Dövlət İmtahan Mərkəzi informatika fənni üzrə mütəxəssisləri əməkdaşlığa dəvət edir
Dövlət İmtahan Mərkəzi (DİM) informatika fənni üzrə mütəxəssisləri əməkdaşlığa dəvət edir.
Bu barədə DİM-dən məlumat verilib. Bildirilib ki, əməkdaşlıq çərçivəsində yoxlama-ölçmə materiallarının hazırlanması üzrə mütəxəssislərdən aşağıda qeyd edilən funksiyaları yerinə yetirmək tələb olunur:
-İnformatika fənni üzrə yoxlama-ölçmə materiallarının hazırlanması və ekspertizası üzrə tələb olunan işləri həyata keçirmək.
Namizəd aşağıda qeyd edilən ixtisaslardan biri üzrə ən azı bakalavr təhsilinə malik olmalıdır:
– İnformatika müəllimliyi;
– Riyaziyyat və informatika müəllimliyi;
– Yeni təhsil proqramı (kurikulum) üzrə məlumatlı olmalıdır.
Müvafiq tələblərə cavab verən və ekspertizadan keçirilərək test bankına daxil edilən hər bir test tapşırığına görə müəlliflərə və ekspertlərə müqavilə əsasında mövcud tariflərə əsasən əməkhaqqı ödəniləcək.
Maraqlanan şəxslərdən CV formasını DİM-in saytından yükləyib tam şəkildə dolduraraq noyabrın 20-dək [email protected] ünvanına mövzu hissəsində “İnformatika” yazaraq göndərmələri xahiş olunur.