Azərbaycan Respublikasının təhsil nazirinin müavini Firudin Qurbanov Azərbaycan Respublikasının Təhsil İnstitutuna (ARTİ) gəlib, institutun inzibati binası, iş şəraiti və kollektivi ilə tanış olub. Daha sonra ARTİ-nin rəhbər heyəti ilə görüş keçirilib.
Görüşdə çıxış edən Firudin Qurbanov ARTİ-nin Azərbaycanın təhsil sahəsi və təhsilin inkişafındakı mühüm rolunu vurğulayıb. Elmi tədqiqatların təhsilin məzmununda əhəmiyyəti, təhsil müəssisələrində ehtiyac duyulan tədqiqat mövzuları, yeni metodik vəsaitlər, müəllimlərin peşəkar inkişafı, təhsilin məzmununun bacarıq əsaslı təhsilə uyğunlaşdırılması, tədris resurslarının yenilənməsi, beynəlxalq və milli qiymətləndirmələrin təhlili kimi vacib məqamların ARTİ-nin əsas fəaliyyət istiqamətlərindən olduğu qeyd olunub. Son dövrlərdə tədqiqatların strukturunun dəyişməsilə təhsildə innovativ metodların tətbiqi və gələcəyə yönəlik peşələrin önə çıxması ARTİ-nin fəaliyyət istiqamətlərini genişləndirməyi zəruri edir. Beynəlxalq tədqiqat mərkəzləri ilə əməkdaşlıq, ali təhsildə gələcəyin ixtisaslarına uyğun proqramların araşdırılması, təhsilin müxtəlif pillələri arasında inteqrasiyanın təşkili, təhsil müəssisələrində innovativ mühitin təşviqi, pedaqoji fəaliyyətə hazırlaşan tələbələrin yeni dövrün tələblərinə uyğun təcrübə proqramı keçməsi kimi fəaliyyətlər sözügedən istiqamətlərdəndir.
4-cü sənaye inqilabından danışan Firudin Qurbanov qeyd edib ki, indiki dövr süni intellektin sənaye və istehsalatda geniş tətbiq olunması ilə səciyyələnir. Covid-19 pandemiyası kimi təhdidlərin təhsil sisteminə təsirindən danışan nazir müavini bildirib ki, indiki şəraitdə təhsil müəssisələri qarşısında hərtərəfli, müasir biliklərlə yanaşı, həm də ünsiyyət qurma bacarıqlarına malik, komanda mühitində işləməyi, öz işini proqnozlaşdırmağı bacaran gənc mütəxəssislərin formalaşdırılması prioritet təşkil edir. Firudin Qurbanovun sözlərinə görə təhsil müəssisələri təkcə bilik və bacarıqlara deyil, ən əsası insani keyfiyyətlərə və mənəvi dəyərlərə sadiq insan yetişdirməlidir ki, onlar Vətənə və cəmiyyətə fayda versinlər. Təhsil nazirinin müavini gənclərin milli ruhda tərbiyəsi, onlarda vətənpərvərlik hissinin aşılanmasında ali təhsil müəssisələrinin qarşısında duran mühüm vəzifələrdən danışıb. Ölkənin təhsil müəssisələrində gənclərlə müvafiq işlərin aparılmasının zəruriliyini qeyd edən Firudin Qurbanov gənclərin mədəni-intellektual tədbirlərə, idman yarışlarına cəlb olunmasının xüsusi vacibliyini vurğulayıb. Nazir müavini təhsil müəssisələrində təlim-tərbiyə işinin gedişi ilə bağlı müvafiq tövsiyələrini ARTİ-nin əməkdaşları ilə bölüşüb.
ARTİ-nin direktoru Rüfət Əzizov çıxışında hal-hazırda institut tərəfindən görülən işlər, davam edən layihələr və gələcək planlar haqqında danışıb. R.Əzizov ARTİ tərəfindən qarşıya qoyulmuş məqsədlər haqqında danışarkən planlaşdırılan məzmun islahatları, təhsildə beynəlxalq qiymətləndirmələrdə hədəflər, erkən və məktəbəqədər təhsilin inkişafı, təhsildə rəqəmsal texnologiyaların tətbiqi, ali təhsil müəssisələri ilə əməkdaşlıq ilə bağlı ətraflı məlumat verib.
Daha sonra qarşılıqlı fikir mübadiləsi şəklində davam edən görüşdə təhsil müəssisələrində elmi fəaliyyət bazasının müasir tələblərə uyğun təkmilləşdirilməsi, tədris resursları, doktorantura təhsilinin inkişafı, pedaqoji-psixoloji şuranın yaradılmasının zəruriliyi, müəllimlərin mütəmadi olaraq təlimlərdə iştirakının təmin edilməsi, bu baxımdan ARTİ və pedaqoji kadr yetişdirən təhsil müəssisələri ilə əməkdaşlığın gücləndirilməsi, təhsildə innovativ qiymətləndirmə və monitorinq mexanizmlərinin tətbiqi və bu sahədə beynəlxalq təcrübənin öyrənilməsi və digər məsələlərlə bağlı təkliflər səsləndirilib. Sonda ARTİ-nin yeni inkişaf strategiyasının hazırlanması və bunun üçün müxtəlif strukturlardan təkliflərin verilməsi ilə bağlı qərar qəbul edilib.
Görüşdə ARTİ-nin direktoru Rüfət Əzizov, direktor müavinləri Ənvər Abbasov, Nəcibə Mustafayeva, Təhsil işçilərinin peşəkar inkişafı mərkəzinin direktoru Nəzakət Mehdiyeva, Elmi-pedaqoji tədqiqatlar mərkəzinin direktoru İlham Cavadov, Tədris resursları şöbəsinin müdiri Rasim Abdurazaqov, Təhsildə innovasiyalar şöbəsinin müdiri Abutab Abbasova, Elmi-pedaqoji kadrların hazırlanması şöbəsinin müdiri Hümeyir Əhmədov, İstedadlı uşaqlarla iş şöbəsinin müdiri Tural Alışov, Layihə katibliyinin rəhbəri Nailə Ömərova, Ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar şöbəsinin müdiri Səbinə Babayeva, Milli və beynəlxalq qiymətləndirmə tədqiqatları şöbəsiniin müdiri Leyla Abbaslı, Təhsildə strateji tədqiqatlar proqramının rəhbəri Könül Abaslı iştirak edib.