Rezidenturaya qəbul imtahanının II mərhələsində iştirak üçün qeydiyyat başlanır
Rezidenturaya qəbul imtahanının II mərhələsində iştirak etmək üçün qeydiyyat başlanır.
Bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.
İmtahanda iştirak etmək üçün qeydiyyat avqustun 11-dək davam edəcək.
Rezidenturaya qəbul olmaq üçün baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında (I mərhələ) “məqbul” almış (40 və daha çox bal toplamış) və rezidenturaya qəbul olmaq hüququ olan namizədlər ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında (II mərhələ) iştirak etmək üçün 11 avqust saat 23:59-dək tələb olunan məbləği “Şəxsi kabinet”lərinin hesabına əlavə edib qeydiyyatdan keçməlidirlər.
Qeydiyyatdan keçməyən namizədlər ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına buraxılmayacaqlar.
Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından “məqbul” alan (40 və daha çox bal toplayan) tələbələr ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına yalnız rezidenturaya qəbul olunmaq hüququ əldə etdikdən, yəni əsas (baza ali) tibb təhsilini tam bitirdikdən sonra buraxılacaqlar.
İxtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının avqustun 21-də Bakı və Naxçıvan şəhərlərində keçirilməsi nəzərdə tutulur.