Müasir təhsil sistemindəki psixoloji xidmət-Ekspertlərin rəyi
Müasir dövrdə dünyanın bir çox ölkəsində məktəblərdə şagirdlərə psixoloji dəstəkdən uğurla istifadə edilir. ABŞ, Fransa, Almaniya, İsrail, Çexiya, Norveç, İspaniya, Türkiyə məktəblərində iki, üç psixoloq xidmət göstərir.
Hazırki durumda inkişaf edən və ağırlaşan təhsil yükü fonunda Azərbaycanda da məktəb psixoloqlarına ehtiyac daha da artmaqdadır.
Ancaq təssüf ki, ölkə məktəblərində şagirdlər psixoloq dəstəyindən kifayət qədər yararlana bilmirlər. Paytaxtın təhsil müəssisələrinin müəyyən qismində məktəb psixoloqları olsa da bölgələrdə bu sahə üzrə kadr çatışmamazlığı mövcuddur.
Mövzu ilə bağlı danışan təhsil eksperti Nadir İsrafilov deyib ki, nəzərə alsaq ki, məktəbdə psixoloji xidmətin başlıca məqsədi uşaq, yeniyetmə və gənclərin psixoloji sağlamlığını qorumaqla onların təhsil müvəffəqiyyətinin artırılması, əsas vəzifəsi isə şagirdlərin təlim və tərbiyəsi sahəsindəki çətinlikləri, onların şəxsi və intellektual inkişafındakı qüsurları aradan qaldırmaqla, təlim-tərbiyə sahəsində aparılan işin səmərəliliyini yüksəltməkdə, sosial cəhətdən fəal, yüksək ideya inamına malik şəxsiyyətin formalaşdırılmasında pedaqoji kollektivə köməklik göstərməkdən ibarətdir, bu halda məktəbə psixoloq nəinki lazımdır, hətta zəruridir. Digər tərəfdən məktəbin işi şagirdlərə təkcə bilik, bacarıq və vərdişlər aşılamaq deyil, həm də gələcək üçün komplekssiz, problemsiz şəxsiyyət yetişdirməkdir. Əlbəttə, söhbət məktəblərdə işini bilən, ixtisaslı, işinin öhdəsindən gələn psixoloqlardan gedir.
Ekspertin sözlərinə əsasən, müasir təhsil sistemindəki psixoloji xidmət praktik psixoloqun qarşısında uşaqların məktəb təliminə hazırlığı səviyyəsini aşkara çıxarmaq, onların məktəb təlimi şəraitinə və məktəb həyatına daha yaxşı uyğunlaşmasını təmin etmək üçün müəllimlərlə birlikdə fərdi iş aparmaq, uşağın həyatında keçid və böhran dövrlərini xüsusi nəzarətdə saxlamaq, uşaqların ilk dövrdən təlimə hazırlığını müəyyənləşdirmək, geridə qalan və mürəkkəb davranış sərgiləyən uşaqlarla diaqnostika və korreksiya işlərini həyata keçirmək, şagirdlərin intellektual, şəxsiyyət və iradi-emosional sferasının diaqnostikasını həyata keçirmək, onların korreksiyasını aparmaq, şagirdlərin müəllimlərlə şəxsiyyətlərarası münasibətlərindəki konfliktlərin psixoloji səbəblərini aşkara çıxarmaq və aradan qaldırmaq kimi konkret və həlli vacib vəzifələr qoyur:
“Məhz elə buna görədir ki, orta məktəblərdə psixoloq çatışmazlığı və psixoloji xidmətin təşkili ilə bağlı məsələ zaman-zaman gündəmə gətirilib. Bununla belə bir məqama da diqqət yetirilməlidir ki, məktəbdə psixoloji xidmətin təşkili digər təhsil xidmətləri ilə müqayisədə, nisbətən yeni sahədir. Əsasən, 90-cı illərdən etibarən ilk olaraq Bakı məktəblərini əhatə edən psixoloji xidmət sahəsi qeyri-ixtisas və ya belə desək, digər fənn müəllimlərinin qısamüddətli ixtisasartırma yolu ilə yenidən hazırlanmış kadrların ümidinə buraxılmışdı və bu mənada, onları peşəkar psixoloq hesab etmək, həmin psixoloqlardan aktiv və səmərəli fəaliyyət gözləmək sadəlövhlük olardı. Psixoloqların müəyyən hissəsi ixtisas üzrə ali təhsilli olmayıb, onlar yenidən hazırlanma təhsili alanlar olub. Ən böyük çətinlik isə ondan ibarət olub ki, 150 şagirdi olan məktəbdə də, 2 min şagirdi olan məktəbdə də bir psixoloq işləyirdi. Uzun bir dövr ərzində təhsil müəssisələrində çalışan müəllim heyətinə, psixologiya elminin müasir dövrün tələbləri və yenilikləri barədə məlumatlı olmaları üçün mütəmadi olaraq təlim kursları və seminarlar