Ukraynada əsir götürülən Əzizin qardaşı: “O, tələbədir, necə Rusiya tərəfdən döyüşə bilər?” – VİDEO
Dünən Ukraynada azərbaycanlı gənc Əziz Haqverdiyev əsir götürülüb.
Əsir götürülən şəxs haqqında bir sıra iddialar səsləndirilib. Belə ki, onun Rusiya ordusuna qatılaraq Ukrayna əleyhinə vuruşduğu və ya evlərini tərk edən ukraynalıların evlərindən oğurluq etdiyi deyilir.
Əzizin qardaşı Elçin Haqverdiyev səsləndirilən iddialarla bağlı azxəbər.com-a müsahibə verib.
Həmin müsahibəni təqdim edirik:
– Əzizdən yeni bir xəbər var?
– Hələlik heç bir yenilik yoxdur.
– Rusiya ordusunda Ukraynaya qarşı döyüşdüyü deyilir.
– Bu necə ola bilər axı? Əziz tələbədir, o Ukraynada, FHN akademiyasında təhsil alır. 10 gün içərisində necə Rusiya tərəfə keçə bilər? Neçə ildir Ukraynada tələbə olan Əziz necə belə addım ata bilər? Son dəfə fevralın 21-i anamla danışıb və ona pul göndərmişik.
– Boş evlərdən oğurluq etməsi iddiaları ilə bağlı nə deyə bilərsiniz?
– Boş evdən nə oğurlaya bilər ki? Uzağı çörək götürə bilər. Camaat acından ölür orada. Hamı zirzəmiyə yerləşdirilib. Kart sistemi, bankomat işləmir. Bu zaman çörəyi haradansa götürməlisən. Düzü heç ona da inanmıram.
– Əzizin Rusiyaya münasibəti necədir?
– Əziz namazqılan, tərbiyəli, mədəni oğlandır. O, niyə Rusiya tərəfdən döyüşməlidir? Bu variantı mən heç cür qəbul edə bilmirəm.
– Bəs Azərbaycana gətirilməsi ilə bağlı hansı işlər görülür?
– Xarici İşlər Nazirliyinə ərizə ilə müraciət etmişik. Hazırda Qızıl Aypara Cəmiyyətindəyik. Başqa əlimizdən heç nə gəlmir.
Qeyd edək ki, Əziz adlı şəxs əsir düşərkən ev ünvanını açıqlayıb və anasından onu bağışlamasını istəyib.
https://www.youtube.com/watch?time_continue=4&v=YaIHKshMkHI&feature=emb_logo