Firudin Qurbanov: "Autizmli uşaqlar üçün əsas və demək olar ki, yeganə müalicə-ünsiyyət və təlimdir”
2-3 aprel tarixlərində II Beynəlxalq Autizm "ABA” Azərbaycan konfransı keçirilib.
Konfrans Səhiyyə və Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Heydər Əliyev Fondu, Heydər Əliyev Mərkəzi, "Regional İnkişaf” İctimai Birliyi (RİİB) və "Birgə və Sağlam” İctimai Birliyinin təşkilatçılığı ilə baş tutub.
BP Azərbaycan və tərəfdaşları, İctimai Səhiyyə və İslahatlar Mərkəzi və Sosial Xidmətlər Agentliyi, Təhsil Nazirliyinin tərəfdaşı olduğu onlayn konfransda dünyanın müxtəlif ölkələrindən tanınmış mütəxəssislər, müvafiq dövlət qurumları və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər.
Təhsil nazirinin müavini Firudin Qurbanov çıxış edərək konfransın vacib məsələyə həsr olunduğunu bildirib.
Heydər Əliyev Fonduna təhsilin inkişafında, uşaqların sağlamlığına verdiyi diqqət və dəstəyə görə minnətdarlığımızı bildirmək istərdik.
Etiraf edilməlidir ki, dünyadakı autizm problemi bir çox cəhətdən öz kəskinliyini göstərir. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bəşəriyyətin ciddi bir problemlə üzləşdiyini bəyan edir: - autizm də daxil olmaqla zehni və nevroloji problemləri olan insanların sayı durmadan artır.
Nazir müavini qeyd edib ki, bu gün bir çox mütəxəssislərə aydındır ki, bu problem əvvəllər göründüyündən daha miqyaslı, daha mürəkkəbdir. Bu, sadəcə hansısa zehni anomaliya deyil, əsasında müxtəlif mənşəli problemləri (immunoloji, nevroloji, biokimyəvi, endokrin və s.) olan çoxfunksiyalı bir pozulmadır.
Tədqiqatlar göstərir ki, yalnız dərmanlar vasitəsilə autizmi müalicə etmək mümkün deyil. Dərman müalicəsi bəzi problemlərin - aqressivliyin, narahatlığın, əhval dəyişikliyinin, hiperaktivliyin və s. həllində təsirli ola bilər. Autizmli uşaqlar üçün əsas və demək olar ki, yeganə müalicə-ünsiyyət və təlimdir. Yəni, əsasən reabilitasiya və cəmiyyətə inteqrasiyadır.
Bundan əlavə, autizmli uşaqların ictimailəşdirilməsində vacib bir məqam inklüziv təhsil sisteminin qurulmasıdır ki, həqiqətən "qeyri-adi” və adi uşaqların birgə təhsilini nəzərdə tutur.
F.Qurbanov vurğulayıb ki, bunlara müvafiq olaraq, ölkəmizdə təhsilin inkişafı üzrə Dövlət Strategiyasının əsas hədəflərindən biri də sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlb olunması üçün inklüziv təhsil proqramının qəbul edilməsi, müəllim heyətinin inklüziv təhsil üzrə təlimlərə cəlb olunmasıdır.
Autizmli uşaqların məktəbəqədər və məktəb yaşlarında ümumi təhsil sisteminə daxil edilməsi, onların inkişafına, xüsusən də nitq və ünsiyyət bacarıqlarının, sosiallaşma bacarıqlarının və intellektual səviyyəsinin artırılmasına əhəmiyyətli təsir göstərə bilər.
2005-ci ildə ölkəmizdə "Xüsusi qayğıya ehtiyacı olan (sağlamlıq imkanları məhdud) uşaqların təhsilinin təşkili ilə əlaqədar İnkişaf Proqramı (2005-2009-cu illər)” təsdiq edilmiş və buna əsasən Təhsil Nazirliyi inklüziv təhsilin təşkili ilə bağlı UNESCO-nun maliyyə dəstəyi ilə 3 pilot layihənin icrasına başlamışdır. Sonrakı mərhələdə layihələrin icrasına "Dünyaya baxış” təşkilatı tərəfindən maliyyə və texniki dəstək göstərilmişdir. Layihələrin icrası olaraq 28 ümumtəhsil və məktəbəqədər təhsil müəssisəsində 300-ə yaxın sağlamlıq imkanları məhdud uşaq inklüziv təhsilə cəlb olunmuşdur.
