Övladınızın davranışı xoşunuza gəlmirsə, səhvi özünüzdə axtarın- DİQQƏT
Amerikada çalışan azərbaycanlı həkim Ülviyyə Qasımovanın "Düşünmək zamanıdır” yazısını təqdim edirik.
- Ana, nəyə görə ağac yetişdirmək, onlara qulluq etmək mütləqdir?
- Çünki onlar bizim yaşamağımız üçün böyük önəm daşıyır.
- Necə yəni?
- Biz yaşamaq üçün nəfəs almalıyıq, bu zaman biz xeyirli qaz olan oksigeni uduruq, zərərli qaz olan karbonu isə nəfəslə ətraf mühitə ötürürük.
- Bəs bu prosesdə ağacın nə rolu var?
- Bizə lazım olan oksigen məhz ağacların yarpaqlarında əmələ gəlir. Bilmək istəyirsən bu proses necə adlanır?
- Əlbəttə
- Fotosintez
Sonra ana, ataya üz tutaraq, "Devid, bu mövzuda sənin fikrin necədir bəs?” soruşur. Devid isə öz növbəsində Stivenin sualına belə cavab verir:
- Sara, mən səninlə tamamilə razıyam. Onu da əlavə edim ki, bu, həm də təbiətə gözəllik verir. Sən isə bizimlə hər həftə sonu bu ağacların olduğu parklarda piknikə getməyi çox sevirsən, düzdür?
Sara və Devid Stivenin sualına məhəl qoymaya da bilərdi. "Bilirsən nə var, götür bu planşeti, başını qat, məni də yorma”, - deyə bilərdi. Amma onlar anlayırlar ki, bir valideyn olaraq Stiveni gələcəkdə necə şəxsiyyət kimi görmək istəyirlərsə, bu gün ona həmin şəxsiyyət kimi davranmalıdırlar. Bu gün məlumat verdikləri bu mövzu Stivenin yaddaşında bəlkə ona 5-6-cı sinifdə biologiya dərsində veriləcək informasiyadan daha yaxşı qalacaq. Stivenin 5 yaşı var, müxtəlif mövzulardan saysız-hesabsız suallar vermək, böyüklər üçün çoxdan marağını itirmiş mövzulara hədsiz maraq göstərmək normal haldır. Bundan narahat olmaq, onu susdurmağa çalışmaq, marağına su töküb yerlə bir etmək lazım deyil.
Və ya Sara onun sualına mühazirə şəklində cavab verə bilərdi. Amma o bunu etmədi. Çünki o, Stivendə sual vermək, maraqlanmaq həvəsini daha da artırmaq istədi. Və ya heç atasının fikrini soruşmaya da bilərdi. Amma bunu etməklə Stivendə bir mövzu haqqında müxtəlif rəylər almaq refleksinin bünövrəsini qoymağa başladı.
Devid isə öz növbəsində "Məni bu boş-boş suallarla yormayın, mən sizə çörək pulu qazanıram”, - deyə bilərdi. Amma nə qədər yorğun olsa da, bu suala cavab verməklə balaca Stivenin şüuraltında xanımına qoyduğu hörmətlə insansevər və ən əsası sülhsevər olmanın qığılcımını alovlandırdı.
Bu valideynlər başa düşürlər ki, indi onların bir-birlərinə və ya Stivenə qarşı münasibətdə atdıqları yanlış addım onun necə şəxsiyyət kimi formalaşmağında geridönülməz qüsur yarada bilər.
Avtobusdan enməzdən öncə üzümü onlara tutub "təşəkkür edirəm”, - dedim. Onlar isə mənə maraqla baxaraq nə üçün deyə soruşdular.
- Cəmiyyətə belə şəxsiyyət yetişdirdiyiniz üçün...
Onların üzündəki o mülayim təbəssüm yəqin ki, uzun müddət yaddaşımda qalacaq.
Azərbaycanda olduğum müddətdə ictimai nəqliyyat vasitələrini dəfələrlə vaxtından tez tərk etmişəm, səbəbi isə valideynlərin övladlarına qarşı nümayiş etdirdikləri etinasızlıq, aqressiya olub. Ötən dəfə maraqlı bir deyim oxudum:
"Əgər gül yetişmirsə, biz gülə toxunmuruq, onun olduğu mühiti dəyişməyə çalışırıq”.
Əziz həmvətənli valideynlər, cəmiyyətimiz üçün gözəl şəxsiyyətlər yetişdirməyə calışın. Övladlarınızı əhatə edən mühit isə məhz sizsiniz. Əgər övladınızın hansısa davranışı sizə xoş gəlmirsə, özünüzdəki səhvi axtarın və onu aradan qaldırın.