Bakıda daha bir məktəbdə rüşvət qalmaqalı
"Bu, şişirdilmiş bir rəqəmdir”.
Bu sözləri Yenisabah.az-a Mikayıl Müşfiq adına 18 nömrəli tam orta məktəbin direktor köməkçisi Gülarə Kərimova deyib.
O, “Yeni Sabah”a valideynin ünvanlandığı şikayəti şərh edib.
Şikayətçinin sözlərinə görə, Bakı şəhərindəki 18 nömrəli məktəbin birinci siniflərindən son zəngdə məzunlar üçün 70 manat pul yığılır. Valideyn imkanı olmadığından məcburi qaydada toplanan pulu verə bilmədiyini söyləyib.
Gülarə Kərimova bu məlumatın yalan olduğunu deyib:
“Çox şişirdilmiş bir rəqəmdir. Bu məlumatı rəhbərliyə çatdıraram. Tarix boyu heç kəsdən heç nə məcburi şəkildə alınmayıb, alına da bilməz. Yalan söhbətdir. Elə bir şey ola bilməz. Kimdənsə məcbur pul yığmaq, almaq mümkün deyil”.
Direktor köməkçisi son zəng təşəbbüsünün valideynlərdən gəldiyini iddia edib:
“Öz aralarında nəsə etmək istəyirlər. Bu ola bilər. Məktəbdə 11-ci siniflərə hədiyyə almaq qaydası yoxdur. Direktor icazə vermir. Yalandan məktəbin adı hallanır”.