Əlilliyi olan uşaqların təhsilə cəlb olunması üçün inklüziv təhsil proqramlarının qəbul edilməsi "Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası və "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” və Fəaliyyət Planında öz əksini tapmışdır.
Bununla yanaşı, Azərbaycan Respublikası Təhsil Nazirliyi və UNİCEF arasında 2014-2015-ci illərə dair İllik Fəaliyyət Planında əlilliyi olan uşaqların ümumi təhsilə cəlb olunması məqsədilə müvafiq layihələr həyata keçirilmişdir.
Nazir müavini diqqətə çatdırıb ki, layihənin əsas məqsədi bütün təhsil pillələri üzrə sağlamlıq imkanları məhdud şəxslərin mövcud təhsilə cəlb olunmasının təmin edilməsi idi.
Layihədə Bakı şəhəri üzrə 4 məktəb (220, 138, 252 və 202 nömrəli məktəblər) uğurla iştirak etmiş, məktəblərdə ümumilikdə (1-4-cü siniflər üzrə) 84 nəfər sağlamlıq imkanları məhdud şəxs inklüziv təhsilə cəlb olunmuşdur. Eyni zamanda qeyd etmək istərdim ki, həmin şagirdlərdən bir nəfəri autizm spektr pozuntusu olan uşaqdır.
Bununla yanaşı, ölkəmizdə de-institutlaşma proqramı uğurla həyata keçirilmiş, xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün alternativ xidmətlər, qayğı və reabilitasiya mərkəzləri, inteqrasiya təlimli təhsil müəssisələri yaradılmışdır. Eyni zamanda cari tədris ilində sağlamlıq imkanları məhdud 19 minədək uşaq xüsusi təhsil müəssisələrində, inteqrasiya təlimli təhsil müəssisələrində və ümumi təhsil müəssisələrinin nəzdindəki xüsusi siniflərdə xüsusi təhsil almaqdadır.
Qeyd etmək istərdim ki, 2020-2021-ci tədris ilində ölkəmizdə fəaliyyət göstərən rayon/şəhər Psixoloji-Tibbi-Pedaqoji Komissiyalarının qərarına əsasən autizm spektr pozuntusu diaqnozu ilə ölkə üzrə 660 uşaq təhsilə cəlb olunmuşdur. Sağlamlıq imkanları məhdud şəxslərin öz yaşadıqları ərazidə təhsilə cəlb olunmasını və onların təhsil ala bilmələri üçün maneəsiz mühitin yaradılmasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 3 fevral tarixli qərarı ilə "Azərbaycan Respublikasında xüsusi qayğıya ehtiyacı olan (sağlamlıq imkanları məhdud) uşaqların təhsilinin təşkili üzrə İnkişaf Proqramı (2005-2009-cu illər)” təsdiq edilmişdir. Xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsili, inkişafı və cəmiyyətə inteqrasiyası, bundan sonra da, ölkəmizin təhsil siyasətində prioritet olaraq nəzərə alınacaqdır.
F.Qurbanov qeyd edib ki, sağlamlıq imkanları məhdud şəxslərin ümumi təhsil müəssisələrində inklüziv mühitdə təhsilinin təşkil olunması məqsədi ilə Heydər Əliyev Fondunun təşəbbüsü ilə hazırlanmış "2018-2024-cü illərdə Azərbaycan Respublikasında əlilliyi olan şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı” Azərbaycan Respublikası Prezidentinin 14 dekabr 2017-ci il tarixli Sərəncamı ilə təsdiq edilmişdir. Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi tərəfindən qəbul edilmiş "Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyanın tələblərini nəzərə alan Proqramın əsas məqsədi təhsilin bütün pillələri üzrə sağlamlıq imkanları məhdud şəxslərin təhsilini digər həmyaşıdları ilə bərabər səviyyədə təmin etməkdən və onların təhsili üçün maneəsiz mühit yaratmaqdan ibarətdir. Proqramın icrası ilə bağlı məsələlərin, hazırlanan sənəd layihələrinin, aparılan araşdırma və tədqiqatların nəticələrinin müzakirəsinin təşkili və müvafiq təkliflərin hazırlanması üçün nazirliyin müvafiq əmri ilə İşçi Qrupu yaradılmış, proqramın icrası olaraq, bir sıra tədbirlər həyata keçirilmişdir.
