“Qazi müəllimlər” kitabı təqdim olunub
Vətən müharibəsində Bakı müəllimlərinin döyüş yolundan bəhs edən “Qazi müəllimlər” kitabının təqdimat mərasimi keçirilib.
Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) məlumat verilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.
Mərasimdə çıxış edən BŞTİ-nin müdiri Mehriban Vəliyeva bildirib ki, nəşrdə 38 qazi müəllimin döyüş yolundan bəhs olunub. İdarə müdiri yetişməkdə olan nəsillərə vətənpərvərlik hisslərinin aşılanmasının məktəblərin qarşısında duran ən vacib vəzifələrindən biri olduğunu, müəllimin təlim-tərbiyə prosesindəki rolunun, tövsiyələrinin, davranışının şagirdlərin şəxsiyyət kimi formalaşmasında çox mühüm əhəmiyyət daşıdığını diqqətə çatdırıb.
O qeyd edib ki, müəllimin həm də əlinə silah alıb Vətənin müdafiəsinə qalxması, düşmənə qarşı canını sipər etməsi yetirmələri üçün bir başqa nümunə, əsl həyat örnəyidir.
İdarə müdiri Vətən müharibəsi iştirakçısı olan müəllimlərin həyat və fəaliyyətini, döyüş yolunu geniş ictimaiyyətə çatdırmağın, günümüzün qəhrəmanlarını təbliğ etməyin vacibliyinə toxunub. O vurğulayıb ki, bu baxımdan “Qazi müəllimlər” kitabı millətin gələcəyi olan uşaqlara bilik və bacarıqlar aşılayan, Vətən üçün layiqli şəxsiyyət yetişdirən müəllim obrazını fərqli tərəfdən təqdim etmək imkanı yaradır. Kitabın təhsilalanlar və təhsilverənlər, eləcə də geniş oxucu auditoriyası üçün məktəb divarları arasında fədakar əməyi ilə seçilməklə yanaşı, həm də cəbhədə, soyuq səngərlərdə Vətən savaşında şücaət göstərən müəllimləri tanımaq, onların nümunəvi fəaliyyətinin öyrənilməsi baxımından istinad mənbəyi olacağını qeyd edib.
Təhsil nazirinin müşaviri Elnur Nəsibov “Qazi müəllimlər” kitabını Qarabağ savaşından üzüağ çıxan, zəfər tarixinə öz imzasını atan müəllimlərə olan minnətdarlıq duyğusunun ifadəsi kimi dəyərləndirib. O bildirib ki, Təhsil Nazirliyinin prioritetləri sırasında vətənpərvər və yüksək bilikli gəncliyin yetişdirilməsi əsas yerlərdən birini tutur. Bu baxımdan qazi müəllimlərin təbliğ olunması mühüm əhəmiyyət kəsb edir.
Digər çıxışçılar kitabı Vətən müharibəsi qaziləri ilə bağlı hazırlanmış ilk nümunələrdən biri olaraq yüksək dəyərləndiriblər. Qeyd edilib ki, Qarabağ savaşına yollanaraq zəfərlə geri dönən Azərbaycan müəlliminin qəhrəmanlıq dastanının təcəssümü olan kitab müəllim şəxsiyyətinin mətin və bütöv obrazının tanıdılması baxımından böyük əhəmiyyət daşıyır.
Qazi müəllimlərin, məktəb direktorları və şagirdlərin iştirak etdiyi mərasimin sonunda BŞTİ-nin nəzdindəki Uşaq-Gənclər İnkişaf Mərkəzinin xorunun ifasında “Zəfər mahnısı” səsləndirilib.