təşkil olunmayıb. Ali məktəblərdə psixologiya elminin qanunauyğunları və günümüzün tələblərinə cavab verə biləcək tədrisin təşkili üçün ciddi addımlar atılmayıb. Köhnədən qalma Əsasnamədə müvafiq dəyişikliklər edilməyib, psixoloqların diaqnostik qiymətləndirilməsi uzun müddət aparılmayıb. Nəhayət, xeyli sonralar Təhsil qanununda edilən dəyişikliklər və əlavələr tədricən öz nəticəsini verməyə başlayıb. Təhsil haqqında qanuna dəyişikliyə görə, psixoloqlar üçün daha peşəkar şərtlərin müəyyənləşdirilməsi baxımından yeni qaydaların hazırlanması nəzərdə tutulmuşdu ki, “Təhsil haqqında” Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının “2018-ci il 12 iyun tarixli Qanununun tətbiqi haqqında” Prezidentin 2018-ci il 5 iyul tarixli Fərmanının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti “Təhsil müəssisələrində psixoloji xidmətin təşkili Qaydaları”nın təsdiq edilməsi haqqında qərar qəbul etdi. 2019-cü ildə məktəb psixoloqlarının Diaqnostik Qiymətləndirilməsi keçirildi”.
N.İsrafilov bildirib ki, “Ümumi təhsil haqqında” Qanununun tətbiqi barədə” Prezidentin müvafiq Fərmanının 1.1.11-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə Nazirlər Kabineti Ümumi təhsil müəssisələrində psixoloq ştatının sayının müəyyən edilməsi haqqında qərar qəbul edib. 27 fevral 2020-ci il, 70 nömrəli qərara əsasən, Dövlət və bələdiyyə ümumi təhsil müəssisələrində psixoloq ştatının sayı aşağıdakı kimi müəyyən edilib: 1.1. şagird sayı 1000-dək olduqda, 1 vahid; 1.2. şagird sayı 1000-dən 3000-dək olduqda, 2 vahid; 1.3. şagird sayı 3000-dən çox olduqda, 3 vahid. Özəl ümumi təhsil müəssisəsində psixoloq ştatının sayı həmin təhsil müəssisəsinin ali idarəetmə orqanı tərəfindən müəyyən olunur. Bu qərarın qəbul edilməsi ilə əlaqədar olaraq Azərbaycan SSR Nazirlər Sovetinin «Azərbaycan SSR Xalq Təhsili Nazirliyi ümumtəhsil məktəblərinin nümunəvi ştatları haqqında» 1990-cı il 30 iyun tarixli 293 nömrəli qərarı qüvvədən düşmüş hesab edilib.
Təhsil eksperti qeyd edib ki, rəsmi məlumata görə hazırda ölkə üzrə ümumi təhsil müəssisələrində 3 mindən çox psixoloq çalışır. Bununla belə Azərbaycanda Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasının qəbulundan sora bu sahəyə xüsusi diqqət yetirilməsi və bu istiqamətdə müəyyən işlər görülməsinə baxmayaraq, istənilən halda ümumtəhsil məktəblərində psixoloji xidmətin təşkilinə və məktəb psixoloquna baxış bucağımız və yanaşma tərzimiz bir daha dəqiqləşdirilməlidir.
Həkim-psixoloq Aybəniz Rüstəmlinin fikrincə, hər bir məktəbdə psixoloqun olması vacibdir. Hətta şagirdlərə bir yox bir neçə psixoloq psixoloji dəstək göstərməlidir:
“İbtidai siniflərdə təhsil alan şagirdlər fərqli psixoloji dəstəyə ehtiyac duyurlar. Yuxarı sinif şagirdlərinin isə tamamilə başqa psixoloji dəstəyə ehtiyacı var. İbtidailərin çoxunun valideyndən ayrı düşmək və yalnız qalma qorxusu olur. Bu səbəbdən də onlar məktəbə ağlayaraq gəlir, sinifdə oturmaq istəmirlər. Yuxarı sinif şagirdləri ndə isə yetkinlik dövrünə xas xüsusiyyətlər müşahidə olunur. Onların bir-biri ilə yola getməməsi, aralarında münaqişənin yaranması, dərsdən yayınmaları, zərərli vərdişlərə meyl etmələri bu şagirdlərin ciddi psixoloji dəstəyə ehtiyac olduğunu göstərir. Bəzən isə ailədə problemin olması, valideynlər arasındakı gərginlik də şagirdin psixologiyasına mənfi təsir edir. Bu kimi halları nəzərə alaraq məktəblərdə şagirdlərə psixoloq xidmətinin göstərilməsi vacibdir. Psixoloq uşaqlarla doğru ünsiyyətin necə qurulmasını, aqressiv, gərgin şagirdlərlə necə davranmalı olduğunu yaxşı bilir”.
