Bakı məktəblərinin istilik problemi davam edir
Bakının Nəsimi rayonu, Samir Hacıyev adına 5 nömrəli tam orta məktəbdə hələ də istilik yoxdur. Noyabrın 15-dən bütün ölkə ərazisində qazanxana və istilik məntəqələri işə salınsa da, sözügedən təhsil müəssisəsi tam olaraq istiliklə təmin olunmayıb.
Bu şikayətlə “Qafqazinfo”ya bir qrup valideyn müraciət edib. Onların sözlərinə görə, noyabrın 22-dən etibarən məktəbdə istilik sistemi işə düşüb. Amma hələ də istilik bütün sinifləri əhatə etmir. Hətta ibtidai sinif şagirdləri üçün nəzərdə tutulmuş korpusda da sinif otaqları bumbuzdur. Nəticədə, uşaqlar təhsildən yayınır – bir qismi soyuq siniflərdə oturmağa davam gətirə bilmədiyinə görə dərsə gəlmir, bir qismi isə dərsə gələrək xəstələnib uzun müddət dərs buraxmalı olur.
Bəs sözügedən təhsil müəssisəsində istilik sistemi nə vaxt tamamilə bərpa olunacaq?
Bu sualla Bakı Şəhəri üzrə Təhsil İdarəsinə müraciət etdik. İdarədən bildirildi ki, “Azəriqaz” İstehsalat Birliyinə müraciət edildikdən sonra 5 nömrəli tam orta məktəbin qazanxanasına qaz verilişi bərpa edilib və təhsil müəssisəsinin istilik sistemi işə salınıb. Hazırda problemin tam olaraq həlli üçün tədbirlər görülür:
“Məktəbə verilən qazın təzyiqi qazanxanada mövcud olan hər iki qazanın tam gücü ilə işləməsinə kifayət etmədiyindən müəssisə daxilində bəzi sinif otaqları istiliklə zəif təmin olunur. Hazırda məsələnin tam həlli üçün müvafiq tədbirlər görülür”.