Çində orta məktəblərdə dərslər dayandırılıb
Çinin Quancouda şəhərində COVID-19 virusuna yoluxmalar səbəbindən orta məktəblərdə əyani tədris dayandırılıb.
Çinin beynəlxalq ticarət qovşağı hesab edilən və əhalisi 15 milyon nəfər olan Quancou şəhərinin rəhbərliyi orta məktəblərdə əyani dərslərin qeyri-müəyyən müddətə dayandırılmasına və distant təhsilin təşkilinə qərar verib. Yalnız yataqxanası olan məktəblərin buraxılış siniflərinin şagirdləri üçün qapalı rejimdə yerində dərslərin keçirilməsinə icazə var. Yəni, həmin siniflərin şagirdləri məktəbləri tərk edə bilməzlər.
Bundan başqa, ali təhsil müəssisələrində də qapalı rejim tətbiq olunacaq. Kolleclərə qəbul imtahanı isə təxirə salınıb.
Səlahiyyətli qurumlar şəhərdə virusa yoluxmaların çoxalması ehtimalını nəzərə alaraq, mobil xəstəxanaların inşasına başlayıb. İlk belə xəstəxana Pacou sərgi mərkəzində quraşdırılacaq.
Şəhər rəhbərliyi sakinlərə ciddi səbəb olmadığı halda Quancounu tərk etməməyi tövsiyə edib. Səlahiyyətli qurumlar əhalinin ərzaq və gündəlik tələbat malları ilə təminatı üçün hazırlıqlara başlayıb.
Qeyd edək ki, martın əvvəlindən etibarən Çinin müxtəlif yaşayış məntəqələrində virusa yoluxmalar davamlı olaraq çoxalır. Çinin Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsinin məlumatına əsasən, ötən sutka Çinin materik hissəsində 27 min 509 yerli yoluxma, o cümlədən 26 min 345 simptomsuz yoluxma qeydə alınıb. Bu, Çin üçün sutkalıq antirekord göstəricidir. Yoluxmaların əksər hissəsi (26 min 87) Şanxayda aşkarlanıb. Çinin əhali sayına görə ən iri şəhəri olan Şanxayda, habelə Şencen və Çançun kimi böyük şəhərlər də daxil olmaqla, bir neçə yaşayış məntəqəsində qapanma tətbiq edilib.
Mütəxəssislər hazırkı dalğanı Çinin Uhan böhranından sonra COVID-19 pandemiyası ilə ikinci böyük mübarizəsi hesab edirlər.