AzTehsil.com


Xəbərlər
29 mart 2017
5 695


"Ali məktəbələrə keçid balı ən azı 350 olmalıdır"



"Ali məktəbələrə keçid balı ən azı 350 olmalıdır"

 

Almaz Həsrət: "Ali təhsili yalnız öz fəaliyyətini elmə yönəldən insanlar almalıdır”
 
"200 balla universitet oxumaqdansa, peşə təhsili almalı və hansısa bir sənətə mükəmməl yiyələnmələri daha doğru olar”
 
Bu il Azərbaycanda ali məktəblərə I-IV ixtisas qrupları üzrə qəbul zamanı müsabiqə şərtləri açıqlanıb. Dövlət İmtahan Mərkəzinin (DİM) Mətbuatla iş və elektron kommunikasiya sektorunun müdiri Xanlar Xanlarzadənin məlumatına görə, I ixtisas qrupu üzrə müsabiqəyə ümumi balı 200-dən, hər hansı bir ixtisas fənni istisna olmaqla qalan 4 imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan (dövlət sifarişi əsasında ayrılan yerlər üzrə ümumi balı 250-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan) abituriyentlər buraxılırlar.
 
II və III ixtisas qruplarında isə ümumi balı 200-dən, hər hansı bir ixtisas fənni istisna olmaqla qalan 4 imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan (dövlət sifarişi əsasında ayrılan yerlər üzrə ümumi balı 300-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan) abituriyentlər müsabiqəyə buraxılacaqlar.
 
IV ixtisas qrupunda ümumi balı 250-dən, hər hansı bir imtahan fənni istisna olmaqla qalan 4 imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan (dövlət sifarişi əsasında ayrılan yerlər üzrə ümumi balı 250-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan) abituriyentlər buraxılırlar.
 
DİM rəsmisi əlavə edib ki, bəzi ixtisaslar üzrə müsabiqə şərtlərində müəyyən dəyişikliklər var: "Belə ki, I qrupun "Riyaziyyat”, "Fizika”, "Nəqliyyat tikintisi mühəndisliyi, "İnşaat mühəndisliyi”, "İnformasiya texnologiyaları mühəndisliyi”, "Geologiya, elektronika, telekommunikasiya və radiotexnika mühəndisliyi” üzrə ixtisaslarına ümumi balı 250-dən, hər hansı bir imtahan fənni istisna olmaqla qalan 4 imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-da az olmayan (dövlət sifarişi əsasında ayrılan yerlərə ümumi balı 300-dən və hər bir imtahan fənni üzrə topladığı nisbi balı 10-dan az olmayan), "Kompyuter elmləri” ixtisası üzrə ümumi balı 300-dən, hər hansı bir imtahan fənni istisna olmaqla qalan 4 imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan (dövlət sifarişi əsasında ayrılan yerlər üzrə ümumi balı 350-dən və hər bir imtahan fənni üzrə topladığı nisbi balı 10-dan az olmayan) abituriyentlər müsabiqədə iştirak edə biləcəklər”.
 

"Ali məktəbələrə keçid balı ən azı 350 olmalıdır"

 

Bəzi ekspertlər isə müəyyən olunan keçid balının həddindən artıq aşağı olduğunu iddia edərək gələcəkdə doğuracağı fəsadlardan söz açıblar.
 
Elə Respublikanın Əməkdar müəllimi, təhsil eksperti Almaz Həsrət də bizimlə söhbətində ixtisas qruplarının ümumi müsabiqəsində ümumi balın 200 müəyyənləşdirilməsini yetərli saymadığını deyib. Səbəblərini isə bu cür açıqlayıb: 
 
"Ona görə ki, ali təhsil almaq istəyənin 200 balla ali məktəblərə qəbulunun bir əhəmiyyəti olmadığını düşünürəm. Ali məktəb təhsilli olmaq vacib deyil. Əsasən təhsilini davam etdirmək istəyənlər, biliyi yetərli olanlar və imtahandan yüksək bal toplayanlar ali məktəblərdə oxumalıdırlar. 200 balla universitetə qəbul olan uşaq ali təhsilli hesab oluna bilər, amma peşəkar kadr kimi özünü doğrultması real görünmür. Mənə elə gəlir ki, keçid balı ən azı 350 olmalıdır. Bəlkə də bu yanaşmam çoxlarının xoşuna gəlməyəcək, amma şəxsi qənaətim bu cürdür. Ali təhsili yalnız öz fəaliyyətini elmə yönəldən insanlar almalıdır.
 
Şagirdlərimizi məcbur olaraq ali məktəblərdə oxumasına yönləndirməməliyik, onlara daha səmərəli, daha xeyirli olanı, ömür boyu öyrənməsinə və biliklərinin artmasına köməklik göstərə biləcək peşə məktəblərinə də istiqamətləndirmək lazımdır. Bu, cəmiyyətimizin müsbət inkişafına təkan ola biləcək. 200 balla ali məktəbə daxil olanların əksəriyyəti məktəblərindəki dərsə həvəsini eynilə təkrarlayır. Oxumur, təhsilə marağı çox az olur. Bu da sonda həmin tələbələrin nəinki özlərinə olan diqqət və hörmətinə, hətta ətrafında olan yaxınlarına da təsirsiz ötüşmür. Sonda müəyyən fəsadlara da səbəb olur. Ən əsası isə odur ki, 4 illərini boşuna sərf etmiş olurlar. 200 balla universitet oxumaqdansa, peşə təhsili almalı və hansısa bir sənətə mükəmməl yiyələnmələri daha doğru olar. Peşə təhsili mükəmməl olan insanların həyati bacarığı, peşə biliyi, inandırım ki, bir çox ali təhsilli diplomu olanlardan qat-qat çoxdur”.
 
 

 

Ali məktəbə daxil olmaq üçün keçid ballarının 200 bal müəyyən edilməsi ilə qəti şəkildə razılaşmayan A.Həsrətin sözlərinə görə, bu hal ancaq ali təhsilli işsizlər ordusunun sayının artmasına təsir edəcək. Başqa heç bir effekti olmayacaq.
 
Azərbaycan təhsilində qiymətləndirmə sisteminin yeni bir modelinin yaradılmasına ehtiyac olduğunu deyən Almaz xanım bu modelin yaradılmasında zərurət təşkil edən meyarları isə xüsusi qeyd eləmək lazım olduğunu qeyd edib: "Bizdə daha çox nəzəri biliklərin qiymətləndirilməsinə üstünlük verilir. Belə olan təqdirdə isə şagirdlərin praktiki bacarıqlarının hansı səviyyədə olduğunu təyin edə bilmirik. Qiymətləndirmə zamanı abituriyentlərin digərlərində olmayan fərqli göstəriciləri nəzərə alınmalıdır”.
 
sherg.az



Загрузка...