Əməkdar müəllim: "Məni yaşadan doğma torpaqlarımıza qayıtmaq arzusu olub”
Min illər boyu təsdiqlənmiş təriqət və inanclara, dünyanın bir çox dərin zəka sahiblərinin kainat cisimlərini müxtəlif üsul və metodlarla öyrənən təlimlərinə, üst və alt qat elmi mənbələrə əsaslansaq, hər bir rəqəm, o cümlədən hər bir tarix bu və ya digər yanaşma bucağında insan taleyinin, bütövlükdə bəşəri proseslərin mərkəzində duran ictimai-siyasi, təbii və s. olayların xəbərvericisi, şahidi qismində çıxış edir. Başqa sözlə, rəqəmlə ifadə olunmuş tarix yaşadığımız Yer kürəsi də daxil olmaqla bütün planetlərin, onların cazibə və itələmə qüvvələrinin, təmas nöqtələrinin və münasibətlərinin Kainat formasında vahid zaman ifadəsidir. Bu gerçəkliyi anlamadan həyatda uğur və uğursuzluqların məğzinə varmaq, baş verənlərə təsir göstərmək də mümkün deyil.
Doğum günümüz də bu müstəvidə izah olunası bir tarixi özündə ehtiva edir. Anadan olduğumuz gün, saat, an gələcək həyatımızın müsbət və mənfi çalarlı kod və elementlərinin daşıyıcısıdır. 21 mart 1956-cı il tarixində 1, 9, 5, 6 rəqəmlərinin cəmi 21, o cümlədən 2+1=3 toplumunun gün, ay və il rəqəmlərində əks olunduğunu oxucuların diqqətinə çatdıraraq bu uyğunluqda bir hikmət axtarmaqla əsil məramımı açıqlamaq istəyirəm. Bəli, mənim qəhrəmanım məhz bu tarixdə anadan olub -1956-cı ilin 3-cü ayının 21-də və bu məntiqlə 3-cü minilliyin, 3-cü onluğunun ilk 3-cü ayının 21-ci günü 65 yaşı tamam olur! Olmuşlar və olacaqlar barədə sonsuzluğa varmadan tam əminliyimi bildirirəm ki, rəqəmlərin bu qədər uyğunluğunda şəksiz bir məntiq mövcuddur.
21 martda doğulanları Bahar oğlu (qızı) da adlandırırlar. Çünki məhz həmin gün xalqımızın, dünyann bir çox millətlərinin əziz bayramı Novruz qeyd olunur. Sərt qış yerini güllü-çiçəkli, barlı-bərəkətli, günəşli yaza təhvil verir, islam təqvimində il təzələnir.
Məhz ötən əsrin ortalarında ilk bahar günündə Məmmədovlar nəslində yeni bir sevinc hissi yaşandı, zəhmətkeş ailənin halal ocağında bir oğlan uşağı dünyaya gəldi. Bayram günü olduğundan adını Bayram qoydular.
Bayram Heydər oğlu Məmmədov haqqında dostlarının, onu yaxından tanıyanların yazdıqlarını və Bayram müəllimin öz qələmindən çıxanları toplasaq, hər biri ayrı-ayrılıqda irihəcmli oxunaqlı kitablar alınar.
...Ucqar dağ rayonu olan Zəngilanda sadə bir ailədə zəhmətkeşlik, insanpərvərlik, əqidə və məslək tərbiyəsi alıb. Sonra təhsildə uğurlarını, ictimai fəallığını, mübarizliyini həyat özü tənzimləyib.Və beləcə 60-cı illərdə dərs əlaçısı Bayram, 70-ci illərdə Bakıda Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun (hazırda Azərbaycan Dillər Universiteti adlanır) ingilis dili fakültəsinə qəbul olmuş Heydər kişinin oğlu, 80-ci illərdə rayonun müvafiq rəsmi qurumlarında sosial və ictimai fəallığı ilə seçilən yoldaş Məmmədov, 90-cı illərdə respublikamızda ilk ərazi özünümüdafiə taborunun-hərbi hissələrindən birinin komandiri cənab kapitan və .... kimi həmişə hörmət və rəğbət sahibi olub.
Məcburi köçkünlük dövrü doğma yurdlarından didərgin düşmüş həmvətənlərimiz kimi Bayram Məmmədov üçün də ağır oldu. Söhbət heç də əlinin qabarı ilə ucaltdığı, hər daşına, kərpicinə suvaq qarışıq bir ürəkdolusu sığal da çəkdiyi ev-eşiyindən, hər ağacına, koluna, gülünə mehr saldığı həyət-bacadan məhrum olub dar yataqxana otağında birini tapıb, birini tapmamaqdan getmir (hərçənd ki, o da insan həyatnda çox mühüm amildir). Xaotik hakimiyyət idarəetməsinin orduya da sirayəti nəticəsində torpaqlarımızın itirilməsi və ölkədə getdikcə gərginləşən vəziyyət özünü müstəqil dövlətimizin müdafiə qüdrətinin artırılmasına həsr etmiş B. Məmmədovun da ümidlərini az qala əlindən almışdı. Ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə gəlməsi bütün ziyalılarımız kimi gənc zabiti də ruhlandırdı. 1991-ci ildə yeni yaranmış Azərbaycan Silahlı Qüvvələrində tabor komandiri kimi Zəngilanın özünümüdafiə dəstələrinin yaranmasına rəhbərlik edən Bayram Məmmədov sonradan 2006-cı ilədək Müdafiə Nazirliyinin müvafiq qurumlarında bilik və savadını, döyüş təcrübəsini əsirgəmədən çalışdı.
