Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bəzi məktəblərə hələ də istiliyin verilməməsi ilə bağlı AÇIQLAMA
Bakıda bir neçə məktəbdə istilik yoxdur.
Bu barədə Oxu.Az-a daxil olan şikayətdə qeyd edilib. Valideynlər bildirir ki, Bakının Qaradağ rayonu, Səngəçal qəsəbəsi Şəhid Fəzail Qədimov adına 222 nömrəli tam orta məktəbdə hələ də istilik yoxdur. Eyni zamanda Nizami rayonu, Keşlə qəsəbəsində yerləşən 201 saylı tam orta məktəbdə də istilik yoxdur.
Noyabr ayının 15-dən istilik təminatının başlaması barədə məlumat verilsə də, təhsil müəssisələrindən bəzilərində hələ də şagird və müəllim heyəti soyuq otaqlarda dərs keçmək məcburiyyətində qalıb.
Məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) Oxu.Az-a bildirilib ki, Bakı şəhəri 222 nömrəli tam orta məktəb “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyəti tərəfindən mərkəzləşdirilmiş qaydada istiliklə təmin edilir.
“Müvafiq məsələ ilə əlaqədar tərəfimizdən aidiyyəti quruma edilmiş müraciət nəticəsində xətlərdə təmir işləri aparılmış və məktəbin istilik təminatı bu gündən bərpa edilib.
Qeyd edək ki, məktəblərin istiliklə təminatı məsələsi tam nəzarətə götürülüb. Əməkdaşlar tərəfindən monitorinqlər davam edir. Məktəblərin istiliklə təmin olunmasında hər hansı problem aşkarlandığı təqdirdə, səbəbi müəyyənləşdirilərək aradan qaldırılması üçün müvafiq tədbirlər görülür, aidiyyəti qurumlara müraciətlər olunur”.
Qeyd edək ki, BŞTİ-nin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrindən 133-ü “Azəristilik” ASC tərəfindən mərkəzləşdirilmiş qaydada, 179-u fərdi qazanxana vasitəsilə, 7-si isə fərdi və mərkəzləşdirilmiş qaydada istiliklə təchiz edilib.