Azyaşlıları qorumaq istədi, qır qazanına yıxıldı: 14 yaşlı Sənanın vəziyyəti ağırdır - FOTO
Bakıda 3 ay əvvəl qır qaynayan qazanda yanan yeniyetmənin vəziyyəti ağırdır.
Bu barədə Oxu.Az-a onun anası Allahverdiyeva Gülnarə məlumat verib.
O qeyd edib ki, hadisə aprelin 23-də baş verib.
Belə ki, həyətdə tikintidə istifadə etmək üçün bitum-neft qarışığı (qır) qaynadılırmış. Bu zaman həyətdə oynayan azyaşlılar qazana yaxınlaşıblar. 14 yaşlı Sənan Allahverdiyev onları qorumaq üçün özünü qabağa atıb.
Sənan azyaşlıları qorumaq üçün onları kənara çəkib, lakin ayağı sürüşərək yıxılıb. Bu zaman qır onun üzərinə dağılıb. Nəticədə 14 yaşlı Sənanın üzü və bədəninin müxtəlif hissələri yanıb.
O, bir müddət Nərimanov Tibb Mərkəzinin (keçmiş 5 saylı Şəhər Klinik Xəstəxanası) yanıq şöbəsində müalicə alıb. Onun xəsarəti həkimlər tərəfindən dördüncü dərəcəli yanıq kimi qiymətləndirilib. Lakin yeniyetmənin vəziyyəti indi də ağır olaraq qalır.
Gülnarə Allahverdiyeva bildirib ki, onlar yenidən sözügedən xəstəxanada müalicə almalıdırlar, lakin buna imkanları çatmır:
“Övladımın müalicəsi üçün təxminən 1500 manat civarında pul lazımdır. İmkanlı şəxslərdən xahiş edirəm bizə Sənanın sağalması üçün kömək etsinlər”.
Qeyd edək ki, yeniyetmənin müalicəsi üçün maddi vəsaitə ehtiyac var. Kömək etmək istəyənlər 055-789-70-72 nömrəsi ilə əlaqə saxlaya bilərlər.