Əgər, məktəb təlim-tərbiyə ocağıdırsa, tərbiyəni təlimdən ayırmaq hansı məntiqdən irəli gəlir?
Əgər, məktəb təlim-tərbiyə ocağıdırsa, tərbiyəni təlimdən ayırmaq hansı məntiqdən irəli gəlir...?
Ötən dəfəki ”Məktəblərin strukturuna yenidən baxılmalı və addımlar atılmalıdırsa…” başlıqlı yazımızda məsələ ilə bağlı müracətlərə əsasən “Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nın direktor müavinlərinin əmək funksiyasında təkrarlama xarakterli eyniliklər var. Yəni, bir halda ki, tərbiyə işləri üzrə direktor müavini ştat vahidi varsa, tədris işləri üzrə direktor müavininin əmək funksiyasına mötərizədə təlim tərbiyə əlavəsini etməyə nə ehtiyac vardı? Və ya əgər, məktəbdənkənar və sinifdən xaric tərbiyə işi üzrə təşkilatçı da tərbiyə işləri üzrə direktor müavini ilə bərabər eyni işi görürsə əlavə ştat vahidinə nə ehtiyac var idi, və s.
Məsələ heç də bununla bitmir. Əgər, məktəb təlim-tərbiyə ocağıdırsa, tərbiyəni təlimdən ayırmaq hansı məntiqdən irəli gəlir? “TƏRBİYƏ İŞLƏRİ ÜZRƏ DİREKTOR MÜAVİNİ “ ştat vahidi olduğu halda, nəyə əsasən onun əmək funksiyasını “TƏDRİS (TƏLİM-TƏRBİYƏ) İŞLƏRİ ÜZRƏ DİREKTOR MÜAVİNİ”nə yükləyib, onun işini bir qədər də ağırlaşdırırıq. Əgər, TƏRBİYƏ İŞLƏRİ ÜZRƏ DİREKTOR MÜAVİNİ varsa, nəyə görə “məktəbin əsasnaməsinə uyğun olaraq məktəbdə tərbiyə işinə” MƏKTƏBDƏNKƏNAR VƏ SİNİFDƏNXARİC TƏRBİYƏ İŞİ ÜZRƏ TƏŞKİLATÇI
rəhbərlik etməlidir? MƏKTƏBDƏNKƏNAR VƏ SİNİFDƏNXARİC TƏRBİYƏ İŞİ ÜZRƏ TƏŞKİLATÇI olduğu halda məktəblilərin bədii-texniki yaradıcılığına, turizm, diyarşünaslıq və ekskursiya məsələlərinə” TƏRBİYƏ İŞLƏRİ ÜZRƏ DİREKTOR MÜAVİNİnin rəhbərlik etməsi də heç cür başa düşülən deyil.
Çox da xırdaçılıqlara getməkdən uzağam. Bununla belə baxaq görək tədris daha geniş məfhumdur, yoxsa təlim? Kütləvi ədəbiyyatda tədris termini adətən aşağıdakı mənalarda istifadə olunur: dərs vermə, dərs oxuma, təhsil alma, dərs keçmə. Məsələn, ali məktəbdə xarici dillərin tədrisi, tədris planı,.tədris fənni və s. Daha konkret desək, müəllimin təlim prosesindəki fəaliyyətidir.
Təlim isə daha geniş anlayış olub, tədris prosesi ilə vəhdətdə daha genuiş aspektləri əhatə edir. Təlim- şagirdlərin bilik, bacarıq və vərdişlərə yiyələnməsində, yaradıcılıq qabiliyyətlərinin və əxlaqi etik baxışların inkişafında, fəal tədris və idrak fəaliyyətinin təşkili və stimullaşdırılmasının məqsədyönlü pedaqoji prosesidir. Təlim zəruri fəaliyyətinin elə bir növüdür ki, burada şagirdin bilik və bacarıqlarının elementlərinin kəmiyyət və keyfiyyəti müəllim tərəfindən öyrənmənin məqsədi olan lazımi səviyyəyə çatdırılır. Bu, müəllimlə şagirdin qarşılıqlı əlaqəsi prosesində əldə edilir və təlim prosesinin hər iki tərəfindən məqsədlərin uğurla həyata keçirilməsinə töhfə verə biləcək səy və hərəkətləri tətbiq etməyi tələb edir.
Elə isə, nədən “TƏDRİS (TƏLİM-TƏRBİYƏ) İŞLƏRİ ÜZRƏ DİREKTOR MÜAVİNİ”nin əmək funksiyasından mötərizədəki “təlim- tərbiyə”ni çıxarıb, digər tərbiyə işlərinə baxan müavinin əmək funksiyasına əlavə etməyək...? Olsun “Tədris işləri üzrə müavin” və “Təlim- tərbiyə işləri üzrə müavin”. Belə olduğu halda həm daha rəsmi və ciddi səslənər, həm vəzifə yükü proporsional paylanar, həm də operativlik və çeviklik təmin olunar.
Qoy, tədris işlərinə baxan müavin sırf ona aid tədris planları və proqramlarının yerinə yetirilməsi üzrə müəllimlərin və digər pedaqoji işçilərin metodiki fəaliyyətini istiqamətləndirsin, tədrisin keyfiyyətinin yüksəldilməsi və şagirdlərin bilik səviyyəsinin artırılmasını təmin etsin, şagirdlərin yarımillik, illik və yekun qiymətləndirilməsinin uçotunu aparsın, buraxılış imtahanlarına hazırlıq işlərini təşkil edsin və səlahiyyəti çərçivəsində digər işlərlə məşğul olsun. Yeniyetmə və gənclərin milli-mənəvi, əxlaqi dəyərlər zəminində formalaşmasına, vətənpərvərlik ruhunda tərbiyə olunmasına, çağırışaqədərki hazırlığına, fiziki inkişafına və və digər aidiyyatı məsələlərə də təlim - tərbiyə işlərinə məsul olan müavin baxsın.
Nadir İsrafilov