Türkiyə -Azərbaycan arasında əlaqələrin böyük tarixi var. Ortaq kök, dil, din birliyi, oxşar mədəniyyət, adət və ənənələr bu əlaqələri şərtləndirən amillər sırasında yer alır.
Türkiyə və Azərbaycan öz tarixlərinin ən mürəkkəb dövrlərində bir-birinə dəstək olduqlarını nümayiş etdirmişlər. 1918-ci ildə Nuru Paşanın komandanlığı ilə Türk Qafqaz İslam Ordusunun uzun mübarizələr və müharibələr nəticəsində Bakını xilas etməsi Azərbaycan üçün önəmli dönüş nöqtəsi idi. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dediyi kimi: "Türk ordusunun Azərbaycana, Bakıya gəlməsi, Azərbaycanı daşnakların təcavüzündən xilas etməsi hər bir azərbaycanlının qəlbində yaşayır”.
Türkiyə nəinki Azərbaycanın, eyni zamanda bütün Qafqazın taleyində önəmli rol oynayan üç əsas region dövlətindən biridir. Hələ qədim zamanlardan bu ölkə özünün Qafqaz siyasətinə çox ciddi önəm vermiş və bölgədə cərəyan edən hadisələrə fəal müdaxiləsi ilə seçilmişdir. Xalqı həmin ağır dövrdə türk xalqının ona göstərdiyi köməyi unutmayacaqdır. Türkiyə-Azərbaycan münasibətlərinin inkşafında hər iki tərəf maraqlıdır. Türkiyə Azərbaycan üçün beynəlxalq aləmdə müttəfiq və dayaqdırsa, Azərbaycanın da güclü dövlət olması Türkiyənin dünya siyasətində gücünün və rolunun artırması deməkdir.
Mustafa Kamal Atatürkün- "Azərbaycanın sevinci bizim sevincimiz, kədəri isə bizim kədərimizdir” və Heydər Əliyevin "Biz bir millət, iki dövlətik” fikirləri həm Türkiyədə, həm də Azərbaycanda iki ölkə arasındakı münasibətlərin tarixini, bu gününü və perspektivlərini özündə dəqiq ifadə edən ən mükəmməl formul kimi qəbul edilməkdədir.
Azərbaycanın hər iki müstəqillik tarixində- həm 1918,həm də1991 -ci ildə müstəqilliyi rəsmi olaraq tanıyan ilk dövlət məhz Türkiyə oldu.Müasir Azərbaycan tarixində, 1992-ci il yanvar ayının 14-də Azərbaycan-Türkiyə diplomatik əlaqələri yaradıldı. Həmin vaxtdan Türkiyənin Azərbaycanda, 1992-ci ilin avqustundan isə Azərbaycanın Türkiyədə diplomatik missiyası fəaliyyətə başlamışdır.
Azərbaycanın beynəlxalq aləmlə inteqrasiyasında, regional təhlükəsizliyin qorunmasında və ümumiyyətlə, ölkəmizin siyasi-iqtisadi və elmi-mədəni maraqlarının reallaşmasında Türkiyə ilə hərtərəfli əməkdaşlığın genişlənməsinə xüsusi əhəmiyyət verən Heydər Əliyev 1993-cü ildə yenidən hakimiyyətə qayıtdıqdan sonra bu istiqamətdə işlər apardı. Bu gün Türkiyə Azərbaycanın ən etibarlı siyasi müttəfiqi, bərabər hüquqlu iqtisadi tərəf-müqabilidir. İki qardaş dövlətin başçılarının qarşılıqlı rəsmi səfərləri zamanı hərtərəfli əməkdaşlığımızı əhatə edən bir sıra mühüm sənədlər imzalanmışdır. Türkiyə-Azərbaycan münasibətləri iki qardaş xalqın mənafelərinə xidmət etməklə yanaşı, dünyada və bölgədə sülhün və əmin-amanlığın bərqərar olması işinə də öz töhfəsini verir.
