susatan mənimlə söhbət etməyə başladı və adının Əziz olduğunu bildirdi, mənim də adımı soruşdu.
Əzizin məqsədini başa düşmədim, adımın Ləman olduğunu və orta məktəbdə oxuduğumu dedim. O, yenə sual verəndə cavablandırmadım, aldığım suyu da içməyibdərhal oradan uzaqlaşdım”.
“Bazarda tanış olmuşduq”
Ləmanın sözlərinə görə, Əzizi növbəti dəfə yenidən 2021-ci ilin yay aylarında, bazarda görməyindən təxminən 1 həftə sonra hərbi zavodun yanında yaşayan nənəsigilə qonaq getdiyi zaman, onların evinin yaxınlığında küçədə görüb: “Əziz mənə yaxınlaşdı, cibindən kağız parçası çıxardı və qarşımda yerə qoydu.
Kağızı götürmədikdə Əziz yenidən gələrək onu yerdən qaldıdı, bir daha qarşıma atdı. Əzizin kağızda nə yazdığını bilmək üçün götürdüm.
Kağıza “bazarda səninlə tanış olmuşduq, səndən xoşum gəlir, səninlə tanış olmaq istəyirəm” - sözləri yazılmışdı. Əziz bir qədər kənarda məndən cavab gözləyirdi. Onun gözləri qarşısında kağızı cırıb yerə atdım, sonra oranı tərk etdi. Həmin vaxt Cəlili hələ tanımadım. Təxminən 3 ay sonra Cəlillə tanış oldum və aramızda münasibət yarandı.
Cəlillə əsasən anama məxsus telefon vasitəsilə danışaraq yazışsam da, daha çox üz-üzə görüşüb söhbətləşirdik”.
“Mənə burda “hə” demədin, gündə biri ilə gəzirsən”
Ləman bildirib ki, tanış olduqdan bir müddət sonra, 2021-ci ilin təxminən oktyabrında Cəlillə söhbətləşdiyi zaman ondan əvvəllər kimisə sevib-sevmədiyini soruşub: “Mən bir nəfərin tanışlıq təklifi etdiyini, ancaq heç kimi sevmədiyimi bildirdim. Cəlil təkidlə məndən həmin şəxsin adını soruşdu. Ona Əziz adlı şəxs olduğunu dedim.
Bir dəfə dərsdən qayıdanda Əziz haradan gəldiyimi soruşdu. Ona “nəyinə gərəkdir” deyə cavab verdim, oradan uzaqlaşdım. Bundan başqa Əzizlə heç bir danışığım olmayıb.
Hadisə baş verən gün, yəni fevralın 23-də məktəbdən çıxdım və hazırlığa getdiyim zaman Əziz hərbi zavodun yaxınlığında məni gördü. Dedi ki, şərəfsiz, mənə burda “hə” demədin, gündə biri ilə gəzirsən, indi də sevgilin var. Heç bir reaksiya vermədim. Hazırlıqdan çıxdığım zaman Cəlillə görüşdüm və birlikdə gəlməyə başladıq.
Yolda Cəlil kefsiz olduğumu gördü, nə baş verdiyini soruşdu. Çox təkid etdikdən sonra Əzizin günorta dediyi sözləri sadəcə bilməsi üçün Cəlilə dedim. Evimizə yaxınlaşdıqda kiminsə görməməsi üçün bir-birimizdən bir qədər aralaşdıq.
Qayıdarkən hərbi zavodun yanında yenidən Əzizin dayandığını gördüm. Əzizin yanından sakitcə keçərək getdik. Cəlil mənimlə sağollaşaraq geri qayıtdı. Geriyə boylananda Cəlilin Əzizlə salamlaşdığını və söhbət etməyə başladıqlarını gördüm. Mən isə evə getdim”.
Bu cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb.
Cəlil 10 il müddətinə azadlıqdan məhrum edilib.