Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi Prezidentin 11aprel 2016-cı il tarixli fərmanı ilə yaradılmışdır. Ümumilikdə fərmanın zəruriliyi dövlət qulluğu üçün kadrların seçilməsi, ölkədə təhsilin inkişafı ilə dövlət strategiyasına əsaslanan, tələbə qəbulunun beynəlxalq təcrübəyə uyğunlaşdırmaqdan irəli gəlmişdir. Qeyd etdiklərim möhtərəm Prezident İlham Əliyevin imzaladığı normativ – hüquqi aktın qayəsini təşkil edir. Ona görə də kadrların müsabiqə əsasında seçilməsini, ümumtəhsil müəssisələrində yekun qiymətləndirməni (attestasiyanı), bakalavr və magistratura səviyyəsində imtahanların keçirilməsini beynəlxalq standartlara uyğun təşkil etmək məqsədilə ləğv edilmiş TQDK ilə DQMK Dövlət İmtahan Mərkəzi - publik hüquqi şəxsin yaradılmasına ehtiyac duyulmuşdur.
Bu struktur – yəni publik hüquqi şəxs Azərbaycanda ilk dəfə tətbiq edilir. "Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının 29 dekabr 2015-ci il tarixli qanunu digər qanunlardan fərqli olaraq yenidir. Mülki hüquq məcəlləsində - Hüquqi şəxslər fəslində publik hüquqi şəxslərin anlayışı yoxdur. Lakin, publik hüquqi şəxslərin dövlət qeydiyyatı Mülki Məcəllə ilə - hüquqi şəxslərin qeydiyyata alınması qaydalarına uyğun müvafiq icra hakimiyyəti orqanı – Ədliyyə Nazirliyi tərıfindənhəyata keçirilir.
Yeni qanun publik hüquqi şəxsi dövlət və bələdiyyə orqanı kimi qəbul etmir, hakimiyyətin budaqlarına da aid olmasa da ümumdövlət və ictimai əhəmiyyət daşıyan təşkilatdır. Azərbaycanda bu konsepsiya yeni olsa da, təxminən iki əsr bundan öncə Fransada, XIX əsrin sonlarında Avropada yayılmağa başlanmışdır.
İmzalanan Fərmanın və DİM-nin qüvvədə olan nizamnaməsinə görə Mərkəzin əməkdaşları dövlət qulluqçularıdır, bağlanılan müqavilələr mülki yox, inzibati müqavilələrdir (dövlət orqanlarının bağladıqları müqavilələr kimi). Mülki hüquqda qeyd olunan hüquqi şəxslərə aid müqavilə deyil, burada təsisçi bilavasitə dövlətdir. Hüquqi şəxslər özünü məhkəmə qaydasında müflis elan edə, yaxud, özü-özünü müflis saya bildiyi halda, publik hüquqi şəxs müflis sayıla bilməz.
Bu baxımdan, DİM öz fəaliyyətində müstəqildir. Amma hakimiyyətin hansı qoluna aid olması barədə fikir söyləməkdə çətinlik çəkirəm. Əgər DİM İH-yə mənsubdursa icra hakimiyyəti orqanları təsərrüfat idarəçiliyi ilə məşğul ola, əhaliyə pullu xidmət göstərə, gəlir götürə bilməzlər. Qanunverici və məhkəmə hakimiyyətinə də aid etmək olmaz. Deməli, Dövlət İmtahan Mərkəzi mərkəzləşdirilmiş qaydada vətəndaşların dövlət qulluğuna qəbulunu müsabiqə qaydasında həyata keçirməkdə müstəqil səlahiyyətə, habelə nizamnamə ilə verilmiş digər vəzifələrə malikdir. Əgər, hüquqi şəxslər kreditorların tələblərini ödəməyə qadir deyildirlərsə o məhkəmənin qərarı ilə müflis sayıla bilər. Amma DİM pullu, pulsuz xidmət göstərə, öz-özünü maliyyələşdirə, zəruri hallarda isə dövlət büdcəsindən də maliyələşə bilər.