Türkiyə çox yaxın keçmişdə-həm I Qarabağ müharibəsi,həm də Vətən müharibəsində dövlətimizə ilk olaraq dəstək verən ölkələrdən biri olmuşdur. Tariximizin belə çətin anlarında Türkiyə prezidentinin , ayrı-ayrı tanınmış siyasi xadimlərin, görkəmli elm və ədəbiyyat adamlarının da dəstəyi Azərbaycan üçün az əhəmiyyəti olmadı.Məsələn, 1992-ci ildə Xocalı faciəsini dünyaya çatdırılması, 1993-cü ildə Kəlbəcərin işğalından sonra sərhədlərin bağlanması, 2000ci ildə Azərbaycana İrandan təzyiq olduğu zaman Bakıya dəstək üçün hərbi təyyarələrin göndərilməsi vəs.buna misaldır.
Tarixdə Ümumimilli lider Heydər Əliyev və Süleyman Dəmirəl dostluğunu ənənəvi olaraq Prezidentimiz İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan cənabları davam etdirməkdədir.44 günlük Vətən müharibəsində -şanlı zəfərə gedən yolda Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan ilk saatlardan Azərbaycanın haqq işinə öz dəstəyini verdi. Onun açıq, birmənalı və sərt açıqlamaları Azərbaycan xalqını çox sevindirdi. Türkiyənin Azərbaycana verdiyi siyasi və mənəvi dəstək hər bir Azərbaycan vətəndaşını qürurlandırır, sevindirir.
Türkiyənin mənəvi dəstəyi ilə Azərbaycan Ermənistanı məğlub etdi, işğala son qoydu. 44 günün hər günü şanlı tarixdir. Hər gün Azərbaycan Ordusu irəli getdi, hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edildi. Azərbaycan əsgəri, Azərbaycan zabiti bir amalla vuruşurdu - bu işğala son qoyulsun, bu haqsızlığa son qoyulsun, tarixi ədalət zəfər çalsın.Bütün bu vətənpərvərlik hisslərinin sonunda, bütün bu səylərin nəticəsində "Qarabağ Azərbaycandır !"şüarı təsdiqləndi. Qazanılan zəfərimiz bütün dünyaya səs saldı. Müharibə dövründə xalq öz dəmir yumruğunu, birliyini və gücünü nümayiş etdirə bildi. Vətən Müharibəsində Türk qardaşlarımızın dəstəyi, sonda "Zəfər” bayramı ilə nəticələndi!
Azərbaycan ordusu və xalqı çoxdan idi ki, bu paradı gözləyirdi. Azərbaycan ordusu ilə yanaşı qardaş ölkə Türkiyənin silahlı qüvvələri də paradda iştirak etdi. Qardaşlıq missiyasını layiqincə yerinə yetirən Türkiyə şanlı Zəfər Paradında da bizimlə birgə oldu. Cənab Rəcəb Tayyip Ərdoğanın səfəri Azərbaycanda hər kəsi sevindirdi, qürurlandırdı. Türkiyə Prezidenti, Müdafiə və Xarici işlər nazirləri və digər rəsmilərin paradda dəvətli qismində iştirakı xüsusi vurğulanmalıdır. Həmçinin, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyevlə bərabər türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın çıxışı iki qardaş ölkənin daima bir-birinə güclü dəstəyini dünyaya nümayiş etdirmiş oldu.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın bütün dünyaya nümayiş etdirdikləri Birlik və Həmrəylik "tək millət - iki dövlət" haqqındakı qardaşlıq və həmrəylik təliminin gerçək təntənəsidir. Azərbaycan Respublikası ilə Türkiyə Cümhuriyyəti arasındakı bütün sahələri əhatə edən qarşılıqlı əməkdaşlıq, strateji tərəfdaşlıq, müharibə dövründəki böyük siyasi və mənəvi dəstək istənilən istiqamətdə, o cümlədən, hərb meydanlarında böyük qələbənin əsas dayağı və hərəkətverici qüvvəsidir. Müharibə dövründə böyük sınaqlardan keçərək daha da möhkəmlənən və hər iki ölkə üçün çox əhəmiyyətli olan bu qardaşlıq və həmrəylik xalqımızı xain və qəsbkar Ermənistan üzərindəki qələbəyə aparan yolların da ən mühüm faktorlarından biridir. Eyni zamanda, əsl qardaşlıq nümunəsi olan sarsılmaz Türkiyə-Azərbaycan birliyi dost və tərəfdaş ölkələr üçün də çağırışdır.
Zaqatala rayon Üçüncü Tala kənd tam orta məktəbinin tarix müəllimi Şabanova Xalidə Müsənnif qızı