A.Rüstəmli bildirib ki, son vaxtlar yeniyetmələr arasında intihar halları xeyli artıb: “Şagirdlərin psixoloqa olan ehtiyacı ödənilmədiyindən, psixoloji problemləri həllini tapmadığından intihar halları artır. Həyata hazır olmayan yeniyetmə hər hansı bir problemlə qarşılaşdıqda, çətinliklə üzləşdikdə vəziyyətdən çıxış yolu tapa bilmir. Depressiya düşür, özünü vəziyyət qarşısında açız, carəsiz hiss edir. Düşdüyü vəziyyətdən çıxış yolu tapa bilmədiyi üçün intihar edir”.
Təhsil naziri Emin Əmrullayev bildirib ki, hazırda Təhsil Nazirliyi tərəfindən məktəblərdə psixoloqlarla bağlı təhlillər aparılır. Onların sayının artırılması istiqamətində işlər görülür:
“Məktəb psixoloqları tədrisdə olduqca vacib rola malik insanlardır. Məktəb psixoloqlarının sayı sinif-komplektlərin sayından asılı olan ştat vahididir. Düşünürəm ki, Təhsil Nazirliyi olaraq bu istiqamətə daha çox diqqət ayırmalıyıq. Bu istiqamətdə daha çox təşəbbüslərlə çıxış etməyi öhdəmizə götürürük. Hər bir şagirdin psixoloji rifahı, sağlamlığı və təhlükəsizliyi Təhsil Nazirliyi üçün prioritetdir”.
Nazirin dediyinə görə, hazırda məktəblərdə çox keyfiyyətli psixoloji xidmətin qurulması istiqamətində işlər aparılır:
“Məktəblərdə həqiqətən də peşəkar psixoloqlar çalışmalıdır. Çünki məktəbdə psixoloji xidmət və konsultasiya məsuliyyətli məsələdir. Əksər ölkələrdə bu, lisenziyalarla tənzimlənir, kifayət qədər ağır tənzimlənən bir məsələdir. Bu mənada, çalışırıq ki, daha keyfiyyətli mərkəzləşmiş psixoloji xidmət quraq”.
Milli Məclisin elm və təhsil komitəsinin üzvü, deputat Etibar Əliyev şagird sayı çox olan ümumtəhsil məktəblərində bir neçə psixoloqun olmasının tərəfdarıdır. Ancaq bir şərtlə ki, onlar sözün əsil mənasında yaxşı psixoloq olsun:
“Bu gün məktəblərdə psixoloqlara çox ehtiyac var. Xüsusən də yuxarı sinif şagirdlərinin psixoloqlarla mütəmadi danışıqlar, söhbətlər aparması vacibdır. Bu gün məktəblərdə yaxşı psixoloqlar var. Ancaq təssüf ki, yaxşı olmayan psixoloqlar da var. Fikrimcə, məktəblərə işini bilən psixoloqlar işə götürülməlidir. Təhsil müəssisələrində çalışan psixoloqların isə peşəkarlıq səviyyəsi artırılmalıdır. Onlar xüsusi təlim, kurs və s. cəlb olunmalıdırlar”.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin ( BŞTİ) tabeliyində olan 311 ümumi təhsil müəssisəsində rəsmi olaraq 291 məktəb psixoloqu çalışır. 20 məktəbdə isə çalışan psixoloqların bir qismi müqavilə ilə işləyir.
Həmçinin, psixoloqlar arasında analıq məzuniyyətinə çıxdığına görə hazırda çalışmayanlar da var. İdarədən bildirilib ki, mütəmadi olaraq BŞTİ tərəfindən məktəb psixoloqlarının peşə bacarıqlarını inkişaf etdirmək, onları vəzifə və hüquq öhdəlikləri ilə bağlı maarifləndirmək, uşaqlarla həyata keçirdikləri psixoloji işlərin keyfiyyətini yüksəltmək məqsədilə layihələr, təlimlər həyata keçirilir. Təlim zamanı məktəb psixoloqlarına beynəlxalq təcrübə nəzərə alınmaqla bilik və bacarıqlarının artırılması məqsədilə intihara cəhd edən, eyni zamanda zorakılığa məruz qalan uşaqlarla işin təşkili, valideynlərlə aparılan görüşlərin effektiv üsulları barədə məlumatlar verilir.