İnkişaf etmiş ölkələrdə iri nəqliyyat korporasiyaları publik hüquqi şəxslər olduğuna görə müflis olmaları ağıla batmır. Çünki həyat əhəmiyyətli strateji obyektlərin dondurulması qeyri-mümkündür.
Başqa ölkələrdə kredit verən banklar da, publik hüquqi şəxslər sırasına daxil edilir. Ona görə də, publik hüquqi şəxs kimi DİM Azərbaycan dövlətinin idarəçilik sistemində yeni qurum kimi, Azərbaycan Respublikası Prezidentinin məlum fərmanı əsasında iki qurumun – TQDK və DQMK-nın ləğvi əsasında yaradılmışdır.
Mən, 5 il ərzində Nazirlər Kabineti tərkibinə daxil olan ölkə Prezidenti yanında Dövlət Qulluğu Məslələri üzrə Komissiyada müsahibə komissiyasının eksperti qismində çalışmışam. Doğrusu, müsahibə mərhələsində iştirak etməyənə qədər Universitetlərdə Dövlət İmtahan Komissiyasının ixtisas üzrə verdiyi diplomdan sonra gənc mütəxəssislərin dövlət orqanlarında vəzifə tutmaq üçün testin və namizədlə mesahibənin keçirilməsini, bilik səviyyəsinin, dünyagörüşünün, şəxsi keyfiyyətlərinin və dil biliklərinin qiymətləndirilməsini artıq sayırdım, Ali təhsil müəssisələrində Dövlət İmtahan Komissiyasının verdiyi və təsdiqlədiyi ixtisasın bir növ lisenziyalaşdırılmasının əleyhinə idim. Lakin, namizədin iddialı olduğu vəzifəni tutmaq üçün iştirak etdiyi müsahibədə bəzən proqram üzrə verilən sadə, məntiqli sualların cavablandırıla bilməməsinə təəssüf hissi keçirirdim. Təbii, müsahibə video ilə çəkildiyindən mühit, namizədi sıxa, tanımadığı şəxslər qarşısında şifahi imtahan onu gərginlikdə saxlaya bilərdi. Suallar bəzən sasəliyi ilə seçilirdi: Məs: "Dövlət başçısının son xarici səfərləri”, "atəşkəs haqda protokolun imzalanması”; "iddialı olduğu vəzifənin adını rus və ya ingilis dilində söyləmək”, "Milli Qəhrəmanların bəzilərinin adlarını sadalamaq”; "hakimiyyətin bölgüsü prinsipi” və s. Sualların cavablandırıla bilməməsi və yaxud hüquqşünasın "cinayətin anlayışı”nı verə bilməməsi, iqtisadçının "devalvasiya nədir?” "qiymətin anlayışı” ilə bağlı sualların cavabsız qalması, digər ixtisas sahiblərinin ixtisası üzrə qeyri-ciddi cavablarını dinlədikdə məyus oldum. "Test də, müsahibə də lazımdır.” – qənaətinə gəldim.
Dövlət Qulluğu Məsələləri üzrə Komissiya fəaliyyət göstərdiyi müddət ərzində dövlət qulluğuna yalnız şanslı namizədlərin, erudiyası, zəngin dünyagörüşü, dil bilikləri olan, mədəni, vətənə və dövlətçiliyə sədaqət göstərə bilən iradəli gənclərin təyin olunmasında əvəzsiz xidməti olmuşdur. Müşahidə etdiyim və ekspert kimi iştirakçı olduğum belə müsahibələrdə dövlət orqanlarının nümayəndələrinin də, kadrların seçilməsində məmnunluqlarının ifadə etməsini sezmək çətin deyildi. Komissiyada xarici dilləri, hüquq nəzəriyyəsini, beynəlxalq hüququ, politologiyanı, Azərbaycan tarixini, Heydər Əliyev epoxasını, Ulu Öndərin idarəçilik taktikasını zəngin bilən kadrlar çoxdur və həmin kadrların by gün yeni qurumda – DİM-də fəaliyyətlərini davam etdirmələrinə sevinirəm. Onların yeni fəaliyyət istiqamətlərinin həyata keçirilməsində töhfələri olacaq. Bu baxımdan, komissiyanın kollegiyası fəaliyyətində elə bir sağlam, sədaqətlilik və obyektivlik mühiti yaratmışdı ki, namizədlərin keçid balı toplaması zamanı müsahibə
komissiyasının hər bir üzvünü ələ almaq qeyri-mümkün idi. Komissiya ətrafında formalaşmış müsbət imic, ictimai rəy hər birimizdə xoş ovqat və qürur hissi yaratmışdı.
