BDU-da I Milli Texnologiya Sərgisi keçiriləcək
Martın 30-da Bakı Dövlət Universitetinin (BDU) Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzinin təşkilatçılığı ilə I Milli Texnologiya Sərgisi keçiriləcək.
Azərbaycanda Elm Gününə həsr olunacaq sərgidə BDU-nun gənc tədqiqatçıları və tələbələrinin hazırlanmış müxtəlif innovasiya və texnologiya layihələri nümayiş olunacaq.
Sərgidə aşağıda qeyd edilən sahələr üzrə layihələr nümayiş olunacaq:
– Proqramlaşdırıla bilən mikrosxemlər (Arduino, Raspberry Pi) və onların əsasında hazırlanmış ağıllı həllərin müxtəlif sahələrdə tətbiqləri;
– Əşyaların interneti (IoT) və maşından maşına (M2M) texnologiyaları əsasında “Smart Life” – “ağıllı” şəhər və kənd konsepsiyası layihələri;
– Modelləşdirmə və 3D çap texnologiyaları;
– Proqramlaşdırma və internet texnologiyaları.
Sərgi iştirakçısı olan komandalar tərəfindən öz layihələrinin elektron dövrəsinin hazırlanması, proqramlaşdırılması, prototipin gövdəsinin 3D modelinin hazırlanması və çap edilməsi prosesləri canlı formada mərhələli olaraq təqdim ediləcək.