- Qarabağımızın azad olunacağına, milli ordumuzun qüvvətlənib erməni qəsbkarlığına son qoyacağına inanırdım. - Bayram müəllimlə qələbə sevincini paylaşdığımız bir gündə el-obasının, yurd-yuvasının təəssübünü çəkən bir insan kimi böyük həvəslə danışırdı. - Məni yaşadan da, işə-gücə sövq edən də məhz bir gün doğma torpaqlarımıza qayıtmaq arzusu olub. Şükür, o gün bizə qismət oldu. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə şanlı ordumuzun qazandığı qələbə dünya hərb tarixinə yazıldı. Bununla qürur duymaq azdır, bu gün dövlətimizin daha da möhkəmlənməsi və qüdrətlənməsi, Qarabağımızın, hər bir rayonumuzun füsunkar diyara çevrilməsi naminə səylərimizi artırmalıyıq.
Bayram Məmmədov ingilis dilini dərindən bildiyindən bir çox beynəlxalq tədbirlərin iştirakçısı oldu, təcrübəsini daha da artırdı. 2000-2006-cı illərdə Silahlı Qüvvələrin keçirdiyi və təşkilatçısı olduğu beynəlxalq tədbirlərdə əsas koordinator kimi respublika hərbçilərinin layiqincə təmsil olunmasına öz töhfəsini verib. Onun uğurları komandanlıq tərəfindən layiqincə qiymətləndirilib. 2006-cı ildən ehtiyata buraxılan polkovnik-leytenant Bayram Məmmədov Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində, sonra Silahlı Qüvvələrin Hərbi Akademiyasında çalışıb. 2009-cu ildə ABŞ Müdafiə Nazirliyinin Hərbi Dil İnstitutunu bitirmiş Bayram Məmmədov bir neçə elmi məqalənin, ingilis dilində "Hərbi qısaltmalar lüğəti”nin, eyni zamanda "Azərbaycanca-ingiliscə, ingiliscə-azərbaycanca hərbi lüğət”in və "Azərbaycanca-ingiliscə, ingiliscə-azərbaycanca hərbi-siyasi lüğət”in müəllifidir. O, Azərbaycan Respublikası Hap-Ki-Do Federasiyasının vitse-prezidentidir. Oğlu Orxan Məmmədov məhz bu idman növündə dünya çempionu adını qazanaraq beynəlxalq arenalarda dəfələrlə üçrəngli bayrağımızı ucaltmış, himnimizi səsləndirmişdir.
Hərb sahəsində xidmətləri ilə yanaşı, Bayram Məmmədov rayonun zəka sahiblərindən biri kimi iti qələmi ilə də həmişə sayılıb-seçilib. Hələ tələbəlik dövründə müxtəlif qəzet və jurnallarda əməkdaşlıq edərək maraqlı məqalələr, tərcümələr çap etdirirdi. Onun jurnalistikaya olan marağı doğma rayonda məsul vəzifələrdə gərgin fəaliyyəti zamanı da sönmədi. 1993-cü ilin noyabrında erməni qəsbkarlarının işğalı zamanı əzəli dədə-baba torpaqlarından didərgin düşsə də, könlünü ordu quruculuğu işinə və bir də yurd yanğısı ilə yazılmış sətirlərə bağladı.
Köçkünlük illərində çətinliklərlə oxucularının görüşünə gələn "Zəngilanın səsi” qəzetinin az-az sayı tapılar ki, orada Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Əməkdar müəllim, polkovnik-leytenant Bayram Məmmədovun müxtəlif səpgili yazılarına rast gəlinməsin. Dövri mətbu orqanlarda Zəngilan ziyalıları haqqında ən çox yazıları dərc olunan yazarlardan biri də Bayram Məmmədovdur. Yazıdan-yazıya, məqalədən-məqaləyə püxtələşən müəllif artıq respublika səviyyəli bir neçə qəzetin daimi yazarlarından birinə çevrilib. Aktual mövzularda publisist yazılarına görə Azərbaycan Jurnalistlər Birliyinin "Həsən bəy Zərdabi” diplomuna layiq görülüb.
65 yaşı tamam olan Bayram Məmmədovun ayrı qütblü sahələrdəki uğurlarının rəhnində onun uşaqlıqdan həyat kredosu seçdiyi zəhmətsevərliyi və fəallığı durur. Məhz bunun nəticəsidir ki, Bayram müəllim insan həyatının rəngarəngliyini bir cismdə, bir bətndə reallaşdıra bilir. Bu ilham və həvəsin onu sonrakı yubiley dönəmlərində də əzmkarlığa, həyatsevərliyə və geniş diapazonlu yaradıcılığa ruhlandıracağına əminik!
Mahir CAVADLI,
Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü