Təhsil müəssisələrində təbliğat-təşviqat işlərinin aparılması və maarifləndirmənin artırılması məqsədi görüş keçirilib.
Təhsil müəssisələrində təbliğat-təşviqat işlərinin aparılması və maarifləndirmənin artırılması məqsədi ilə növbəti görüş Fondun əməkdaşları Tehranağa Abdullayev və Ağca Məmmədovanın iştirakı ilə may ayının 24-də Xəzər Universitetinin (Xəzər Universiteti / Khazar University) tələbələri ilə baş tutub.
Görüşdə Universitetin Tədris işləri üzrə prorektoru prof. Məhəmməd Nuriyev, İctimai əlaqələr və media üzrə direktoru Əlövsət Əmirbəyli, universitetin müəllim heyəti və tələbələləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə universitetin İctimai əlaqələr və media üzrə direktoru Əlövsət Əmirbəyli açaraq bildirib ki, Təhsil Tələbə Kredit Fondunun yaradılması təhsilə əlçatanlığın təmin olunması və təhsildə bərabər imkanların yaradılması kimi mühüm missiyalara xidmət edir.
Daha sonra söz Təhsil Tələbə Krediti Fondunun əməkdaşı Tehranağa Abdullayevə verilib. O bildirib ki, Prezident İlham Əliyevin 17 iyun 2021-ci il tarixli 1367 nömrəli Fərmanı ilə Təhsil Tələbə Krediti Fondu təsis olunub və Fondun nizamnamə kapitalının məbləği 80 milyon manat təşkil edir. T.Abdullayev çıxışında iştirakçılara təhsil tələbə kreditləri sahəsindəki beynəlxalq və yerli təcrübə, təhsil tələbə krediti almaq hüququ olanlar haqqında məlumat verib.
Daha sonra Fondun əməkdaşı Ağca Məmmədova Fondun vəsaiti hesabına verilən təhsil tələbə krediti üzrə ümumi tələblər, təhsil tələbə kreditinin növləri, kreditin verilməsinin proseduru, təhsil tələbə kreditinə görə faiz dərəcələri, tələbə kreditləri üzrə tətbiq edilən güzəştlər, kreditin qaytarılması üzrə tələblər, müraciətlərin qəbulu və qeydiyyat prosesi, təhsil tələbə krediti ilə bağlı digər məsələlər haqqında təqdimatı iştirakçıların nəzərinə çatdırdı.
Tədbir tələbələrin mövzuya dair suallarının cavablandırılması ilə yekunlaşıb.
Daha sonra Universitetin rektoru prof. İradə Xəlilovanın iştirakı ilə mövcud statistikalar, gələcək hədəflər və prioritetlər haqqında müzakirələr olunub.
Səmimi görüşə və tədbirin yüksək səviyyədə təşkilinə görə Universitet rəhbərliyinə təşəkkürümüzü bildiririk.