Müharibə şəraitində təhsil
Ukraynada məktəblər necə fəaliyyət göstərir?
Ukraynanın Rusiya tərəfindən işğalının davam etdiyi 12 gün ərzində 202 məktəb binası, 34 xəstəxana zədələnib və ya tamamilə məhv edilib. Bu barədə jurnalist Böyükağa Mikayıllı Ukrayna mətbuatına istinadən xəbər verib. O, qeyd edib ki, Ukraynada ümumilikdə 1500-dən çox bina dağıdılıb. 900-dən artıq yaşayış məntəqəsi işıqsız, susuz və istiliksiz qalıb. Müharibə istisnasız olaraq bu ölkənin bütün vətəndaşlarına bu və ya digər formada təsir edib. Uşaqlar təhsildən kənar qalıblar.
Jurnalist B.Mikayıllı qeyd edib ki, Ukraynanın Təhsil və Elm Nazirliyi 07.03.2022-ci il tarixində elm və təhsil müəssisələri rəhbərlərinə məktub ünvanlayıb. Məktubda hərbi vəziyyət zamanı elm və təhsil müəssisələrinin fəaliyyətinin nizamlanması məsələlərindən bəhs olunur. Qeyd edilir ki, təhsil müəssislərinin işçiləri obyektiv səbəblərə görə iş yerlərinə gedə bilmədikləri üçün, mövcud rabitə vasitələrindən istifadə etməklə, distant işləyə bilərlər. Mövcud təhlükə nəzərə alınaraq bütün təhsil müəssisələrində dərslər dayandırılıb. Bununla belə, təhlükəsiz ərazilərdə və şəhərlərdə internetə çıxışı olanlar üçün təhsil platformasına pulsuz qoşulma imkanı yaradılıb. Bu platforma istisnasız olaraq 1 – 11-ci sinif şagirdləri üçün nəzərdə tutulub.
“Optima” adlı distant məktəb şagirdlərə təhsil prosesinə ilkin olaraq bir ay qoşulma imkanı verir. Hərbi əməliyyatların davam edəcəyi təqdirdə məktəb rəhbərliyi bu müddəti uzada bilər.
Ümumilikdə “Optima” məktəbi şagirdlərə imkan yaradır ki:
– Təhsil platformasına “Tədris materiallarına qoşulma imkanı ilə ekstern” rejimində əlaqə yaratsınlar.
– Müasir tədris materiallarına çıxış imkanı əldə etsinlər.
– Ukraynanın ən yaxşı distant məktəbində pulsuz təhsil alma imkanına yiyələnsinlər.
– Şagirdlər harada olmalarından və hazırlıq səviyyələrindən asılı olmayaraq distant təhsil almaq imkanına malikdirlər.
– Qiymətləndirilmə, vebinarlara qoşulma və s. imkanları…
Nazirlikdən bildirilir ki, müharibə davam edəcəyi təqdirdə şagirdlərin distant təhsil imkanlarının genişləndirilməsi üçün müvafiq tədbirlərin sırası genişlənəcəkdir.
Mövzuya yenidən qayıdacağıq.