Nadir İsrafilov-Müəllim peşəsinin nüfuzunun artırılması istiqamətində Təhsil Nazirliyi iki istiqamətdə iş aparır.
“Gənc müəllimlər peşənin gələcəyidir”
"2022-ci il dövlət büdcəsi zərfi haqqında” qanun layihəsinə əsasən, pedoqoji profilli ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş 20 min nəfərə qədər gənc mütəxəssislərin kənd rayonlarındakı ümumi təhsil müəssisəsinə işə cəlb olunmalarının stimullaşdırılması məqsədilə onların kommunal xidmətləri və yaşayış yerinin kirayə haqqı üzrə verilən kompensasiyanın məbləği 50 % artırılaraq 60 manatdan 90 manata çatdırılacaq.
Ümumiyyətlə, son illər Təhsil Nazirliyin apardığı mühüm istiqamətlərdən biri də məhz müəllimlərin sosial rifahının yaxşılaşdırılması və maaş artımı ilə bağlıdır. Əgər desək ki, son illər Azərbaycanda müəllimyönümlü siyasət yürüdülür – yanılmarıq. Hələ bir müddət əvvəl Azərbaycan Respublikasının İnkişaf Konsepsiyasına uyğun olaraq şəxsə hərtərəfli bilik və bacarıqların verilməsi məqsədi ilə təhsil sisteminin institusional əsasları, infrastrukturu və insan resurslarının inkişaf etdirilməsi ön plana çəkilmiş, müəllim amilinin təhsilalanın öyrənməsi və inkişafı, nailiyyətlərinin monitorinqi prosesində həlledici rol oynaması, təhsilalanın savadlı və səriştəli şəxs kimi formalaşmasına müəllimin təsiri, müəllimin akademik bacarıqlarından, tədris təcrübəsindən və peşəkarlıq səviyyəsindən asılığı qeyd edilib.
Əbəs yerə deyil ki, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda qeyd olunanlarla yanaşı, mövcud vəziyyət bir daha təhlil olunmuş, strateji hədəf kimi müəllimin karyera inkişafı və fəaliyyətinin stimullaşdırılması üzrə yeni sistemin yaradılması, təhsilin keyfiyyətinin yaxşılaşdırılması üçün təhsili idarəetmə sisteminin yenidən qurulması, bu sahədə insan resurslarının inkişaf etdirilməsi və müəllim peşəsinin nüfuzunun artırılması zəruriliyi önə çəkilib. “Strategiya”ya müvafiq olaraq davamlı kompleks tədbirlər ardıcıl olaraq davam etdirilmiş, müəllim hazırlığı və müəllim əməyinə qiymət verilməsi istiqamətində müəyyən addımlar atılmış və bu sahədə işlər uğurla davam etdirilib.
Məsələn, müəllimlərin öz işinə daha da sevgi və məsuliyyətlə yanaşmasına şərait yaratmaq məqsədilə 2014-cü il sentyabrın 15-dən “Pedaqoji profilli ixtisaslar üzrə ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş və ümumi təhsil müəssisələrində işə başlamış gənc mütəxəssislər üçün əlavə güzəştlər və stimullaşdırıcı tədbirlərin müəyyən edilməsi haqqında” Nazirlər Kabinetinin 2010-cu il 14 aprel tarixli 67 nömrəli qərarında dəyişiklik edilmiş, müəllim peşəsinə marağı artırmaq üçün Təhsil Nazirliyi tərəfindən 2014 -2015-ci tədris ilindən başlayaraq “Gələcəyin müəllimi təqaüdü” təsis olunmuş, müəllim əməyinin stimullasdırılması, əmək haqqına differensial yanaşma istiqamətində müəllimlərin diaqnostik qiymətləndirilməsi keçirilib və s.
O da vacib amillərdəndir ki, bu gün müəllim peşəsinin nüfuzunun artırılması istiqamətində Təhsil Nazirliyi tərəfindən iki istiqamətdə iş aparır. Birinci istiqamət mövcud ümumi təhsil müəssisələrində çalışan müəllimlərin peşəkarlıq səviyyəsinin artırılması və müəllim heyətinin keyfiyyətinin yaxşılaşdırılmasıdır. İkinci istiqamət isə ondan ibarətdir ki, bu pedaqoji kadr hazırlığı həyata keçirən ali təhsil müəssisələrində ilkin müəllim hazırlığının təkmilləşdirilməsidir.
Təkcə son iki ilin statistikasına nəzər salsaq, yüksək nüfuzlu təhsilverənlərin formalaşdırılması, müəllim peşəsinin nüfuzunun artırılması istiqamətində əhəmiyyətli tədbirlərin həyata keçirilməsinin bilavasitə şahidi oluruq. Bu mənada Azərbaycan Prezidentinin Sərəncamı ilə dövlət ümumi təhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin sosial müdafiəsini daha da gücləndirmək və onlara dövlət qayğısını artırmaq məqsədilə aylıq vəzifə maaşlarının 2019-cu il sentyabrın 1-dən orta hesabla 20 faiz artırılması aparılan təhsil siyasətinin məntiqi davamı olmaqla yanaşı, müəllim peşəsinə diqqət və qayğının bariz nümunəsidir. Aparılan sistemli tədbirlər nəticəsində təhsil sahəsində keyfiyyət göstəricilərinin son illərdə yüksəlməsi, xüsusilə, müəllimlik ixtisasına abituriyentlər arasında diqqətin artması, müəllimlərin işə qəbulunda isə böyük müsabiqə şəraitinin yaranması ilə nəticələnib.
Ümumilikdə, son beş ildə məktəblərin müəllim tərkibi keyfiyyət baxımından yaxşılaşıb, 20 mindən çox gənc müəllim işə qəbul olunub. 500-dən çox bal toplayan abituriyentlərin 25 faizi (hər dörd abituriyentdən biri) müəllimlik ixtisasını seçib ki, bu da müəllim peşəsinin rəqabətliliyi, təhsilin keyfiyyəti haqqında müsbət proqnozlar verməyə imkan verir.Ötən müddətdə 150 mindən çox müəllim diaqnostik qiymətləndirmədən keçib. Onların dərs yükü norması 1,5 dəfə, əmək haqqları 2 dəfə artırılıb. Təhsil sistemində əmək haqqının artımı davamlı və sistemli xarakter daşıyır. Hesab edirəm ki, bu proses bundan sonra da uğurla davam etdirilməli, xüsusilə də gənclərin kənd məktəblərinə cəlb olunması yolu ilə reqionlarda və ucqarlarda müəllim defisiti problemi aradan qaldırılmalıdır.