Belə layihələrdən biri də BP şirkətinin maliyyə dəstəyi ilə "Birgə və Sağlam” İctimai Birliyi tərəfindən icra olunan "Autizm Spektr Pozuntusu olan şəxslərə dəstək” layihəsi olmuşdur. Layihə autizm spektr pozuntusu olan uşaqların cəmiyyətə inteqrasiyası və onlara münasibətdə inklüziv düşüncə tərzinin artırılmasına xidmət etmişdir. Layihənin icrası dövründə Təhsil Nazirliyinin dəstəyi ilə autizm spektr pozuntusu olan şəxslərlə münasibətdə innovativ inkişaf metodologiyaların tətbiqi, valideynlərlə, həmçinin bu sahə üzrə fəaliyyət göstərən pedaqoji heyətlə, mütəxəssislərlə təlimlər keçirilmiş, eyni zamanda əhali arasında maarifləndirmə tədbirləri aparılmışdır.
Qeyd etmək istərdik ki, "Birgə və Sağlam” İctimai Birliyi ölkəmizdə Autizm Spektr Pozuntusu diaqnozu almış şəxslərə və onların ailələrinə əhəmiyyətli dəstək göstərir.
Təhsil nazirinin müavini F.Qurbanov xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsili və inkişafı sahəsində Heydər Əliyev Fondunun əvəzolunmaz xidmətlərini xüsusi vurğulayıb. Belə ki, Fond tərəfindən sağlamlıq imkanları məhdud, valideyn himayəsindən məhrum olan, cəmiyyətin diqqətindən kənarda qalan uşaqların təhsilinin təşkili, onların təhsil aldığı müəssisələrin infrastrukturunun müasirləşdirilməsi istiqamətində əhəmiyyətli işlər görülmüş, ölkənin bütün internat və xüsusi məktəbləri əsaslı təmir edilmiş və ya yenidən qurulmuş, ən müasir avadanlıqlarla təchiz edilmiş, əlilliyi olan şəxslər üçün əlverişli təhsil mühiti yaradılmışdır.
Ölkəmizin Birinci vitse-prezidenti hörmətli Mehriban xanım Əliyevanın təşəbbüsü və dəstəyi ilə Heydər Əliyev Fondu ilə "Birgə və Sağlam” İctimai Birliyi tərəfindən yeni Autizm Mərkəzi yaradılmışdır.
Beləliklə, problemin həlli yolu ilə irəliləməni yalnız vahid kompleks tədbirlər vasitəsilə müxtəlif dövlət strukturlarının - Səhiyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Təhsil Nazirliyi və digər dövlət strukturlarının, eyni zamanda ictimai təşkilatların iştirakı ilə mümkün olar. Dünya təcrübəsi göstərir ki, yalnız birgə sistemli fəaliyyət nəticəsində autizm xəstələrinin əlilliyini əhəmiyyətli dərəcədə azaltmaq olar. Və autizmli insanlar cəmiyyətə fayda gətirərək hamı kimi yaşamaq imkanını əldə edəcəklər.
Səhiyyə nazirinin müavini Rahim Əliyev çıxış edərək bildirib ki, bütün dünyada, o cümlədən ölkəmizdə martın 29-dan aprelin 4-nə kimi Ümumdünya Autizm Maarifləndirmə Həftəsi qeyd edilir və bütövlükdə aprel ayı autizm haqqında maarifləndirməyə həsr olunur. Rahim Əliyev bu maarifləndirilmə tədbirlərinin əsas məqsədinin əhalini, xüsusən gənc ailələri autizm haqqında daha ətraflı məlumatlandırmaq olduğunu vurğulayıb.
Konfransda dinlənilən çıxışlarda qeyd olunub ki, autizm spektr pozuntularına ildən-ilə daha çox rast gəlinməsi bu sahədə daha geniş maariflənməni və cəmiyyətin bütün təbəqələrinin bu işdə fəallığını zəruri edir.
İkigünlük konfransda dünyanın müxtəlif ölkələrindən tanınmış mütəxəssis və ekspertlərin autizm spektr pozuntuları olan şəxslərdə müxtəlif bacarıqların inkişafını təmin edən "ABA” (Tətbiqi Davranış Analizi) terapiya üsulu ilə bağlı məruzələri dinlənilib və iştirakçıların sualları cavablandırılıb.