Ukraynada müharibə başlayandan beş uşaq ölüb, daha 33 uşaq yaralanıb
Ukraynda döyüş əməliyyatları başlayandan bugünədək qarşı tərəfin açdığı atəş nəticəsində beş uşaq ölüb, daha 33 uşaq yaralanıb.
Bu barədə Ali Radanın İnsan Hüquqları üzrə Müvəkkili Lyudmila Denisova bildirib.
Denisovanın sözlərinə görə, ötən gün ərzində Kiyev-Kovel-Yaqodin avtomobil yolunun dağılmış körpüsündən avtomobillərin uçması nəticəsində 8 yaşlı uşaq ölüb.
Bundan başqa, Rusiya qoşunlarının Axtırka şəhərindəki “Solnışko” uşaq bağçasını atəşə tutması nəticəsində bir uşaq ölüb.
Həmçinin, yeddi yaşlı uşaq güllə yaraları səbəbindən ağır vəziyyətdə Kiyevdəki Milli İxtisaslaşdırılmış Uşaq Oxmatdet Xəstəxanasına çatdırılıb. Uşaq ağır vəziyyətdə reanimasiyadadır.
Eyni zamanda, Donetsk vilayətinin Sartana qəsəbəsinə endirilən aviazərbə zamanı bir uşaq həlak olub.
“Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondundan (UNICEF), Qızıl Xaç Cəmiyyətindən Ukraynada müharibə vəziyyətində olan zərər çəkmiş uşaqlara və onların ailələrinə humanitar-tibbi yardım göstərməyi xahiş edirəm. Heç bir uşaq müharibənin qurbanı olmamalıdır”, - Denisova vurğulayıb.