Zaman elə gətirdi ki, DQMK-nın ləğvindən sonra komissiyanın sədr və müavini DİM müavinləri vəzifəsinə layiq görüldülər. Hər iki vəzifəyə təyinat Prezident imzası ilə həyata keçirilir. Hazırlıqlı kadrların əksəriyyəti vəzifələrində çalışırlar. Hakim vəzifəsinə seçilənlər, digər qurumlara təyinat alanlar da var.
Bir neçə gün bundan öncə müstəqil ekspertlərin və QHT-lərdən ibarət tərkibdə Məleykə xanım ilə görüş keçirildi. Dövlət İmtahan Mərkəzin əsas binasında qurumun sədri Məleykə xanımın təşəbbüsü ilə keçirilən yığıncaqda mərkəzin fəaliyyəti, internet saytının yaradılması və DİM-nin nizamnamə fəaliyyəti haqqında iştirakçılara müfəssəl informasiya verilmiş, qeyri-hökumət təşkilatları və digər hüquqi, fiziki şəxslərlə qarşılıqlı əlaqədə mərkəzin fəaliyyətinin davam etdirilməsini hüquqi dövlətin əsas prinsiplərindən biri kimi vurğulanmışdır. Tədbirdə Məleykə xanım dövlət qulluğu üçün kadrların seçilməsi, ali və orta ixtisas təhsilli müəssisələrdə tələbə qəbulunun həyata keçirilməsi sahəsində qabaqcıl təcrübənin tətbiqi ilə bağlı təşəbbüslərin əhəmiyyəti və bu işdə ictimaiyyətin rolundan da danışmışdır.
Doğrusu Məleykə xanımın1 saat ərzində iştirakçılara DİM-nin hüquq və vəzifələri barədə geniş və aydın təqdimatı hamıda xoş təəssurat yaratdı. Test imtahanlarının məzmunu və mahiyyəti, abituriyentlərin test üsulu ilə imtahanlara hazırlığın ödənişli əsaslarla sınaq imtahanlarının keçirilməsi, test bankının formalaşdırılması, proqram təminatının yaradılması habelə, ekspert şuralarının təşkili məsələləri ətrafında mühazirələr və şərhlər mərkəzdə hər şeyin nəzarətdə olmasının təzahüründən xəbər verirdi.
Sonda verilən suallara Məleykə xanım özü aydınlıq gətirdi. Şərhlər peşəkarlığın, bacarıq və qabiliyyətin əyani təcəssümü idi. Bir neçə gün ötdükdən sonra Asiya universitetinin zallarında test suallarına uyğun cavabların yoxlanılması prosedurlarının müşahidə zamanı Məleykə xanımın fəaliyyətindəki prinsipal mövqeyi, göstərilən etimada sədaqəti, haqqa və ədalətə sığınan dövlət və ictimai xadimin görk olacaq hərəkətləri məndə Dəmir ledi təəssuratını yaratdı.
Test məsələlərinin təşkili və həyata keçirilməsi, abituriyentlər üçün ixtisasların seçimi, gənclərə sərbəstliyin təmin edilməsində qeyd etdiyim prinsiplərlə vəzifə funksiyalarını həyata keçirən əməkdaşların danılmaz rolu var. Dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən bu mühüm məsələdə Mərkəzə dəstək vermək üçün biz də, fəaliyyətimizi əsirgəməyəcəyik.
"Polisə Dəstək” İB-nin sədri : Şəmsəddin Əliyev