Pekinin bəzi məktəblərində əyani tədris dayandırılıb
Çin paytaxtı Pekinin mərkəzi hissəsində yerləşən Donçen rayonunun orta məktəblərində əyani tədris müvəqqəti olaraq dayandırılıb.
Bu barədə rayon ərazisindəki məktəblərdən şagirdlərə bildiriş gəlib. Dərslərin yalnız onlayn formatda təşkil olunacağı deyilib. Rayon ərazisindəki orta məktəblərdə bir neçə şagirdin COVID-19 virusuna yoluxması təsdiqlənəndən sonra belə qərar qəbul olunub.
Martın əvvəlindən Çində COVID-19 virusuna sutkalıq yoluxma dinamikası yüksək olaraq qalır. Çinin Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsinin məlumatına əsasən, ötən sutka ərzində 2281 təsdiqlənmiş və 2313 asimptomatik yerli yoluxma aşkarlanıb. Martın 1-dən bəri Çində 46 mindən çox yoluxma aşkarlanıb. Martın 18-də isə 14 aydan sonra Çində COVID-19 səbəbindən ilk ölüm halları qeydə alınıb. Çinin Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi yoluxanların 95 faizindən çoxunda xəstəlik əlamətlərinin ya heç olmadığını, ya da yüngül olduğunu, cəmi 0,1 faizində xəstəliyin ağır formada keçdiyini açıqlayıb.
Qeyd edək ki, pandemiyanın hazırki dalğası ilə əlaqədar Çinin bir neçə şəhərində tam və ya qismən qapanma tətbiq olunur, pasiyentlərin yerləşdirilməsi üçün mobil xəstəxanalar inşa edilir, kütləvi test prosesi həyata keçirilir. Hökumət infeksiyaya yoluxmanı ev şəraitində müəyyən etmək üçün sürətli antigen testlərindən istifadəyə icazə verib. Yoluxmaların artması fonunda pasiyentlərin müalicəsi və onların karantinə cəlb olunması qaydalarında dəyişiklik edilib. Yeni qaydalara əsasən, xəstəlik əlamətləri olmayan və ya yüngül olan COVID-19 pasiyentləri xəstəxanalarda deyil, xüsusi ayrılmış yerlərdə karantinə cəlb olunur. Xəstəxanalarda müalicəni başa vuran pasiyentlər 14 gün məcburi olaraq xüsusi karantin yerlərində deyil, bir həftə ev şəraitində özünənəzarət rejimində qalmasına qərar verilib.
Mütəxəssislər hazırkı dalğanı Çinin Uhan böhranından sonra COVID-19 virusu ilə növbəti böyük mübarizəsi kimi dəyərləndirirlər.(Azərtac)